AZ

“Bakı Piano Festivalı 2025” çərçivəsində “Shahin Novrasli Trio”sunun konserti keçirilib

“IV Baku Piano Festivalı” tamaşaçıları Braziliyadan olan musiqiçinin iştirakı ilə “Shahin Novrasli Trio”sunun caz konserti ilə sevindirdi. Tədbir “Rotunda Roof Garden”də böyük uğurla keçdi.

“İki sahil” xəbər verir ki, konsertdə Şahin Növrəsli (fortepiano), Pərviz Məmmədov (bas gitara), İsak Camba (zərb alətləri) çıxış ediblər.

Şahin Növrəsli tanınmış azərbaycanlı caz pianoçusu və bəstəkarı, Azərbaycanın Əməkdar artisti, “Baku Piano Festivalı”nın təsisçisi və direktorudur. Caz ənənələrindən, Avropa klassik musiqisindən, polifoniya elementlərindən, blüzdən və folklor musiqisindən qaynaqlanan parlaq improvizasiyaları ilə tanınan pianoçu öz yaradıcılığında Qərb və Şərq ənənələrini ustalıqla birləşdirir. Festival çərçivəsində Şahin Növrəslinin triosunun çıxışı ADA Universitetində də olub.

Nağara ifaçısı İsak Camba artıq ikinci dəfədir Azərbaycana, “Baku Piano Festivalı”na gəlir. Tanınmış braziliyalı musiqiçi, Braziliya milli mədəniyyətinin əsas təzahürlərindən biri hesab olunan samba-caz - Latın Amerikası istiqamətinin parlaq nümayəndəsidir.

“IV Baku Piano Festivalı” iyunun 28-dək davam edəcək. Paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Baku Piano Festivalı 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru “We Are the Future” gənc istedadlıların konsertidir.

Seçilən
14
1
ikisahil.az

2Mənbələr