AZ

Avropaya qaz tədarükümüz 50 milyard kubmetrə çatdı

Zəngin resurslara malik olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artır. Bir qədər bundan əvvəl baş tutan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə vurğulandığı kimi, respublikamızın fəal iştirakı ilə son illərdə “qoca qitə”nin yeni enerji xəritəsi formalaşıb. Azərbaycanın müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi, ədalətli enerji siyasətinə sadiq qalması, istehsal həcmlərini davamlı olaraq artırması və şaxələndirlmiş nəql marşrutlarına malik olması avropalı istehlakçılarda ölkəmizə böyük inam yaradıb. Prezident İlham Əliyevin  30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında vurğuladığı kimi, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır.

Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur

Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirlir ki, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) qaz kəməri vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib. Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin son komponenti olan Transadriatik qaz kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. 878 km uzunluğunda olan qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.

Respublikamız  2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Aİ ilə əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə minimum 16 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.

“Mavi yanacaq” ölkəsi

Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin üç mərhələsini fərqləndirib. Birinci mərhələ sırf neft hasilatı və ixracı ilə bağlıdır. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında  “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib.

“Mavi yanacaq” istehsalı və ixracı Azərbaycanın uğurlu enerji siyasətinin ikinci mərhələsini təşkil edir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də “mavi yanacaq” ölkəsi kimi təsdiqləməyə başlayıb.

Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” də cəmləşməyib. 2023-cü ilin iyul ayında Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Məlum olduğu kimi, bəzi məkrli, azərbaycanafob dairələr hansı yollarlasa Azərbaycanın enerji siyasətinə pəl vurmaq, ölkəmizə beynəlxalq inamı azaltmaq məqsədi ilə respublikamızın ehtiyatlarının azaldığı barədə dezinformasiyalar yayırdılar. Növbəti zəngin qaz yatağında - “Abşeron”da hasilata start verilməsi ilə  belə iddialar tar-mar oldu.

“Abşeron” yatağının ehtiyatları 300 milyard kubmetr həcmində dəyərləndirilir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və

TotalEnergies hər biri 50 faiz paya malikdir.

Xəzərin Azərbaycan sektorundakı digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku, “Şəfəq-Asiman” və başqa qaz yataqlarının işlənilməsi üzərində işlər davam etdirilir.

Azərbaycanın böyük üstünlüyü - müasir nəql infrastrukturu

Dünyada enerji resurslarına malik olan ölkələrin sayı çoxdur. Ancaq onların bir çoxu Avropa ilə enerji dialoqu qurmaq istəsələr də, buna nail ola bilməyiblər. Açıq deyək ki, satış bazarlarına çıxmaq və burada özünü təsdiqləmək elə də asan məsələ deyil. Bəs Azərbaycan buna necə nail olub və ölkəmizin üstünlüyü nədədir?

Son vaxtlarda bu qəbildən olan suallar müxtəlif dairələrdə tez-tez səslənir. Açıq deyək ki, ölkəmizə qibtə edənlər, hətta Azərbaycanın Aİ ilə enerji dialoquna hansısa bir formada xələl gətirməyə çalışan qüvvələr də var. Ancaq azərbaycanafob dairələrin bu kimi canfəşanlıqları əbəsdir. Respublikamızın mövqeyini gücləndirən bir sıra fundamental amillər var.  O cümlədən müasir nəql marşrutuna malik olması Azərbaycanın çox mühüm üstünlüyüdür. Yenə də müqayisələr aparsaq, görərik ki, bir sıra təchizatçı ölkələr nəql infrastrukturuna malik olmadıqlarına görə satış bazarlarına çıxmaqda problemlərlə üzləşirlər.  Prezident İlham Əliyevin strateji baxışları bu məsələdə də, necə deyərlər, zamanı qabaqlayıb. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də ondadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən Avropanının mərkəzi hissəsinədək uzanan müasir nəql marşrutunun - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi 3 boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Hazırda respublikamız Avropadakı istehlakçılara qaz ixracını bu kəmər vasitəsilə həyata keçirir. Eləcə də Avropada Cənub Qaz Dəhlizinin yeni qolları yaradılır.

MÜBARİZ

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr