AZ

Ədalət göydə Tanrıda, Yerdə isə Bakıdadır!

Səhər qarmaşıq xəbərlərlə açıldı. Trampın Prezidenti olduğu ABŞ-ın strateji bombardmançıları İranın nüvə obyektlərinə ağır, çox ağır zərbələr endirdi. Fordo – bir zamanlar “toxunulmaz” sayılan, yerin dərin qatlarında gizlədilmiş nüvə kompleksi – indi sadəcə bir qara ləkə, bir xarabalıqdır... Bəziləri “radiasiya sızması yoxdur”, “əsas komponent”ləri başqa yerə daşımışdıq-filan desə də, bu sözlər Yaxın Doğunun istiliyini, doğal qorxu havasını soyuda biləcəkmi? - bilmirəm.

İndi bizim Güneyin, bütövlükdə bölgəmizin taleyi sorğulanır. İsrail-İran önpərdəli ABŞ-İran qarşıdurmasının “fırlanan oxu” soydaşlarımızın yaşadığı ərazilərdən də keçir. Fordo, Natanz, İsfahan və b. yerlərdə potensial sızmalar olsa, ilk zərbəni Vaşinqton və ya Təl-Əviv yox, Təbriz, Ərdəbil, Zəncan, Həmədan, Maku və Qəzvin - bizim doğma şəhərlər hiss edəcək.

Amerikanın köhnə oyununun, İranın köhnə günahının da çanağı gəlib bizim soydaşların başında çatlamamalı!

İran 1979-dan bu yana fars-molla rejiminin, ondan öncəki onilliklər boyu Pəhləvi Şah rejiminin əliylə türklər öndə olmaqla, çoxmillətli əhalisinə zülm etdi. Amma bu zalımlıqdan daha betəri var: qorumaq yerinə öz xalqını geosiyasi sınaqların ortasına atmaq! “Nüvə proqramı milli qürur məsələsidir” deyən rejim, əslində, (Xuzistan, Bəluçistan – bütün qeyri-fars bölgələr özü bilər) Azərbaycanın Güneyini girov saxlayır. Rejim dalandadır və öz qoruyucularını belə qoruya bilmir. Fordo, Natanz, İsfahanı güdaza verən rejim, qırmızı çizgini gəlib bizim Zəngəzurda axtarırdı - buyur, indi o “kiçik qardaş”ın, devrim liderinizin uçağının 46 il öncə üzü Tehrana havalandığı ölkənin (Fransanın) “kiçik bacı”sı gəlsin yanında dursun. Hətta qondarma, qondarmadan ötə gorbagor “Artsax Respublikası” adlı tör-töküntülər də dursun yanında. - Onlar məscidlərə donuz dolduranda sən onların yanında necə dururdun ha - bax, elənçiy…

Yəni məsələ artıq yalnız geopolitik yox, bioetik və milli təhlükəsizlik məsələsidir - desək, qüsur olmasın gərək. Əgər sənin başçın səni qoruya bilmir, nə də azad yaşamağa imkan vermirsə – o rejimin nə leqal, nə də legitim tərəfi qalmır - elə deyilmi, əziz Güney?..

İndi, deyəlim, Natanz Naqasaki, Fordo Hiroşima deyil bəlkə – amma fərqi nə?!.
Bəli, 1945-ci il yox, 2025-ci təqvim ilindəyik; bəli, Tehran Tokio deyil. Vaşinqton həməncə Vaşinqtondur ki var amma… Amma əsas məsələ texnologiyanın yox, fəlakətin nəticəsindədir. O zaman Yaponiyanın şəhərləri buxar oldu, indi isə İranın içində qara bir zəhər topası boy atır. Həm də milyonlarla insanın yaşadığı ərazilərin altında, üstündə, yaxınlığında…

Yaxşı, əgər belədirsə, bizim soydaşlarımız bu “güclü dövlət”in – İran İslam Cümhuriyyəti adlı dövlətsizliyin maskasını daha nə qədər daşımalıdır? Soydaşlarımız Tehranla Təl-Əvivin, Vaşinqtonun (Batının!) oyunları arasında “qurbanlıq” olmağa daha nə qədər dözməlidir?

Nicat haradadır? sualı bəlkə də ritorikdir. Deyirəm, Qarabağdan, Zəngəzurun hələlik Gündoğarından əsən və hər əsdiyindən üçrəngli qutsal bayrağımızı salamlamadan ötməyən rüzgara qulaq, daha doğrusu, könül verməli…

1918-ci ildə qurulmuş, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövləti son illərdə tarix qarşısında möhtəşəm cavablarını verdi:

– 1993: Sabitlik və təhlükəsizlik;
– 2020: Zəfər və şərəf;
– 2023: Ərazi bütövlüyü və suverenlik!

Bu dövlət – təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının ümidi, Azərbaycanın Güneyininsə gələcək modelidir. Bəli, 86.6 min km²-lik coğrafiyada iqtisadi gücün, mədəni zənginliyin, siyasi iradənin sınaqdan çıxmış sivil, dünyəvi örnəyi qurulub.

Azərbaycan Respublikası sadəcə bir dövlət deyil – o, ümumtürk oyanışının, bütövləşmə arzularının, millət ruhunun gerçək, ürətici canlı laboratoriyasını barındırır.

Ədalət Vaşinqtonun kabinetlərində deyil. Tehranın mollaxanalarında heç deyil. Ədalət göydə Tanrıda, Yerdə isə Bakıdadır!

Bakının dünyəvi düzəni, iqtisadi, hərbi gücü, siyasi-diplomatik qətiyyəti və mədəni-ruhani dirçəlişi – onu bu coğrafiyanın yeni “qibləgahı”na çevirib.

Bütün bunları görməzlikdən gəlmək – tarixi, gələcəyi, ədaləti gpzardı etmək olardı. Güneyli soydaşlarımız fars-molla rejiminin səbatsızlıqları altında qaralan şəhərlərdə qeyri-müəyyənliklər içində qalmağa yox, təhlükəsiz yaşamağa, qurub-yaratmağa, mədəni dünya ilə bir olmağa layiqdir!

Əgər doğrudan da, biz bir millətiksə, yolumuz da bir olmalıdır. Əgər yolumuz birdirsə, o yol bir bayraq altında birləşməyə aparmalıdır. Əgər biz bu bayrağı tanıyırıqsa – o, üçrəngli qutsal Azərbaycan bayrağından başqası deyil! Yanında da Türk Dövlətlər Təşkilatının bayrağı!

Məsələ nə dəli Tramplıq, nə “ağıllı” Ayətullahlıqdır; tarixin çağırışı qarşısında hansı tərəfdə dayanmaqdır məsələ.

Azərbaycan Respublikası – təkcə bir dövləti ifadə etmir. O, bir idealdır, bir sabahdır, bir nicat yoludur. Bu yol qaranlıqların, bombardmanların, diktaturaların yox, mədəni dünya ilə həmahəngliyin, birliyin, qurtuluşun və insan ləyaqətinin yoludur!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Əkbər QOŞALI



Seçilən
15
herbiand.az

1Mənbələr