Eldəniz Cəfərov: “Əsas odur ki, rentabelli olsun və mövcud vəziyyətdə sərnişindaşıma prosesini həyata keçirə bilsin”
2025–2030-cu illəri əhatə edən dövlət proqramında Bakıda tramvay nəqliyyatının bərpası nəzərdə tutulur. Lakin mütəxəssislər və sakinlər bu ideyanın reallaşmasını hazırkı infrastruktur və yol sıxlığı səbəbindən çətin hesab edirlər.
Bununla belə, bildirilir ki, tramvay sisteminin yenidən qurulması şəhərdə ekoloji nəqliyyatın təşviqi və yol hərəkətindəki yüklənmənin azaldılması baxımından mühüm üstünlüklər vəd edir.
Xatırladaq ki, 1924-cü il fevralın 8-də Bakıda ilk dəfə tramvay xətti istifadəyə verilib. Paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş və şəhər sakinlərinin böyük marağına səbəb olmuş ilk tramvaylar "Azneft" meydanı ilə Bakı dəmir yolu vağzalı arasında hərəkət edib. Tədricən isə tramvayların əhatə dairəsi xeyli genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib.
Bakıda tramvay sisteminin bərpası nə dərəcədə realdır? Bu hansı əraziləri əhatə edə bilər?
“Tramvay xətlərinin çəkilməsi zamanı yol infrastrukturunda hər hansı bir dəyişikliyə ehtiyac yaranarsa, bu həyata keçəcək”
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, tramvay xətlərinin çəkilməsi zamanı yol infrastrukturunda hər hansı bir dəyişikliyə ehtiyac yaranarsa, bu həyata keçəcək: “Bakı şəhəri və ətrafındakı yollar xətlərin çəkilməsi üçün əlverişlidir. İlkin məlumata görə, təxminən Sea Breeze, Mehdiabad, Binəqədi Azadlıq prospektindən keçməklə "28 May" ərazisinə qədər 2 tramvay xəttinin olması planlaşdırılır. Bayıl ərazisindən Zığa qədər də sözügedən xətlər çəkilə bilər. Həmin istiqamətdən “8 Noyabr” prospekti, daha sonra Yusif Səfərov küçəsi və Heydər Əliyev prospekti ilə Binə qəsəbəsinə qədər növbəti tramvay xəttinin çəkilməsi mümkündür. Bu istiqamətdə reallaşa biləcək imkanlar olduqca genişdir. Əsas odur ki, rentabelli olsun və mövcud vəziyyətdə sərnişindaşıma prosesini həyata keçirə bilsin”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tramvayın digər nəqliyyat vasitələrindən üstün cəhətlərindən biri ondan ibarətdir ki, o, rels üzərindədir və maneəsi yoxdur. Bir nöqtədən digər nöqtəyə rahat hərəkət etmək olur, həmçinin daha çox sərnişin daşıya bilir. Tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi sayılır, atmosferə zərərli qazlar buraxmır, elektrik enerjisi ilə çalışır.
Günel CƏLİLOVA