İsrailin İrana hücumları ilə başlayan müharibə günlərdir ki, fasiləsiz davam edir. Başda Tehran olmaqla bir çox kritik nöqtələri hədəfə alan İsrail indi də üzünü Hörmüz boğazına çevirib.
İsrail, ABŞ-ın hücum ehtimalına qarşı Hörmüz boğazında müdafiə tədbirlərini artıran İrana qarşı Bəndər Abbas şəhərinə silsilə hücumlar həyata keçirməyə başlayıb. İsrail ordusundan verilən açıqlamada, hava hücumları zamanı ölkənin cənubundakı Bəndər Abbas liman şəhərindəki pilotsuz uçuş aparatlarının (PUA) anbarlarının hədəf alındığı iddia edilib. Bildirilib ki, PUA anbarları ilə yanaşı, silah anbarlarına da zərbələr endirilib.
İsrailin Bəndər Abbas hərbi dəniz bazasına hücumuna İranın hava hücumundan müdafiə sistemlərinin cavab verdiyi açıqlanıb.
İsrail mənbələri İsrail Hərbi Hava Qüvvələrinin Bəndər Abbas şəhərində hava məkanına nəzarət etdiyini açıqlayıb.
İsrail mediası isə Hörmüz boğazının bağlanmasının qarşısını almaq üçün İran Hərbi Dəniz Qüvvələrini məhv etməyə cəhd edildiyini iddia edib.
TAHİR