AZ

Hörmüz boğazının bağlanması: Neft şoku və müharibəyə yeni mərhələ

Yaxın Şərqdə vəziyyət dramatik şəkildə dəyişib: İran rejimi ABŞ və İsrailin hərbi təzyiqlərinə cavab olaraq Hörmüz boğazını rəsmi şəkildə bağladığını bəyan edib. ABŞ isə regionda müttəfiqlərinə dəstək məqsədilə müharibəyə aktiv şəkildə qoşulub. Bu gedişlər təkcə regional deyil, qlobal iqtisadi və siyasi düzəni sarsıdacaq gücdədir.

Gündəlik 20 milyon bareldən artıq neftin daşındığı Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin strateji qovşaqlarından biridir. Bu həcmin dayanması dünya üzrə dəniz yolu ilə daşınan neftin 30%-ə qədər azalması deməkdir. Belə bir ssenaridə enerji qiymətlərinin rekord həddə qalxması və qlobal inflyasiyanın kəskin artması qaçılmaz görünür. Bu, xüsusilə Asiya və Avropa ölkələrinin iqtisadiyyatlarında zəncirvari təsirlər yaradacaq.

Bunun fonunda Azərbaycanın regional mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Hörmüz boğazından asılı olmayan enerji ixracatçısı kimi bu böhrandan müəyyən iqtisadi divident əldə edə bilər. Neftin qiymətinin artması büdcə gəlirlərini artırmaqla yanaşı, Azərbaycanın enerji layihələrinə olan marağı da artıracaq. Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənub Qaz Dəhlizi və digər alternativ marşrutlar Qərb üçün daha önəmli və etibarlı seçimə çevriləcək. Bu baxımdan, Azərbaycan-Türkiyə üzərindən keçən nəqliyyat və enerji layihələrinin geosiyasi çəkisi nəzərəçarpacaq dərəcədə yüksələcək.

Digər tərəfdən, Azərbaycan kimi bir çox qeyri-neft məhsullarını idxal edən ölkələr üçün risklər də qaçılmazdır. İran və regiondan keçən ticarət marşrutlarının bağlanması müxtəlif sənaye xammallarının, ərzaq və istehlak mallarının çatdırılmasında problemlərə yol aça bilər. Bu isə daxili bazarda qiymət artımı və sosial narazılıq riski yarada bilər. Belə bir şəraitdə Azərbaycanın daxili bazarını qorumaq üçün idxal diversifikasiyası və ərzaq təhlükəsizliyi kimi məsələlər daha aktual olacaq.

İranın belə bir radikal addımı eyni zamanda Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin aktuallığına da təsirsiz ötüşməyəcək. Yaxın Şərqdə mövcud enerji və yük daşımaları məhdudlaşarsa, Azərbaycan üzərindən keçən marşrutlar həm Asiya, həm də Avropa üçün əsas alternativə çevriləcək. Bu da ölkəyə əlavə siyasi və iqtisadi dividendlər qazandırmaqla yanaşı, onun regionda vasitəçi və stabil tərəfdaş kimi mövqeyini gücləndirəcək.

ABŞ-nin müharibəyə qoşulması isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu, artıq lokal qarşıdurma deyil, qlobal təhlükəsizlik arxitekturasını dəyişə biləcək miqyasda münaqişədir. İranın nüvə obyektlərinin hədəfə çevrilməsi, ABŞ bazalarının raket atəşinə tutulması və İsrailin cavab əməliyyatları vəziyyətin daha da dərinləşəcəyindən xəbər verir. Əgər bu proses genişlənərsə, regionda genişmiqyaslı müharibənin alovlanması mümkündür.

İran üçün isə bu qərar ikili nəticə doğurur. Bəli, bu, geosiyasi meydan oxuma kimi görünür, amma eyni zamanda İranın özü də neft ixracatında məhz bu boğazdan istifadə edir. Bu, ölkə iqtisadiyyatına ciddi zərbədir. Müharibənin uzanması, iqtisadi təcrid və daxildə rejimə qarşı narazılıqların artması Tehran üçün ağır nəticələr doğura bilər. Hörmüzün bağlanması təkcə xarici təhdidə qarşı cavab deyil, həm də daxildə rejimin iflasının xəbərçisidir.

Hörmüz boğazının bağlanması və ABŞ-nin müharibəyə daxil olması qlobal enerji bazarında dərin sarsıntı və strateji dəyişikliklərə yol aça bilər. Azərbaycan üçün bu böhran həm risk, həm də fürsət mənbəyidir. Hazırkı vəziyyət göstərir ki, dünya yeni enerji və təhlükəsizlik düzəninin astanasındadır.

Züriyə Qarayeva

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr