AZ

Limfa düyününün bərk, hərəkətsiz və ağrısız olması onkoloji proses şübhəsi yarada bilər

İnsan bədənində sağlamlığımızı qorumaq üçün çalışan yüzlərlə gizli “gömrük məntəqəsi” var, bunlar limfa düyünləridir. Onlar immun sistemimizin mühüm hissəsini təşkil edir və limfa sistemi vasitəsilə bədənimizdə dolaşan zərərli maddələrin süzülməsində iştirak edirlər. Limfa sistemi kapilyarlar, damarlar, kanallar, eləcə də, dalaq və limfa düyünləri kimi orqanlardan ibarət bir şəbəkədir. Bu sistemin əsas vəzifəsi artıq zülalları, toksinləri, patogenləri və hüceyrə tullantılarını toxumalardan çıxarıb qana qaytarmaqdır. Bu proses nəticəsində bədən zərərli maddələrdən təmizlənir və infeksiyalarla mübarizə aparır. Limfa düyünləri periferik və dərin olmaqla iki yerə bölünür. Periferik düyünlər qulaqarxası, boyun, çənəaltı, qoltuqaltı, qasıq kimi nahiyələrdə yerləşir və bəzən barmağımızla hiss edilə bilir. Dərin limfa düyünləri isə sinə və qarın boşluğunda yerləşərək gözlə görünmür. İnsan bədənində təxminən 500 limfa düyünü mövcuddur.

“İki sahil” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Samirə Həsənova açıqlamasında səsləndirib.

O qeyd edib ki, limfa düyünləri bədənimizi bakteriya, virus və digər yad maddələrdən qoruyan ilk müdafiə xəttidir. Onlar süzülən limfanı təmizləyərək orqanizmə daxil olan patogenləri tanıyır və məhv edir: “Limfa düyünlərində yerləşən limfositlər və makrofaqlar, yəni immun hüceyrələr bu prosesi həyata keçirir. Bəzən limfa düyünləri böyüyür və bu hal limfadenopatiya adlanır. Bu, əksər hallarda infeksiyalarla əlaqədar olaraq baş verir və ciddi patologiyanın ilkin əlaməti ola bilər. Limfadenopatiya müxtəlif səbəblərlə əlaqəli ola bilər. Bunlara virus və bakteriyaların səbəb olduğu respirator və autoimmun xəstəliklər, eləcə də, onkoloji proseslər (limfoma və ya metastaz) daxildir. Ən çox yayılmış simptomlardan biri genişlənmiş və toxunulduqda həssas olan limfa düyünləridir. Düyünlərin ölçüsü 2 santimetrə qədər ola bilər. Xəstə bəzən əsas infeksiya əlamətlərindən - boğaz ağrısı, qızdırma, öskürək və ümumi zəiflikdən şikayətlənir. Ancaq bəzən limfa düyünlərinin böyüməsi daha ciddi xəstəliklərə, o cümlədən bədxassəli şişlərə işarə edə bilər”.

Samirə Həsənovanın sözlərinə görə, limfadenopatiyanın səbəbini müəyyənləşdirmək üçün qan və sidik analizləri, zəruri hallarda virus və infeksiyalar üçün testlər, eləcə də, ultrasəs və tomoqrafiya kimi görüntüləmə metodlarından istifadə olunur. “Limfa düyününün bərk, hərəkətsiz və ağrısız olması həkimdə onkoloji proses şübhəsi yarada bilər. Əhəmiyyətli bir məqam budur ki, limfadenopatiya özü-özlüyündə bir xəstəlik deyil, bir simptomdur. Əsas səbəb tapıldıqdan sonra onun müalicəsi həyata keçirilir. Əgər heç bir səbəb aşkarlanmazsa, həkim 3 aydan bir müşahidə aparmağı tövsiyə edə bilər. Əgər limfa düyünləri iltihablanarsa, limfadenit inkişaf edə bilər. Bu, ağrı, şişkinlik, qızartı, bəzən irin və ya nekrozla müşayiət olunur. Nəzarətsiz halda bu vəziyyət qan zəhərlənməsi (sepsis) və infeksiyanın yayılması ilə nəticələnə bilər. Unutmayaq ki, bədənimizin verdiyi siqnallara diqqət yetirmək və vaxtında həkimə müraciət etmək sağlamlığımızı qorumağın ən yaxşı yoludur”, - deyə həkim-hematoloq əlavə edib.

Seçilən
4
2
ikisahil.az

3Mənbələr