AZ

İndi qəzet oxuyan var? Tanınmışlar CAVAB VERDİLƏR

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 ili tamam olur. Əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən qoyulan və “Əkinçi” qəzetinin nəşri ilə başlayan milli jurnalistikamız uzun tarixi mərhələlərdən keçib. Çar Rusiyası dövründə senzura şəraitində fəaliyyət göstərən qəzetlər, Azərbaycan Xalq Cümhuriyyəti zamanı azad mətbuat təcrübəsi, sovet illərində isə ideoloji nəzarət altında dərc olunan KİV-lər inkişafın müxtəlif mərhələlərini keçib.Azərbaycan mətbuatı zamanla yalnız informasiya vasitəsi deyil, həm də cəmiyyətin dəyişməsində və maariflənməsində mühüm rol oynayıb. Xüsusilə müstəqillik ərəfəsində və ondan sonrakı dövrdə qəzetlər insanların məlumatlandırılmasında, ictimai rəyin formalaşmasında və ölkənin gələcək siyasi kursunun müəyyənləşməsində əhəmiyyətli təsir göstərib. Müstəqil Azərbaycanın qurulması istiqamətində gedən proseslərdə mətbuatın fəaliyyəti bir çox hallarda təşviqedici və təşkilatlandırıcı xarakter daşıyıb.

1990-2000-ci illin əvvəllərinə qədər ölkəmizdə qəzet köşklərində insanlar növbədə dayanaraq qəzet alır, Azərbaycanda və dünyada gedən bütün prosesləri bu vasitə ilə öyrənirdilər. 

2001-ci il Bakı. Foto:Yola ManakovHəmin dövrdə işıq üzü görən mətbu orqanlar sırasında “Aydınlıq”, “İstiqlal”, “Panorama”, “Bu gün”, “Avropa”, “7 gün”, “Press-fakt”, “Rezonans”, “Detektiv”, “Çağ”, “Millətin səsi”, “Elita”, “Millət”, “Monitor”, “Gündəlik Azərbaycan”, “Ekspress”, “Üç nöqtə”, “Reytinq”, “Bizim əsr”, “Azadlıq”, “Gün səhər”, “Yeni yüzil”, “Xəzər-Kaspiy”, “Exo”, “Avrasiya”, “Hər gün”, “Ulus”, “Le Carrefour” kimi qəzetlər var idi. Bu qəzetlərin hər biri öz janrı, dili, istiqaməti və oxucu auditoriyası ilə fərqlənirdi. Bəziləri gündəlik nəşr edilən ciddi ictimai-siyasi qəzet, bəziləri isə əyləncəli mətbu orqan kimi fəaliyyət göstərirdi.Həmin dövrdə yaranan qəzetlər Azərbaycan jurnalistikasında yeni yazı tərzi, tədqiqatçı jurnalistika, təhlil, reportaj və istintaq yönlü materiallarla yanaşı, bəzən ictimai-siyasi polemikalarda da ön sırada yer alırdı. 

Zamanla qəzetlərin əksəriyyəti maliyyə çətinlikləri, reklam bazarının zəifliyi, siyasi mühitin dəyişməsi və ya texnoloji inkişaf nəticəsində fəaliyyətini dayandırdı. Qəzet oxumaq sadəcə zövq və ya hobbi halına gəldi. 

2001-ci il Bakı. Foto:Yola ManakovModern.az ictimai-siyasi və mədəniyyət xadimlərinin hələ də qəzet oxuyub-oxumamağını araşdırıb. 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirib ki, o, hələ də bütün informasiyaları qəzetlərdən alır:“Mən internetdən istifadə etmirəm. Xəbər, müsahibələri ancaq qəzetlərdən oxuyuram. Bakıda və Moskvada dərc olunan bir çox qəzeti oxuyub, məlumatı oradan alıram”.Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı son vaxtlar qəzetləri oxumadığını deyib: “İnformasiyanı əsasən sosial şəbəkələrdən, internet resurslarından, bir də bir neçə telekanaldan alıram”. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sadəcə ona maraqlı xəbərləri internet üzərindən oxuduğunu vurğulayıb: “Sosial şəbəkədən xəbəri görəndə həmin sayta girib onu  oxuyuram. Hər gün qadınlara qarşı zorakılıqla bağlı xəbərləri izləyib onun monitorinqini aparırıq. Hobbi kimi qəzet oxumuram, lazım olmayan informasiyalara baxmıram”. Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli qəzetlərin sadəcə onlayn versiyasının oxuyur: “Qəzetləri onlayın versiyada oxuyuram. Təəssüf ki, uzun müddətdir köşklərdən qəzet almıram. Daha çox internetdən məlumat əldə edirəm. Gün ərzində məlumatları müxtəlif saytlarda Azərbaycan, rus, ingilis dillində oxumağa çalışıram, amma qəzetlərdən çoxdandır istifadə etmirəm". 

Şair, yazıçı, tərcüməçi Baba Vəziroğlu: "Qəzetin rəngi yadımdan çıxıb, sonuncu dəfə nə vaxt qəzet oxuduğumu xatırlamıram. İnformasiyanı milyonlarla gənc haradan alırsa, mən də oradan alıram. Əsasən sosial şəbəkələri - “Tiktok”, “Facebook”, “İnstagram”ı izləyirəm, saytlardan xəbər oxuyuram, televiziyalara baxıram". Deputat Ceyhun Məmmədov: “Demək olmaz ki, davamlı olaraq qəzet mütaliə edirəm, oxuyuram. Vaxt olduqca, imkan tapanda qəzetə baxıram. Adətən məlumatları saytlardan əldə edirəm. Bu gün informasiya texnologiyaları kifayət qədər inkişaf edib, ona görə də qəzetə o qədər ehtiyac yoxdur. Amma düşünürəm ki, biz kütləvi olmasa da, qəzetçilik ənənəsini də qorumalıyıq, ondan tam imtina etməməliyik”.  

“Ədalət” qəzetinin təsisçisi, deputat, yazıçı Aqil Abbas xəbərləri qəzetdən də, internetdən də oxuduğunu deyib: “Xəbərləri, məlumatları əsasən qəzetdən oxuyuram, internetlə çox da maraqlanmıram. “525-ci qəzet”i izləyirəm, arada “Yeni müsavat”ı oxuyuram, hərdən “Şərq" qəzetinə baxıram”. 

Deputat Məlahət İbrahimqızı: "Məlumatları əsasən internet və sosial mediadan alıram, amma elə köşə yazıları və ya geniş məqalələr var ki, onları print mediadan oxuyuram. İndi televiziya və radio da əlimizdəki telefonlardır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
modern.az

3Mənbələr