ATV kanalında illərdir maraqla izlənilən və milyonlarla tamaşaçını ekran başına toplayan "Kim Milyoner Olmaq İstəyir?" bilik yarışmasının 22 iyun bazar günü yayımlanan buraxılışı bu dəfə fərqli duyğularla izlənildi. Tamaşaçılar yalnız bilik yarışmasına deyil, həm də həyatın nə qədər kövrək olduğuna şahidlik etdilər.
Sonxeber.az xəbər verir ki, bu buraxılışda iştirak edən stomatoloq Yaman Özkan, çəkilişlərdən sonra həyatını itirib. Özkanın ailəsi onun xatirəsinin yaşadılması üçün proqramın yayımlanmasını istəyib. Verilişin yaradıcı heyəti bu duyğusal istəyə müsbət cavab verərək, Özkanın yarışmadakı görüntülərini efirə təqdim edib.
İlk sualları asanlıqla keçən iştirakçının qarşısına beşinci mərhələdə belə bir sual çıxıb: "Red Kit" adlı cizgi filmi və komikslərin türkcə tərcüməsində hansı obrazın orijinal adı " "Rantanplan"dır?"
Seyirçiyə müraciət jokerdən istifadə edən Yaman Özkan, tamaşaçıların 59 faizinin "C – Co Dalton" cavabını seçməsinə güvənərək bu variantı işarələyib. Lakin düzgün cavab "A – Rintintin" olduğu üçün yarışmadan ayrılıb.
Yarışmanı 5 min TL mükafatla tərk edən iştirakçı son sözlərində: "Əslində əldə edə biləcəyim yaxşı məbləğə ehtiyacım vardı" – deyərək təəssüfünü ifadə edib.
Yaman Özkanın vəfatı barədə məlumat proqramın rəsmi sosial media hesabında paylaşılıb. Açıqlamada bildirilib:
"Diş həkimi Yaman Özkan, təəssüf ki, keçirdiyi bir narahatlıq nəticəsində vəfat etmişdir. "Milyoner" komandası olaraq ona Allahdan rəhmət, yaxınlarına isə başsağlığı diləyirik".
Onun xəstəliyi və ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.