AZ

ÜÇ ƏSRİN YÜKÜNÜ ÇƏKƏN RELSLƏR Dəmir yollarının 145 illik tarixi (ARAŞDIRMA)

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

145 il əvvəl, 1880-ci ilin yanvar ayında Azərbaycanda ilk parovoz fiti çalındı, ilk yola çıxan qatar təkərlərinin taqqıltısı eşidildi. Bakı-Sabunçu-Suraxanı marşurutu ilə yola çıxan qatar Azərbaycan nəqliyyatı tarixində yeni bir dövrün – dəmir yolları dövrünün başlanmasını bəyan etdi. Çox keçmədi ki, qatarlar, vağzallar, yollar Azərbaycanın peyzajının ayrılmaz hissəsinə çevrildi. Dəmir yolu xətləri Azərbaycanın hər yerinə uzandı, coğrafi baxımdan uzaq olan bölgələri bir-birinə və eyni zamanda mərkəzə – Bakıya bağladı. Bir müddət sonra isə ölkəmizin dəmir yolları qonşu regionlarla birləşdirildi, Xəzəri Qara dənizlə, Şimalı Cənubla bağladı.

Neftin izi ilə - Azərbaycanda dəmir yolunun “doğuluşu”

Məlum olduğu kimi, Azərbaycanda dəmir yollarının yaranma tarixi onun neft sənayesi tarixi ilə bağlıdır. 1828-ci ildə Şimali Azərbaycan Rusiya İmperiyasının tərkibində olduğu dövrdə Abşerondakı neft çıxarma rayonlarından neftin Bakı neftayırma zavodlarına və Rusiyanın mərkəzi rayonlarına daşınması qədim dövrlərdə olduğu kimi, karvan üsulu ilə taxta çəlləklərdə və tuluqlarda həyata keçirilirdi. Qalan neftin daşınmaması və ya gecikməsi isə getdikcə daha böyük iqtisadi problemə çevrilirdi. Məsələn, 1880–1881-ci illərdə Bakıda o qədər çox neft çıxarılmışdı ki, 25 min puddan artıq neft ya dənizə tökülmüş, ya da yandırılmışdı… 

Lakin həmin dövrdə dəmir yolu layihəsi baha naşa gəldiyindən Rusiya İmperiyası buna az maraq göstərirdi. Yalnız 1865-ci ildə əslən ingilis olan Qobbun layihəsi elə məhz ucuz olması səbəbindən qəbul olundu. Və nəhayət 1872-ci il oktyabrın 10-da Poti-Tiflis xətti üzrə qatarların hərəkəti başladı, 1877-ci ildə xətt Kutaisiyə qədər uzadıldı. 1879-cu ilin dekabrında Tiflis–Bakı yolunun tikintisinə başlanıldı. 1883-cü il mayın 8-də Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolu istifadəyə verildi. Bakı–Tiflis xətti açılan kimi dəmir yolunda yükdaşımanın həcmi sürətlə artdı. Artıq 1890-cı ildə Bakı stansiyasından 50 milyon pud, Azərbaycanın digər stansiyalarından isə 21 milyon pud yük göndərilmişdi. 1883–1900-cü illərdə Rusiya dəmir yolu stansiyalarında yük dövriyyəsi 3 dəfə artdığı halda, Bakı–Tiflis dəmir yolunda bu artım 8 dəfə olmuşdu.

Görkəmli maarifçi, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi Azərbaycanın iqtisadiyyatına güclü təsir etmiş amilləri sadalayarkən, birinci yerdə neft sənayesinin yaranmasını, ikinci yerdə isə Bakı–Tiflis dəmir yolunun inşasını göstərmişdi.

Fransız yazıçısı Jül Vern isə 1892-ci ildə yazdığı “Klodius Bombarnak” romanında Azərbaycan dəmir yolları haqqında belə yazırdı:“Dəmir yolu Tiflisi Xəzər dənizi ilə birləşdirən araba yoluna paralel gedir. Hər ikisi Navtlua, Poylu, Ağstafa, Dəllər, Yelizavetpol, Kürdəmir, Ələt, Bakıdan keçir, Kür vadisini aşır… Bakıda Avropa və ya Amerikanın istənilən böyük şəhərinə layiq möhtəşəm dəmir yolu vağzalı var…”

1908-ci ildə Uluxanlı–Şərur–Culfa xətti inşa olundu, daha sonra isə bu xətt Tiflis–Aleksandropol–İrəvan xətti ilə birləşdirildi. Nəticədə dəmir yolu Azərbaycanın qərb torpaqlarını da əhatə etməyə başladı. 1895-ci ildə Azərbaycanın dəmir yollarının ümumi uzunluğu 515 km, 1900-cü ildə 746 km, 1913-cü ildə isə 837 km idi. 1909-cu ildə Azərbaycanın ərazisində 9 dəmir yolu stansiyası fəaliyyət göstərirdi - Bakı-I, Bakı-II, Biləcəri, Hacıqabul, Yevlax, Yelizavetpol (Gəncə), Ağstafa, Naxçıvan və Culfa.

Məqalənin bu yerində Azərbaycan dəmir yollarının inkişafından danışarkən müstəsna xidmətlər göstərmiş ali savadlı dəmiryolçu mühəndislərimizin - Fətəli Bəy Sultanov, İsaq Mehmandarov, Rahim Axundov, Mirzə İbrahim Abdullabəyov, Səma Ağa Vəkilov, Yusif Xan Məmmədbəyov, Xudat Bəy Məlikaslanov, İbadulla Əliyev, Teymur Bəy Məlikaslanov, Abbas Quranqulu oğlu Kərimovun adlarına qeyd etmək də yerinə düşər.

1940-cı ilə gəldiyimizdə artıq Azərbaycan dəmir yollarında 16200 nəfər işləyirdi. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdikdən sonra Azərbaycan dəmir yolları müharibə rejiminə keçdi. İlk həftə ərzində (23–30 iyun) 6849 vaqondan ibarət 152 hərbi eşelon yola salınmışdı. 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi.

Sürətə doğru - Müharibədən sonra Azərbaycan dəmir yollarında modernləşmə

1945–1950-ci illəri əhatə edən bərpa planında elektrikləşdirilmiş yolların inşasına xüsusi diqqət yetirildi. 1926–1945-ci illər ərzində Abşeronda elektrikləşdirilmiş dəmir yolları ilə yarım milyarddan artıq sərnişin, 2 milyondan çox ton yük daşınmışdı. 1948-ci ildə Suraxanı–Qala elektrik qatarı istifadəyə verildi. 1949-cu ilin iyununda Bakı elektrik dəmir yolunun Mərdəkan stansiyası açıldı. Bu dövrün əsas yeniliyi teplovozların geniş istifadəyə verilməsi idi. SSRİ-də 1945-ci ildən istehsal olunan teplovozlar artıq bölgələrə göndərilirdi. 1951–1955-ci illər arasında Azərbaycanda 114 km uzunluğunda yeni yollar çəkilmişdi.

Heydər Əliyevin gəlişi - Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü

1969-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrində, o cümlədən dəmir yolu nəqliyyatında əsaslı dəyişikliklər və sürətli inkişaf dövrü başlandı. Bu dövr mütəxəssislər tərəfindən “Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü” kimi xarakterizə olunur. 

Tədqiqatçı Mahərrəm Məmmədovun araşdırmalarına əsasən, əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda cəmi 735 iri sənaye obyekti inşa olunmuşdusa, Heydər Əliyevin rəhbərliyi dövründə — cəmi 14 ildə bu göstərici 1048-ə çatmışdır. 1970-ci illərdə Abşeronda elektrikləşdirilmiş dəmir yolu xətləri genişləndirildi. Bu xətlər üzrə gündə 171 sərnişin vaqonu hərəkət edirdi. CD tipli motorvaqon seksiyaları daha müasir CR tipli seksiyalarla əvəz olundu. Yeni xətlərin tikilməsi hesabına daha çox yaşayış məntəqəsi "elektriçka" ilə təmin edildi. 1970-ci ildə Bilgəh–Pirşağı–Sumqayıt, 1973-cü ildə isə Corat–Sumqayıt–Zabrat-II–Pirşağı xətti istifadəyə verildi. 1975-ci ildə təkcə Abşeronun elektrikləşdirilmiş yolları ilə 29,4 milyon sərnişin daşınmışdır. Bu illərdə parovozlar tamamilə istismardan çıxarıldı və magistral xətlərdə teplovozlar və elektrovozlar tətbiq edildi. 1975-ci ildə istifadədə olan dəmir yolu xətlərinin ümumi uzunluğu 1902 km, onun 1037,6 kilometri isə elektrikləşdirilmişdi. 1979-cu ildə Bakı–Moskva xəttinin elektrikləşdirilməsi ilə Azərbaycan SSRİ-nin əsas magistral şəbəkəsinə birləşmiş oldu. 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə Ağdam–Xankəndi dəmir yolu çəkildi. Bu xətt Qarabağ bölgəsinin inkişafında mühüm rol oynadı.

Qatarlar dayandı, yollar susdu - Müharibə illərində dəmir yolları

1980-ci illərin sonlarında SSRİ-də və Azərbaycanda iqtisadi böhran dərinləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və silahlı münaqişənin başlanması dəmir yolu infrastrukturu üçün də təhlükə yaratdı. Ermənistan ərazisindən keçən Mehri–Ordubad xətti, həmçinin Yevlax–Xankəndi və Culfa–Horadiz yolları fəaliyyətini dayandırdı. Nəticədə Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən təcrid olundu və blokada vəziyyətində qaldı. 1990–1994-cü illər arasında Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycan dəmir yollarında bir sıra terror aktları həyata keçirilmişdir: 24 mart 1990 – Noraşen–Bakı xəttində teplovoz və 3 vaqon partladıldı, 30 may 1991 – Xasavyurt yaxınlığında Moskva–Bakı sərnişin qatarı partladıldı (11 ölü, 22 yaralı), 30 iyun 1991 – yenə Xasavyurtda partlayış (16 ölü, 20 yaralı), 8 yanvar 1992 – “Sovet Kalmikiyası” bərəsində partlayış (20 ölü, 88 yaralı), 28 fevral 1993 – Qudermes yaxınlığında partlayış (11 ölü, 18 yaralı), 2 iyun 1993 – Bakı vağzalında sərnişin vaqonunda partlayış, 1 fevral 1994 – Kislovodsk–Bakı qatarında partlayış (3 ölü, 20 yaralı), 9 fevral 1994 – Xudat stansiyası yaxınlığında partlayış qeydə alındı.

Heydər Əliyevdən İlham Əliyevə - Azərbaycan dəmir yollarında 32 illik islahat mərhələsi

15 iyun 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və ölkədəki siyasi və iqtisadi tənəzzülün qarşısını almağa nail oldu. 1996-cı ildən etibarən dəmir yollarında infrastrukturun bərpası işləri sürətləndirildi. Puta, Keşlə, Horadiz, Gəncə və digər stansiyalarda elektrik təchizatı, transformatorlar və rabitə xətləri yenidən quruldu. Azərbaycanın əlverişli tranzit mövqeyinin tanıdılması üçün Heydər Əliyevin rəhbərliyi ilə hökumət bir sıra beynəlxalq nəqliyyat təşkilatları ilə əməkdaşlığa başladı. Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB), Beynəlxalq Dəmir Yolları İttifaqı və digər təşkilatların üzvü olaraq, regionda Şərq-Qərb ticarət dəhlizinin əsas halqasına çevrildi. 1997-ci ildən Bakıdan Moskva və digər şəhərlərə qatarlar yenidən hərəkət etməyə başladı.

Bu əsaslar üzərində Prezident İlham Əliyev tərəfindən müasir mərhələdə dəmir yolu infrastrukturunun inkişafı davam etdirildi. 2009-cu il 20 iyul tarixli sərəncamla "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı. 2010–2014-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində - Vaqon və lokomotiv parkı yeniləndi, yol infrastrukturu və siqnal-rabitə sistemləri təmir olundu. Həmin vaxt yük və sərnişin daşımasında sürət aşağı (orta: 24,5 km/saat) idi. Bu problemlərin həlli üçün - Estoniyadan VL-11M6 seriyalı elektrovozlar, Qazaxıstandan TE33A "Evolution" tipli teplovozlar alındı, Latviyada əsaslı təmir edilmiş elektrovozlar ölkəyə gətirildi, 3100 yük vaqonu alınması üçün Rusiya şirkəti ilə müqavilə bağlandı. 2017-ci il 30 oktyabrda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı keçirildi. 2018–2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, eləcə də Zabrat-1, Məmmədli dayanacaqları və Zabrat-2 stansiyası əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verildi. 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı hissəsi bərpa olunaraq yenidən istifadəyə açıldı. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt xəttinin istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu tam şəkildə istismara buraxıldı. 

2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmir yolu xətlərinin təməlini qoymuş, ardınca layihələndirmə və tikinti işlərinə başlanılmışdır. 2022–2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının inşası tamamlanmış, 2023-cü ildə isə Kür çayı üzərində ikinci dəmir yolu körpüsü tikilmişdir. Həmin ilin sonunda Bakı–Gəncə–Bakı marşrutu Ağstafayadək uzadılmış, 2023-cü ildə Qovlar və Dəllər stansiyalarında, 2024-cü ildən etibarən isə Ləki və Ucar stansiyalarında qatarlara dayanacaq verilməyə başlanmışdır. 2025-ci ildən etibarən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm sərnişin reyslərinə start verilmişdir.İyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadılıb.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Qeyd: Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
azpolitika.info

1Mənbələr