AZ

“Kopernik”: Avropada zərərli ozon səviyyəsinin kəskin artması müşahidə olunur

Bakı, 23 iyun, AZƏRTAC

2025-ci ilin iyun ayında yayın əvvəlində baş verən isti hava dalğası səbəbindən Avropada yer səviyyəsində ozonun səviyyəsi kəskin şəkildə yüksəlib. AZƏRTAC xəbər verir ki, bu barədə “Kopernik” Atmosfer Monitorinq Xidmətinin (CAMS) məlumatında bildirilir.

Məlumata görə, Skandinaviya yarımadası istisna olmaqla, demək olar ki, bütün Avropa ölkələri iyunun 9-da verilən Aralıq dənizi regionunda yüksək ozon konsentrasiyası proqnozundan təsirlənib. Daha yüksək ozon səviyyələri yay aylarında adi haldır, amma ekspertlər qeyd edirlər ki, builki epizodun intensivliyi və erkən vaxtı unikaldır. Ehtimal ki, bu, son temperatur artımları ilə bağlıdır.

“Kopernik”in direktoru Lourens Ruil qeyd edib: “Temperaturların qalxması yer səviyyəsində ozonun konsentrasiyasının artmasına səbəb olan əsas amillərdən biridir. Ozon insan fəaliyyəti və təbii mənbələr tərəfindən atılan çirkləndiriciləri çevirən fotokimyəvi reaksiyalar nəticəsində yaranır. Burada çirkləndiricinin uzun məsafələrə daşınması da mühüm rol oynayır”.

CAMS-ın məlumatına görə, bəzi bölgələrdə ozon səviyyəsi artıq Avropa İttifaqının ətraf mühitin havasının keyfiyyətinə dair Direktivi ilə müəyyən edilmiş hədləri keçib və bu, ictimai sağlamlığa təhlükə törədir. Ruli əlavə edib: “CAMS Avropanı bu epizodların təkamülünü izləmək və proqnozlaşdırmaq, sağlamlıq risklərini və ətraf mühitə təsirləri azaltmaq üçün çevik, adekvat tədbirlərin həyata keçirilməsinə çağırır. “Kopernik” bu sahədə vacib xəbərdarlıqları çatdırmaq məqsədilə ən yaxşı mövcud vasitələrdən istifadə edir”.

 

Seçilən
3
1
azertag.az

2Mənbələr