AZ

Aİ-dan İrana xəbərdarlıq

Finss.az - Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı ilə bağlı narahatlığını ifadə edib və bu istiqamətdə yeni addımlar atıla biləcəyini açıqlayıb.

Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bəyan edib ki, əgər Tehran nüvə fəaliyyətlərini məhdudlaşdırmaq istiqamətində konkret addımlar atmasa, İrana qarşı sanksiyalar yenidən qüvvəyə minə bilər.

“Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində İranın konkret öhdəlikləri var. Əgər bu çərçivədə irəliləyiş əldə olunmasa, həmin plan daxilində sanksiyaların bərpasını nəzərdə tutan mexanizm işə salına bilər”, – deyə Kallas Aİ Xarici İşlər Nazirləri Şurasının toplantısı ərəfəsində bildirib.

O, həmçinin İranın mövcud iqtisadi vəziyyətinin ağır olduğunu vurğulayaraq, bunun İran xalqı üçün mənfi nəticələr doğurduğunu qeyd edib: “İran xalqı üçün daha yaxşı gələcək istəyiriksə, gərginliyin artmasının qarşısı alınmalı və nüvə proqramı bərpa olunmamalıdır”.

Qeyd edək ki, gərginliyin kəskin artması son günlər regionda hərbi toqquşmalarla müşayiət olunub. 13 iyun tarixində İsrail İrana qarşı hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində İran ordusunun yüksək rütbəli komandirləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqeri və SEPAH baş komandanı Hüseyn Salami həyatını itirib. Həmçinin, 6 nüvə alimi və digər yüksək vəzifəli şəxslərin öldüyü bildirilir.

Buna cavab olaraq, İran həmin gün axşam “Həqiqi Vəd III Əməliyyatı” çərçivəsində İsrailə yüzlərlə ballistik raket və PUA ilə zərbə endirib. Tel-Əviv də daxil olmaqla bir çox əraziyə hücumlar nəticəsində mülki itkilər və genişmiqyaslı dağıntılar qeydə alınıb.

Regionda artan hərbi və diplomatik gərginlik fonunda Avropa İttifaqının sanksiya siqnalları növbəti mərhələdə İranın iqtisadi və siyasi durumuna ciddi təsir edə bilər.

Seçilən
3
fins.az

1Mənbələr