Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropa İttifaqına (Aİ) qaz nəqli üçün istifadə olunan boru xətlərinin əksəriyyəti sıradan çıxıb və həm boru qazı, həm də maye təbii qaz (LNG) idxalı əhəmiyyətli dərəcədə azalıb. Təchizatdakı boşluğu ABŞ, Qətər və Norveç kimi ölkələr doldurarkən, AB 1 yanvar 2028-ci ildən etibarən Rusiya qazı idxalını tamamilə dayandırmağa hazırlaşır.
Valyuta.az xəbər verir ki, bəzi üzv ölkələrin etirazlarına baxmayaraq, Aİ Rusiya qazından asılılığı sona çatdırmaq istiqamətində ardıcıl addımlar atır. Bu çərçivədə, enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ və Qətərdən LNG, Norveçdən isə boru qazı idxalı artırılır.
AB Komissiyası Rusiya mənşəli qaz və neft idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, 1 yanvar 2028-ci ildən Aİ-nin Rusiya qazından istifadə etməsi faktiki olaraq sona çatacaq.
Yarım əsrlik qaz təchizatı sona yaxınlaşır
AA müxbirinin topladığı məlumata görə, Rusiya qazının Avropaya nəqli 1964-cü ildə istifadəyə verilən "Drujba" boru xətti ilə başlayıb və "Yamal-Avropa", "Soyuz", "Şimal axını" və "TürkAxını" kimi boru xətləri ilə davam edib. Bu təchizat şəbəkəsi, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi və Aİ-nin Moskvaya tətbiq etdiyi sanksiyalarla sona çatmaq üzrədir.
Aİ 2021-ci ildə illik 413 milyard kubmetr qaz istifadə edirdi və bu həcmin təxminən 150 milyard kubmetri Rusiyadan idxal olunurdu. Bu, ümumi idxalın 45 faizini təşkil edirdi.
Müharibədən sonra Aİ Rusiyanın qaz anbarlarına çıxışını qadağan etdi. 2022-ci ilin sentyabrında "Şimal axını 1 və 2" boru xətlərində baş verən partlayışlardan sonra bu marşrutlar tamamilə sıradan çıxdı.
2025-ci il yanvarın 1-də Ukrayna üzərindən qaz nəqlinin dayandırılması ilə AB, Rusiya qazından tamamilə imtina etməyə bir addım daha yaxınlaşacaq.
Rusiya qazı idxalında ciddi azalma
Aİ-nin ümumi boru qazı və LNG idxalı 2021-ci ildə 336 milyard kubmetr, 2022-ci ildə 333 milyard kubmetr, 2023-cü ildə 289 milyard kubmetr və 2024-cü ildə 273 milyard kubmetr təşkil edib. Rusiya mənşəli qaz isə 2021-ci ildə 150,2 milyard kubmetr, 2022-ci ildə 78,8 milyard kubmetr, 2023-cü ildə 42,9 milyard kubmetr, 2024-cü ildə isə 51,6 milyard kubmetr olub. Cari ildə bu rəqəmin 36,5 milyard kubmetr olması gözlənilir.
2021-ci ildə Rusiya qazının Aİ idxalındakı payı 45 faiz idisə, bu göstərici 2024-cü ildə 19 faizə düşüb. Ukrayna marşrutunun bağlanması ilə bu payın 13 faizə qədər enəcəyi proqnozlaşdırılır.
Aİ qaz bazarında ABŞ və Norveçin rolu artır
Aİ boru qazı idxalını azaldaraq, LNG terminal və yenidən qazlaşdırma gücünü artırmaq üçün mühüm sərmayələr həyata keçirib. Bu baxımdan, yenidən qazlaşdırma gücü 2021-ci ildəki 164,3 milyard kubmetrdən 2022-ci ildə 185,8, 2023-cü ildə 213,2 və 2024-cü ildə 235,1 milyard kubmetrə çatıb. Bu ilin sonuna qədər bu gücün 263,9 milyard kubmetrə yüksəlməsi planlaşdırılır.
Aİ 2022-ci ilin mayında qüvvəyə minən "REPowerEU" proqramı çərçivəsində qaz istifadəsini azaltmağı hədəfləyib. İllik istehlak 2021-ci ildəki 413 milyard kubmetrdən 2022-ci ildə 356,4, 2023-cü ildə 330,5 və 2024-cü ildə isə 332 milyard kubmetrə düşüb.
Rusiya qazının Aİ enerji balansındakı payı azalarkən, boşluğu LNG ilə ABŞ və Qətər, boru qazı ilə isə Norveç doldurub. 2021–2024-cü illər arasında Norveçdən gələn qazın payı 29,2 faizdən 49,6 faizə, ABŞ-dan gələn LNG-nin payı isə 20 faizlərdən 45 faizə yüksəlib.
"Şimal axını 1", "Şimal axını 2" və "Yamal-Avropa" marşrutlarının bağlanması və Ukrayna üzərindən nəqlin dayanması fonunda, "TürkAxını" vasitəsilə Türkiyə əsas tranzit ölkəyə çevrilib.
Aİ Rusiya qazını idxal səbətindən çıxarmağa qərarlıdır
Aİ Komissiyası həftə ərzində Rusiya mənşəli qaz və neft idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, 1 yanvar 2026-cı ildən yeni müqavilələr çərçivəsində Rusiyadan qaz alınmayacaq. 17 iyun 2025-dən əvvəl imzalanan qısamüddətli müqavilələr isə 17 iyun 2026-ya qədər qüvvədə qalacaq.
Dənizə çıxışı olmayan ölkələrin uzunmüddətli müqavilələrlə aldıqları boru qazı isə 2027-ci ilin sonuna qədər davam edə biləcək.
Beləliklə, 1 yanvar 2028-ci ildə AB-nin Rusiya qazından istifadə etməsi faktiki olaraq sona çatacaq.
Etirazlara "ixtisaslı çoxluq"la cavab veriləcək
Qanun layihəsinin qüvvəyə minməsi üçün Aİ Şurasında üzv ölkələrin "ixtisaslı çoxluq"la razılıq verməsi və Avropa Parlamentinin də qəbul etməsi tələb olunur.
Macarıstan və Slovakiya enerji qiymətlərinin artacağını əsas gətirərək bu qanun layihəsinə qarşı çıxır. Lakin şura bu kimi qərarları "ixtisaslı çoxluq"la qəbul edə bildiyindən, etiraz edən ölkələrin veto hüququ yoxdur. Bu isə Macarıstan və Slovakiya kimi ölkələrin qərar prosesindən kənarlaşdırılması cəhdi kimi qiymətləndirilir.
Paşa Məmmədli