26 iyun – Silahlı Qüvvələr Günüdür. Bu əlamətdar günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, Silahlı Qüvvələrin Azərbaycanın müdafiə və təhlükəsizliyinin qarantı olduğunu bildirib:
“Hər bir ölkənin ərazi bütövlüyün qorunmasında, təhlükəsizliyinin təmin olunmasında Silahlı Qüvvələr son dərəcə əhəmiyyətli rola malikdir. Belə bir deyim var; öz ordusuna sahib çıxmayan dövlət, xalq, yad ordularını bəsləməyə məhkumdur.
Bu baxımdan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Silahlı Qüvvələri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyanın 50 ən güclü ordularının siyahısına daxil olmuşdur. 200 ildən bəri işğal altında olan torpaqlarımızın cəmi 44 gün ərzində azad edilməsi, müharibə zamanı və ondan sonra zərgər dəqiqliyi ilə həyata keçirilən döyüş əməliyyatları, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Maksimum qısa zaman kəsiyində minimal itkilərlə əldə olunmuş nəticə isə, ən böyük ordulara belə, nadir hallarda qismət olur. Ələlxüsus, mürəkkəb geosiyasi proseslər fonunda, Ermənistanın böyük güclər tərəfindən dəstəkləndiyi halda, Azərbaycan ordusunun apardığı döyüş əməliyyatları, hər kəs üçün örnəkdir. Ən müasir texnologiyaların, ağır texnikanın iştirak etdiyi, iri miqyaslı müharibədə bir nəfər də olsun mülki şəxsin həlak olmaması, Azərbaycan əsgərinin gücünün göstəricisidir.
44 günlük müharibədə Silahlı Qüvvələrimiz beynəlxalq konvensiyaların tələblərinə riayət etməklə, Ermənistanın arxasında duran böyük güclərin, lobbi təşkilatlarının əlinə ittiham üçün arqument vermədi. Ermənistan silahlı qüvvələri isə, cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizi raket atəşinə tutdu. Məhz, bunun nəticəsidir ki, dünya erməniliyinin böhtanlarına, yalanlarına rəğmən, beynəlxalq birlik Azərbaycan Silahlı Qüvvələrinin ədalətli davranışlarını, beynəlxalq konvensiyalara riayət etdiyini qeyd etmək məcburiyyətində qalır.
Bütün bunlarla yanaşı, qeyd etmək yerinə düşər ki, əldə olunan qələbələr, tam arxayınlaşmaq üçün əsas vermir. Şimal və Cənub qonşularımızda irimiqyaslı müharibələr gedir. Bəşəriyyət 3-cü Dünya müharibəsinin astanasındadır. Planetin təbii resurslarının tükənməsi, formalaşmaqda olan yeni dünya nizamı, müharibə risklərini artırmaqdadır. Bu baxımdan, Cənubi Qafqaz regionu, qlobal güclərin maraqlarının toqquşduğu məkandır. Ona görə də, tarixən burada mövcud olmuş və regiona daxil olmaq istəyən qüvvələr arasında, nəqliyat-kommunikasiyaya, logistikaya nəzarət etmək uğrunda amansız mübarizə gedir. Bölgədə dayanıqlı sülhün əldə olunması, həmin qüvvələrin maraqları ilə uzlaşmır.
Biz dövlət, xalq olaraq bütün bu kataklizmlərə, yeni çağırışlara hazır olmalıyıq. Yeganə çıxış yolu, milli birliyin olmasında, Dövlət-Xalq-Ordu vəhdətindədir. Vətən müharibəsində olduğu kimi. Bir həqiqəti anlamalıyıq ki, iqtisadi, hərbi cəhətdən inkişaf etmiş, beynəlxalq münasibətlər sistemində öz dəsti-xətti ilə müstəqil siyasət aparan, Azərbaycan güclənməsini arzulamayan kifayət qədər qüvvələr var. Gələcək nəsillərin rahat, təhlükəsizlik şəraitdə yaşaya biləcəyi, fəxr edəcəyi dövləti qoruyub saxlamalıyıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ordu quruculuğu istiqamətində gördüyü işlər, Silahlı Qüvvələrin ən müasir silahlarla, döyüş texnikası ilə təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, onların mənzil-məişət, sosial problemlərinin həlli yalnız və yalnız bir məqsədə xidmət edir. “Silahlı Qüvvələr, konstitusion borcunu, qarşısında duran müqəddəs vəzifəni yerinə yetirməlidir”.
Seymur ƏLİYEV