BAKI, 23 iyun. TELEQRAF
Azərbaycanda bir sıra ödənişli xidmətlərin istehlak qiymətlərində artım olub. Soyuq su təchizatı qiymətləri 2020-ci ildə 17,9%, 2021-ci ildə 2,26 dəfə, 2022-2023-2024-cü illərdə isə 2,36 dəfə artıb.
Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, təbii qaz təchizatı xidməti 2020-ci ildə 35,1%, 2021-ci ildə 61,5%, 2022-2023-2024-cü illərdə isə 93,7% artıb.
Elektrik enerjisi təchizatı xidməti isə 2020-ci ildə 30,6%, 2021-ci ildə 36,1%, 2022-2023-2024-cü illərdə isə 50% bahalaşıb.
Son beş ildə mərkəzi isitmə xidmətinin qiymətlərində artım olmayıb.
Qeyd edək ki, cari ilin yanvar ayından Azərbaycanda ilk dəfə su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər tənzimlənib.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1 015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1 635 manat məbləğində müəyyən edilib.
Cari ilin əvvəlində əhali üzrə illik istehlak həcmi 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2 %) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 %) artırılaraq 20 qəpikdən 22 qəpik, 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 %) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
Həmçinin, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 %) artırılıb.
Eyni zamanda elektrik enerjisinin ölkədaxili tarifləri də dəyişib. Belə ki, 200 kilovatt saat olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib. 1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
“Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi isə sayğac quraşdırılmadığı halda 2 dəfə artırılaraq aylıq 1 kvadrat metr üçün 15 qəpikdən 30 qəpik səviyyəsinə qaldırılıb.
Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.