AZ

Emin Əmrullayev: "Təhsilin bütün pillələrində qızların iştirakına önəm verilməlidir"

"Qızların təhsili gələcək nəsillərin savadlı böyüməsində mühüm rol oynayır".
 
Moderator.az xəbər verir ki, bu fikri "Gənc qızların təhsilinə dəstək" layihəsi iştirakçılarının məzun günü tədbirində elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
Nazir bildirib ki, qızların təhsili dövlət üçün prioritet məsələlərdəndir:
 
"Qızların təhsili bizim üçün çox vacibdir. Tədqiqatlar göstərir ki, anaların təhsilli olması gələcək nəsillərin savadlı böyüməsinə mühüm təsir göstərir. Buna görə də qızların təhsilinə erkən yaşlardan diqqət yetirmək vacib amildir".
 
Nazirin sözlərinə görə, təhsil insanın, o cümlədən qadınların gələcəkdə iqtisadi rifahına, ailə münasibətlərində dayanıqlılığa müsbət təsir edir:
 
"Təhsilin bütün pillələrində qızların iştirakına önəm verilməlidir".
 
E.Əmrullayev tədbirdə Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunub və fondun qızların təhsilinə verdiyi töhfəni xüsusi qeyd edib:
 
"Bu gün Leyla Əliyevanın tədbirimizdə iştirakından istifadə edərək Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinə diqqət çəkmək istəyirəm. Qızların təhsilində göstərdikləri dəstəyə görə təşəkkür edirik".
 
Nazir deyib ki, təqaüdlər yalnız dəstək deyil, həm də ali məktəblərdə ianə və xeyriyyəçilik ənənələrinin dirçəlməsinə səbəb olur.
 
E.Əmrullayev əlavə edib ki, Qarabağ Universitetində özəl sektorun dəstəyi ilə 350-dən çox təqaüd ayrılıb və bu təcrübənin digər ali təhsil müəssisələrində də tətbiqi nəzərdə tutulur.
 
Nazir sonda cəmiyyətin inkişafında qadınların roluna toxunaraq qeyd edib:
 
"Qadınların güclü olması kişilərin zəifliyi demək deyil, əksinə, kişilərin və bütövlükdə cəmiyyətin güclü olması deməkdir. Dövlət və özəl sektorun bu cür xeyriyyəçilik təşəbbüslərində fəal iştirakı ürəkaçandır".
Seçilən
22
moderator.az

1Mənbələr