AZ

"ABŞ və İran arasında toqquşma: keçilən qırmızı xətt və təhlükəli nəticələr" - BBC

 
"1988-ci ilin "zəhər camı"ndan 2025-ci ilin "qırmızı xətt"inədək..."
 
ABŞ ilə İran arasında onillərlə davam edən gərginlik indi görünməmiş həddə çatıb. Vaxtilə "sülh prezidenti" olmaq iddiası ilə çıxış edən Donald Tramp İrana qarşı birbaşa hərbi zərbələr endirməklə qırmızı xətti keçdi.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Trampın sürpriz zərbəsi və yaranan gərginlik
 
Donald Trampın İranın əsas nüvə obyektlərinə birbaşa hərbi zərbə endirməsi Yaxın Şərqdə uzun müddət qorunan sabitliyi pozub. ABŞ-ın B-2 bombardmançıları Nətənz, İsfahan və Fordodakı strateji nüvə komplekslərinə ağır ziyan vurub. Bu addım əvvəlki prezidentlərin çəkinərək atmamaq qərarına gəldikləri bir hərəkət idi, çünki İranla açıq müharibənin nəticələrinin ağır olacağı hər kəsə bəllidir.
 
Tramp, əvvəllər "İranla müqavilə bağlamaq" istədiyini bildirsə də, indi açıq şəkildə İsrailin yanında mövqe tutur və İranı "nüvə bombasına can atan region zorbası" kimi təqdim edir. ABŞ kəşfiyyatı isə hələlik bu iddianı tam təsdiqləmir.
 
İranın ali lideri Ayətullah Xamenei hazırda gizlənmiş vəziyyətdədir. Onun verəcəyi qərar ölkənin gələcək istiqamətini müəyyən edəcək. Bəzi müşahidəçilər bu vəziyyəti 1988-ci ildə Xomeyninin sülh sazişinə imza atmasına,  yəni "zəhər dolu cam  içməsinə bənzədir. 
 
Zərbələrin təsiri və mümkün cavab variantlar
 
İsrailin son aylarda apardığı hava hücumları İranın regiondakı proksi qüvvələrini ciddi şəkildə zəiflədib. İndi isə ABŞ-ın birbaşa müdaxiləsi Tehranı ağır seçim qarşısında qoyub: cavab versə, müharibəyə sürüklənə bilər; cavab verməsə, rejimin nüfuzu sarsıla bilər.
 
İran daxilində bəzi rejim tərəfdarları artıq "nüfuzun bərpası üçün hərbi cavabın zəruri olduğunu" bildirir. Lakin bu cavabın forması mürəkkəbdir. ABŞ-ın Yaxın Şərqdə 40 mindən çox əsgəri, 20-dən artıq hərbi bazası var. Onlardan birinə birbaşa hücum ABŞ-ın daha sərt və dağıdıcı reaksiya verməsinə səbəb ola bilər.
 
Alternativ variant kimi Hörmüz boğazının bağlanması nəzərdən keçirilə bilər. Lakin bu, həm ərəb müttəfiqlər, həm də İran neftinin əsas alıcısı olan Çin tərəfindən xoş qarşılanmayacaq. Eyni zamanda, Qərb dövlətlərinin dəniz gücləri də məsələyə müdaxilə edə bilər.
 
İranla danışıqların iflası və yeni səngər müharibəsi
 
İran rəsmi şəkildə ABŞ-ın diplomatik prosesi puç etdiyini bəyan edir. Xarici işlər naziri Araqçı bildirir ki, Omandakı danışıqlar və ABŞ-ın "diplomatik jestləri" əslində vaxt udmaq və Tehranın ayıq diqqətini yayındırmaq məqsədi daşıyıb. ABŞ-ın hücumlarının məhz danışıqların altıncı raundu ərəfəsində həyata keçirilməsi bu şübhələri daha da artırıb.
 
Vaşinqton isə bəyan edir ki, izafi uran zənginləşdirməsi dayandırılmadan danışıqlara qayıtmaq mümkün deyil. Tərəflər arasında qarşılıqlı inamsızlıq artıq kritik həddə çatıb. Avropa liderləri isə vəziyyətin daha da dərinləşməməsi üçün diplomatik alətlərin işə salınmasını təklif edir. Onlar İranın uranı 60 faiz həddində zənginləşdirməsini nüvə silahına çox yaxın məsafə kimi qiymətləndirir. Bu, həm texniki, həm də psixoloji cəhətdən təhlükəli siqnaldır.
 
Müharibənin ən böyük paradoksu
 
İran hazırda həm daxildə təzyiq altındadır, həm də regionda təsir dairəsini sürətlə itirir. Amma daha maraqlısı odur ki, Trampın məqsədi İranı nüvə silahından uzaqlaşdırmaq idisə də, atılan addımlar Tehranın bu silaha daha da yaxınlaşmasına şərait yaradır. Avropa Şurasında Yaxın Şərq və Şimali Afrika üzrə proqram rəhbərinin müavini Elli Gerannmayyenin təbirincə desək: "Tramp İranın nüvə ambisiyalarını cilovlamaq istədi, əvəzində onları gücləndirdi.”
 
İsrail tərəfi isə Tramp üzərində təzyiqlərini artırır. Baş nazir Netanyahu zərbələrin davam etdirilməsini, İranın daha dərindən vurulmasını tələb edir. ABŞ daxilində isə Trampın hərəkətləri qanunvericilər tərəfindən sorğulanır: bəziləri Konqresin təsdiqi olmadan bu qədər böyük hərbi əməliyyata başlamağı konstitusiya pozuntusu hesab edir.
 
Bütün bu ziddiyyətlər və ikili təzyiqlər fonunda Tramp da, Xamenei də indi riskli bir siyasi manevr zonasına giriblər. Hər biri geriyə çəkilməkdən daha çox, irəliləməyə üstünlük verir, bu isə artıq diplomatiyanın deyil, gücün dili ilə danışılan mərhələyə keçidi göstərir.
Seçilən
37
50
moderator.az

10Mənbələr