Rusiya T-90M tanklarının istehsalını xeyli artırıb. 2020-2021-ci illərlə müqayisədə istehsal həcmi ən azı üç dəfə artıb.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine xəbər verir.
“Bu mühüm nailiyyət 2022-ci ilin ortalarından etibarən tank istehsalının əhəmiyyətli dərəcədə genişləndirilməsi üzrə aparılan işlərin nəticəsidir”, - məqalədə deyilir.
Məqalə müəllifləri hesab edirlər ki, T-90M istehsalının artırılması qərarı bir sıra səbəblərlə bağlı ola bilər. Xüsusi hərbi əməliyyat zamanı zirehli texnikanın itirilməsi, Rusiya qoşunlarının sayının artması, həmçinin NATO-ya üzv ölkələrlə münasibətlərin kəskinləşməsi.
Rusiyada tank istehsalının aktiv artımını təhlil edən Conflict Intelligence Team-ın mütəxəssisləri öz növbəsində qeyd ediblər ki, avadanlıqların faktiki istehsal həcmi Qərbin əvvəlki təxminləri ilə müqayisədə xeyli yüksək olub. Onların proqnozlarına görə, hazırkı dinamika saxlanılarsa Rusiya 2028-ci ilə qədər ildə 1000 ədədə qədər T-90M tankı istehsalına çata bilər.
Analitiklər T-90M-nin geniş istehsalı ilə paralel olaraq T-80 tankının modernləşdirilmiş variantının kiçik miqyaslı istehsalının da qurulacağını istisna etməyiblər.
Bəxtiyar CƏFƏRLİ