Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Rusiya sadəcə bəyanatlarla kifayətlənəcək, Çin isə yalnız enerji maraqlarını qoruyacaq”
İranın xarici işlər naziri Abbas Əraqçinin Moskvaya səfəri və ali dini lider Ayətullah Əli Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etməsi bölgədə artan gərginliyin diplomatik müstəviyə keçirilməsi cəhdi kimi dəyərləndirilir.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Tehran Rusiyadan ciddi dəstək gözləsə də, bu, real görünmür.
Şahinoğlu bildirir ki, İran Moskvanın ABŞ və İsrailin təzyiqlərinə qarşı beynəlxalq təşkilatlarda daha fəal mövqe tutmasını, eyni zamanda hərbi-texniki dəstək göstərməsini istəyir. Bu dəstəyə raket sistemləri və hava hücumundan müdafiə texnologiyaları da daxildir. Lakin 2024-cü ildə imzalanmış strateji sənədə baxmayaraq, Moskvanın bu riskli addımlara getməsi ehtimalı azdır.
Politoloqun sözlərinə görə, Rusiya hazırda ABŞ, xüsusilə də Tramp administrasiyası ilə Ukrayna mövzusunda danışıqlar aparır. Belə bir fonda İranın tələb etdiyi təzyiq siyasəti Kremlin maraqları ilə uyğunlaşmır. Putin bu əlaqələri Tehrana görə təhlükəyə atmaq istəmir.
“Rusiya sadəcə bəyanatlarla kifayətlənəcək, amma İrana ağır silahlar göndərməyəcək. ABŞ və İsrail bu silahların marşrutlarını hədəfə almaqda tərəddüd etməyəcək,” – deyə Şahinoğlu əlavə edir.
Politoloq Hörmüz boğazının bağlanması ehtimalına da toxunub. Onun sözlərinə görə, bu addım ilk növbədə İranın öz iqtisadiyyatına zərbə vuracaq: “Neft ixracatının əsas hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir. Boğazın bağlanması, əslində, İranın öz iqtisadi özünəqəsdidir.”
Şahinoğlunun fikrincə, belə bir ssenari İranla təkcə ABŞ deyil, eyni zamanda Çin arasında da münasibətlərin gərginləşməsinə səbəb ola bilər. İran neftinin əsas alıcısı olan Çin bu ehtimala qarşıdır və bu barədə İranla yüksək səviyyədə birbaşa təmas qurub.
“Çin neft tədarükündə alternativ yollar axtarsa da, qısa müddətdə real nəticə əldə etmək mümkün deyil. Hörmüz boğazının bağlanması Pekini enerji böhranı ilə üz-üzə qoya bilər,” – deyə politoloq vurğulayır.
ABŞ artıq Tehrana belə bir addımın genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq göndərib. Eyni mövqe Avropa İttifaqı tərəfindən də səsləndirilib. Şahinoğlu hesab edir ki, bu addım İranın təcridini daha da dərinləşdirəcək və ona qarşı beynəlxalq koalisiyanın genişlənməsinə yol açacaq.
“Rusiya sadəcə diplomatik bəyanatlarla kifayətlənəcək, Çin isə öz enerji maraqlarını qorumaqla məşğul olacaq. İran isə anlayır ki, nə Şərq, nə də Qərb onun ABŞ və İsraillə açıq münaqişəyə girməsini dəstəkləyəcək,” – deyə o bildirib.
Şahinoğlunun qənaətinə görə, Tehran vəziyyəti düzgün qiymətləndirməsə, yaxın gələcəkdə daha geniş beynəlxalq təzyiqlərlə qarşılaşacaq.
Rasim Əliyev
AzPolitika.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.