AZ

Bu pendirin kiloqramı 1 700 manata satılır

Dünyada dəyəri ilə seçilən çoxlu ərzaq məhsulu var. Bəziləri nadirliyinə, bəziləri isə istehsalındakı zəhmətə görə yüksək qiymətə satılır. Həmin məhsullar arasında biri var ki, təkcə dadı ilə deyil, hekayəsi ilə də fərqlənir. Söhbət Serbiyada hazırlanan “Pule” pendirindən gedir. Pendirin lüks ərzaq məhsulu hesab edildiyi hallara nadirən rast gəlinir. Ancaq Serbiyada istehsal olunan “Pule” adlı pendir bu stereotipi alt-üst edir. 

Valyuta.az xəbər verir ki, dünyanın ən bahalı pendiri hesab edilən bu məhsul Balkan eşşəklərinin südü ilə hazırlanır. Qiyməti isə təəccübləndirəcək qədər yüksəkdir - bir kiloqramı 1000 avrodan - indiki qiymətlə hesablasaq 1700 manatdan başlayır.

Serbiyada istehsal olunan bu pendrin əsas fərqləndirici cəhəti  hazırlanmasında məhz eşşək südünün istifadə edilməsidir. “Pule” pendirinin qiyməti bir çox lüks ərzaq məhsullarını geridə qoyur.

“Pule” pendiri yalnız Serbiyanın mərkəzində yerləşən “Zasavica” təbiət qoruğunda - burada qorunan Balkan eşşəklərinin südündən hazırlanır. Qoruğun rəhbəri Slobodan Simiçin sözlərinə görə, bu növ eşşəklərin yalnız az bir hissəsi gündə 200–500 millilitr süd verir. Bir kiloqram pendir istehsal etmək üçün isə təxminən 25 litr süd tələb olunur. Bu amil məhsulun məhdudluğunu və baha başa gəlməsini müəyyənləşdirən əsas səbəblərdən biridir.

Qiyməti nə qədərdir?

Hal-hazırda “Pule” pendirinin 1 kiloqramı 1000–1200 avro arasında dəyişir. Bu, onu dünyanın ən bahalı pendiri statusuna çıxarır. Mütəxəssislərin fikrincə, qiymətə təsir edən əsas amillər arasında eşşək südünün azlığı, istehsalın tamamilə əl işinə əsaslanması və pendirin ticarət məqsədilə kütləvi şəkildə satılmaması dayanır.

Hazırlanma prosesi

Pendirin hazırlanması ənənəvi üsullarla həyata keçirilir. Toplanan süd fermentasiya edilir, daha sonra süzülərək formaya salınır və müəyyən müddət qurudularaq yetişdirilir. İstehsal prosesi bir neçə həftədən bir neçə aya qədər çəkə bilər. Eşşək südündə pendir istehsalı üçün vacib olan kazein zülalının miqdarı az olduğundan, istehsalda xüsusi texnologiya və fermentlərdən istifadə olunur.

Dad və tekstura

“Pule” pendiri digər pendir növlərindən həm dad, həm də struktur baxımından fərqlənir. Məhsul açıq krem rəngli, yumşaq, bəzən isə kəsmikvari teksturaya malikdir. Dadı isə yüngül, az duzlu və azca şirinmtəmdir. Güclü pendir qoxusu və dadını sevməyən istehlakçılar üçün ideal hesab olunur.

Tərkibi və qida dəyəri

Eşşək südü öz tərkibinə görə insan südünə ən yaxın olan heyvan südü növlərindən biridir. Bu səbəbdən “Pule” pendiri də qida baxımından yüksək dəyərə malikdir. Onun tərkibində yüksək keyfiyyətli zülallar, kalsium, A, B1, B2, B6, D və E vitaminləri, az miqdarda laktoza, omega-3 və omega-6 yağ turşuları mövcuddur.

Sərvanə Rəmixanova

Seçilən
8
2
valyuta.az

3Mənbələr