Xarici Əlaqələr üzrə Avropa Şurası üçün aparılan sorğu göstərib ki, qitədəkilər müdafiəyə daha çox büdcə ayrılmasını bəyənirlər. Bəzi ölkələr hətta məcburi hərbi xidmət istəyir.
Böyük Britaniyanın “The Guardian” qəzeti bu nəticənin Donald Trampın gözlənilməz siyasətləri və Rusiyanın Ukraynaya təcavüzündən sonra ortaya çıxdığına diqqət çəkib. Keçən ay 12 ölkədə 16 440 şəxs arasında sorğu keçirilib.
Polşada (70 faiz), Danimarkada (70 faiz) və Böyük Britaniyada (57 faiz) əksəriyyət müdafiə büdcəsinin artırılmasını, Almaniyada (47 faiz), İspaniyada (46 faiz) və Fransada (45 faiz) əhəmiyyətli azlıq müdafiə büdcəsinin artırılmasını istəyir.
İtaliyada sorğu iştirakçılarının yalnız 17 faizi bu fikri ifadə etməklə digərlərindən ayrılıb.
Hərbi xidmətin məcburi olması ilə bağlı suala 18-29 yaşlılar istisna olmaqla, dəstək dərəcəsi yüksəkdir.
Fransa (62 faiz), Almaniya (53 faiz) və Polşa (51 faiz) bu təcrübəni dəstəkləyir, buna qarşı çıxanların nisbəti İtaliyada yüzdə 50, Böyük Britaniyada 53, İspaniyada 56, Macarıstanda isə 58 faizdir.
Avropa ictimaiyyətinin Donald Tramp haqqında mənfi fikirdə olduğu da görünüb. İngiltərədə yüzdə 74, Almaniyada isə yüzdə 67 ABŞ siyasi sisteminin pozulduğunu düşünür.
Radikal sağçıların ABŞ prezidentini dəstəklədiyi düşünülsə də, Almaniyada AfD seçiciləri (34 faiz), Fransada Milli Ralli (28 faiz) və İngiltərədə Reform Böyük Britaniya seçiciləri (30 faiz) Trampın yenidən prezident seçilməsini amerikalılar üçün “pis” və ya “çox pis” kimi qiymətləndiriblər.
Digər tərəfdən, Avropanın ABŞ-dan asılı olmayaraq müdafiə və təhlükəsizlik siyasətini inkişaf etdirə biləcəyini düşünənlər də azdır. Yalnız Danimarkada (52 faiz) əksəriyyət bunu ağlabatan hədəf kimi görür.
Ukraynaya dəstəyin də ölçüldüyü sorğuda avropalıların əksəriyyəti ABŞ-ın Rusiyaya qarşı atacağı addımları dəstəkləyəcəklərini bildiriblər.
İyunun 24-25-də Hollandiyanın Haaqa şəhərində keçiriləcək NATO Sammitində müdafiə xərclərinin Ümumi Daxili Məhsulun (ÜDM) yüzdə 5-ə çatdırılması prioritet kimi müəyyən edilib.
2014-cü ildə qəbul edilən qərara görə, NATO ölkələrindən müdafiəyə ÜDM-nin ən azı 2 faizini xərcləmələri tələb olunurdu. Halbuki Tramp vəzifəyə başlamazdan əvvəl verdiyi açıqlamalarda bu nisbətin 5 faizə qaldırılmasını istəyib.
2024-cü ildə 32 NATO üzvündən 22-si 2 faiz hədəfinə çatıb. ABŞ 3,5 faizlə NATO-nun ən böyük dəstəkçisidir.