AZ

Azərbaycanın kazino azarkeşləri hər il xarici kazinolara böyük pullar qoyur - çıxış yolu var...


Mətləb Salahov: “Kazino sektoru ilk növbədə turist axınını və vergi daxilolmalarını artıra bilər”

Bu gün Azərbaycanda xüsusi müəyyən olunmuş yerlərdə kazinoların fəaliyyət göstərməsi zərurətə çevrilib. Kazino oyunlarının iqtisadiyyata, xüsusənturizm sektoruna, otel biznesinə və digər sahələrə yüklü gəlirlər gətirdiyi məlumdur. Azərbaycanda kazino oyunlarının leqallaşdırılmamasının nəticəsidir ki, ölkəmizdə bu əyləncə növünə maraq göstərənlər uzun illərdir xarici ölkələrə üz tutur. Bu isə milyonlarla manat vəsaitin xaricə axması deməkdir.

Məlumatlara görə, Gürcüstan kazinolarının ildə əldə etdiyi 18 milyard dollar gəlirlərinin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür.

Ölkədə kazinoların fəaliyyəti leqallaşdırılsa, həmin vəsaitlərin xaricə axını da dayanacaq.

İndi bizimkilər gedib orda oynayırlar.

Xaricə axan kazino pullarını Azərbaycana cəlb etməyin ən gözəl üsulu burda kazinoları açmaqdır. Varlılar gedib başqa ölkələrdə oynayıb əylənirlər. Təkcə Gürcüstanın qazandığı 18 milyard dollar pulun 20 faizi Azərbaycan vətəndaşlarının payına düşürsə, onda görün azərbaycanlılar başqa ölkələrə nə qədər pul çıxarırlar. Şimali Kiprdə, Avropa ölkələrində, bəzi ərəb dövlətlərində kazinolar var, gedib orda oynayırlar. İndi gör o biri ölkələrə Azərbaycandan kazino həvəskarları nə qədər pul axıdır.

Azərbaycanın kazino həvəskarları hər il xaricə təxminən nə qədər pul axıdırlar? O pullar ölkənin özündə qalsa, nə olar?

“Bu, eyni zamanda, otel sektoruna müştəri axını və daha çox xidmət sahələrinin canlanması deməkdir”

Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kazinoların fəaliyyətinin leqallaşdırılması ölkə iqtisadiyyatına, xüsusən də turizm sektoruna böyük gəlir cəlb də bilər: “İlk ondan başlayaq ki, kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsi ilk əvvəl kazino oyunlarında iştirak etmək üçün vətəndaşlarımızın ölkədən xaricə çıxardıqları böyük pul axınının qarşısını almağa kömək edəcək.

Bəli, kazino biznesi böyük maliyyə dövriyyəsinə malikdir və bəzi vətəndaşlarımız da hazırda bu səbəbdən Gürcüstana və digər ölkələrə səfərlər edirlər. Bu da o deməkdir ki, Azərbaycan vətəndaşının pulu ölkədən çıxır və başqa bir ölkənin iqtisadiyyatına daxil olur. Nəzərə alsaq ki, bu əyləncə oyunlarının həvəskarları kifayət qədərdir və bu oyunlar üçün böyük məbləğdə pullar sərf olunur, o zaman bu qanun layihəsinin iqtisadi və maliyyə əhəmiyyətini anlamaq daha asan olar. Bundan başqa, süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək.

Unutmayaq ki, kazinolara icazənin verilməsi, eyni zamanda, “kölgə qumarı”nın qarşısının alınmasına xidmət edir. Məlumdur ki, hüquq-mühafizə orqanları tərəfindən ölkədə dəfələrlə gizli kazinolar aşkar olunub.

Bundan başqa, kazinoların fəaliyyəti ilk növbədə turizm sektorunu hissediləcək qədər canlandıra bilər. Çünki dünyada bir çox ölkə məhz bu yolla xarici turist cəlb edərək, iqtisadiyyatına böyük həcmdə valyuta axını təmin edir. Azərbaycanda da belə bir təcrübənin tətbiqi, xüsusilə qonşu ölkələrdən – Rusiya, İran, Türkiyə və Orta Asiya ölkələrindən gələn turistlərin sayını artırmaqla nəticələnə bilər”. M.Salahovun sözlərinə görə, bu da öz növbəsində hotellər, istirahət mərkəzləri, restoran və digər xidmət sahələrinin inkişafına təkan verər: “Çünki kazino dedikdə təkcə qumar oyunları göz önünə gəlmir.Bu, eyni zamanda otel sektoruna müştəri axını deməkdir, restoranlar, nəqliyyat (taksi, avtobus, hava limanı), əyləncə mərkəzləri və daha bir çox xidmət sahəsinin canlanması deməkdir.Bununla yanaşı, kazinoların leqallaşdırılması dövlət büdcəsinə vergi daxilolmalarını artırmaq baxımından da əhəmiyyətlidir. Kazino sektorunda fəaliyyət göstərən müəssisələrdən alınacaq rüsumlar və vergilər həm mərkəzi, həm də yerli büdcələrə əlavə gəlir gətirə bilər. Bu isə sosial layihələrin maliyyələşdirilməsi və infrastrukturun təkmilləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Ən əsas məqamlardan biri də odur ki, 21 yaşından aşağı şəxslərin iştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsi və maliyyə əməliyyatlarına dair xüsusi tələblər risqlərin minimuma endirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizlik tədbirləridir.

Unutmayaq ki, turistlər əsasən əylənmək, azadlıq hissini yaşamaq və sərbəst seçim imkanlarına sahib olmaq istəyirlər. Məsələn, bəzi ölkələrdə - İran kimi, müəyyən qadağalar, dini məhdudiyyətlər və adət-ənənələr turistlərə sərbəstlik vermir. Belə yerlərə turist axını az olur. Əksinə, turistlər daha çox əyləncələrin bol, qiymətlərin münasib, şəraitin isə açıq və azad olduğu ölkələrə üz tuturlar. Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlarına qarşı mübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanı regionda kazino turizminə açıq və tənzimlənən ölkə kimi şəkilləndirəcək”.

Əli TURABOV

Seçilən
5
baki-xeber.com

1Mənbələr