AZ

Paşinyandan şok bəyanat - "Turan" yolunu Ermənistandan keçirsinlər...


Elnur Kəlbizadə: “Türk Birliyinin yaradılması artıq təkcə Azərbaycanın, Türkiyənin və digər türk dövlətlərinin hədəfi deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda erməni icması ilə görüşündə Türkiyənin “Turan” ideyasına münasibət bildirərək, erməni cəmiyyətində bu məsələyə yanaşmanı tənqid edib:

“Ermənilərin panikaya düşməsini başa düşmürəm. Türkiyənin məqsədi “Turan”dır, bəs nə olsun? Onlar Ermənistan ərazisindən keçmək istəyirlərsə, qoy keçsinlər. Bu pis bir şeydirmi? Biz özümüz “Sülh kəsişməsi” layihəsi ilə bunu təklif edirik. Deyirlər ki, Şimala, Cənuba, Qərbə və Şərqə getmək istəyirik. Biz də cavab veririk: gedin. XXI əsrdə sərhədləri bağlı olan ölkə təsəvvür edə bilirsiniz?”.

Bu, əslində Turan ideyasının bir daha legitimləşdiyini göstərən bir məsələdir. Yəni Ermənistanın, Paşinyanın bu məsələyə yanaşması əslində realdır. Ermənistanın Turana belə bir yanaşması türk dünyasında inteqrasiyanın inkişafının hansı perspektivə doğru getdiyini aydın göstərir. Ermənistanın bunu qəbul etməsi, tanıması türk dünyasında inteqrasiyalara necə təsir edəcək?

“Bu, könüldən keçən xoşagəlimli sözlər deyil, bu, reallıqları dərk etmənin, Azərbaycan və Türkiyənin gücünü nəhayət ki, anlamanın nəticəsidir”

Tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə "Bakı-Xəbər"ə bildirdi ki, Yaxın Şərqdə baş verən proseslər Ermənistanın uzun illər iqtisadi nəfəslik hesab etdiyi İranla da əlaqələrini məhdudlaşdırdı: “Qərbdə Türkiyə, Şərqdə isə Azərbaycan var, Şimaldakı Gürcüstan bu iki ölkənin iqtisadi imkanları olmasa çətin vəziyyətə düşəcək. İndi Ermənistan başa düşür ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdirmaqdan başqa çarəsi qalmayıb. Türk Birliyinin yaradılması isə artıq təkcə Azərbaycanın, Türkiyənin və digər türk dövlətlərinin hədəfi deyil. Çindən Avropaya, Avropadan isə Çinə malların, yüklərin daha ucuz daşınması üçün Orta Dəhliz qədər Türk Dövlətlərinin Birliyi də zəruridir. Orta dəhlizin açılmasında maraqlı olan dünya güclərinin bəziləri maraqlıdır ki, Orta Dəhliz açılsın, Türk Birliyi yaransın. Təbii ki, Aİ formatlı bir birliyin yaradılması ilk növbədə gömrük birliyini, yüklərin və malların daşınmasında güzəştləri nəzərdə tutacaq".

E. Kəlbizadə vurğuladı ki, bu isə Şərqdən Qərbə, Qərbdən isə Şərqə daşinan yükləri əlavə gömrük haqları, vergilərdən azad edəcək. Onlar bir bazardan digərinə daha ucuz transfer olunacaqlar:" Paşinyan başa düşur ki, Şimal və Cənub istiqamətində problemlərin mövcud olduğu şərtlərdə dünyanın Orta Dəhlizə ehtiyacı var, Türk Birliyi getdikcə daha çox reallığa çevrilir. Məhz bunu nəzərə alaraq Turan ideyasının onlar üçün problem yaratmadığini deyir. Bu, könüldən keçən xoşagəlimli sözlər deyil, bu, reallıqları dərk etmənin, Azərbaycan və Türkiyənin gücünü nəhayət ki, anlamanın nəticəsidir. Bu cür etirafları davamlı eşitmək üçün daim güclü olmalıyıq. Dövlət olaraq, millət olaraq, Türk dünyası olaraq.

Ermənistan baxımından isə hər şey aydındır. Azərbaycan və Türkiyənin şərtlərini qəbul etməsələr nə xəyali, nə də real Ermənistanın mövcudluğu mümkün olar".

İradə SARIYEVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr