AZ

"Şirvan" FK bütün futbolçular və texniki heyətlə yollarını ayırıb

“Şirvan” Futbol Klubunun rəhbərliyi 2024/25 mövsümünün başa çatması ilə bağlı komandanın heyəti haqqında mühüm qərar qəbul edib.

Operativ Media xəbər verir ki, qərara əsasən, klubun şərəfini qoruyan bütün futbolçular və texniki heyətlə yollar rəsmən ayrılıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, bu tarixdən etibarən komandaya bağlı heç bir şəxs klubla müqavilə öhdəliyi daşımır və hər kəs sərbəst hesab olunur.

Klub bu addımı strateji yenilənmə və növbəti mövsüm üçün daha sistemli planlamalar çərçivəsində atdığını açıqlayıb. Rəhbərlik Region Liqasında ikincilik qazanaraq Pley-off mərhələsində 2-ci Liqaya yüksəlmək uğrunda böyük əzmkarlıq göstərən bütün oyunçulara və texniki heyətə təşəkkür edib:

“Bu tarix sizinlə yazıldı! Tərlə, ruhla bu uğura imza atan hər kəsə minnətdarlığımızı bildiririk".

Klubdan verilən açıqlamada həmçinin qeyd olunub ki, bəzi futbolçular və texniki heyət üzvləri ilə əməkdaşlığa davam etmək niyyəti var. Bu məqsədlə onlarla fərdi qaydada danışıqlar aparılacaq və yeni təkliflər irəli sürüləcək.

Sonda “Şirvan” FK ailə ruhuna sadiq qalaraq sabiq üzvlərinə uğurlar arzulayıb:

“Futbol sadəcə oyun deyil, bir ailədir. Bəzən yollar ayrılsa da, ailəlik duyğular əbədi qalır. Biz bir komandada davam etməsək də, Şirvan FK-nın qapıları bu klubun formasını geyinmiş hər bir oyunçunun üzünə hər zaman açıqdır. Hər birinizə təşəkkür edirik — biz birlikdə tarix yazdıq!”

Seçilən
4
operativmedia.az

1Mənbələr