AZ

“Hörmüz boğazının bağlanması masamızın üstündədir" - İranın Bakıdakı səfirliyi


İyunun 23-də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan mətbuat konfransı keçirib. İran rəsmisi mətbuat konfransındabir sıra məsələlərə toxunub, İran İsrail müharibəsi ilə əlaqədar jurnalistlərin suallarını cavablandırıb.

Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib ki, İsrailin İrana hücumlarına qarşı beynəlxalq təşkilatlara üzv ölkələr tərəfindən tədbirlərin görülməsi gözlənilir.

Onun sözlərinə görə, İran ABŞ ilə dolayı müzakirələrin 6-cı raundunu keçirmək istədiyi bir vaxtda İsrail İrana hərbi hava hücumlarına başlayıb.

13 iyunda İsrailin İrana hücum edərək İranın hərbi komandanlarını və nüvə alimlərini öldürərək İranda təhlükəli vəziyyəti yarada biləcəyini düşünürdü. Lakin İran BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən bu təcavüzə reaksiya verib və özünü müdafiə edib. İsrail bütün beynəlxalq qanunları pozaraq İrana qanunsuz hücumlar edib. İsrail beynəlxalq normaları pozaraq nüvə obyektlərinə, Fars körfəzindəki neft və qaz obyektlərinə hücum edib. Münaqişənin Fars körfəzinə yayılması çox təhlükəli addımdır. Bu hücumlar əsnasında İran diplomatik yolun davam etdirilməsi məqsədilə Avropa ölkələri ilə müzakirələrə maraq göstərib. 3 Avropa ölkəsi, Aİ nümayəndəsi və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra danışıqlar aparıb. Lakin bu arada ABŞ İrana təcavüz edib. Bu istiqamətdə BMT, İƏT, Qoşulmama Hərəkatından İsrailə qarşı ciddi tədbirlərin görülməsi gözlənilir.

Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib ki, ABŞ-nin İrana hücumu ilə BMT TŞ-nin 2234 saylı qətnaməsi açıq-aşkar şəkildə pozulub.

Onun sözlərinə görə, nüvə silahı omlayan ölkəyə iki nüvə silahı olan ölkə tərəfindən hücum olunub. Bu isə Nüvə Silahlarının Yayılmamasına dair Sazişə vurulmuş dəhşətli zərbədir.

İran səfirliyinin müvəqqəti işlər vəkili onu da qeyd edib ki, İran müzakirə masasını heç vaxt tərk etməyib.

Onun sözlərinə görə, lakin müzakirələri pozan tərəf qarşı tərəf olub: “İran həmişə müzakirə aparmağa maraq göstərib”.

Seyid Cəfər Ağayi Məryan İranın ən çox zərbə endirilən şəhərinin adını da açıqlayıb. O, burğulayıb ki, Təbriz ən çox hücum edilən şəhərlərdən biridir.

Onun sözlərinə görə, İranın bir çox şəhərləri hücumlara məruz qalır: “Əhalinin şəhərləri tərk etməsi ilə bağlı xəbərlər isə həqiqəti əks etdirmir".

O, həmçinin qeyd edib ki, İran-Azərbaycan sərhədində - Astarada hər hansı məhdudiyyət yoxdur.

O, vurğulayıb ki, İranın Bəndər-Abbas limanında yükdaşımalarla əlaqədar hər hansı məhdudiyyət yoxdur.

Seyid Cəfər Ağayi Məryan əlavə edib ki, özü İran-Azərbaycan sərhədində Astarada da hər hansı məhdudiyyət müşahidə etməyib.

Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında bildirib ki, nüvə obyektlərinə dəyən zərərlər araşdırılır.

İran rəsmisinin sözlərinə görə, nüvə obyektlərə hücum beynəlxalq normalara zidd hesab olunurz: “Lakin İsrail və ABŞ bu qanunları pozaraq nüvə obyektlərinə hücum edib. İran tərəfi nüvə obyektlərinə hücumlar zamanı dəyən zərərlər araşdırılmaqdadır".

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili İsrailin İrana hücumlarında ölənlərin sayı açıqlayıb. Rəsmi məlumatlara əsasən, İsrailin İrana hücumlarında 430 nəfər ölüb.

Onun sözlərinə görə, bu hücumlarda 3,5 min nəfər yaralanıb. 500 nəfər isə müalicə olunaraq xəstəxananı tərk edib.

İran rəsmisi İranın neft ixracatı məsələsinə də toxunub bildirib ki, İranın neft ixracında artım qeydə alınıb. O, deyib ki, son vaxtlar İranın xam neft ixracında artımın qeydə alındığı bildirilir.

Səfirliyin rəsmisinin sözlərinə görə, hazırda İranın xam neftinin gündəlik 2,3 milyon barel təşkil etdiyi bildirilir.

Ağayi Məryan deyib ki, neft ixracının davam etdirilməsində hər hansı problem yaranmayıb.

Mətbuata görə, İranın neft naziri Möhsün Paknejad 11 iyunda yerli mediaya açıqlamasında bildirib ki, müxtəlif aylarda İranın xam neftinin ixracında rekord rəqəmlər qeydə alınıb.

Əlavə edilir ki, ABŞ-nin İranın neft ixracına tətbiq etdiyi sanksiyalara görə, İran xam neft ixracı ilə əlaqədar məlumatları gizli saxlayır.

Vurğulanana görə,İranda hazırda 74 neft yatağı və 22 qaz yatağı aktivdir. İranın Cənub Neft Zonaları Milli Şirkətinin ərazisində 37, İranın Mərkəzi Neft Zonaları Şirkətinin ərazisində 14, Ərvəndan Neft-Qaz Hasilatı Şirkətinin ərazisində 5, Ofşor Neft Şirkətinin ərazisində 18 neft yatağı fəaliyyət göstərir. Həmçinin İranın Cənub Neft Zonaları Milli Şirkətinin ərazisində 5, Mərkəzi Neft Zonaları Şirkətinin ərazisində 13, Pars Neft-Qaz Şirkətinin ərazisində 1, Ofşor Neft Şirkətinin ərazisində 3 qaz yatağı fəaliyyət göstərir.

Əlavə edək ki, İranın bütün karbohidrogen ehtiyatı 1,2 trilyon bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun 340 milyard barelini çıxara bilər. İran təxminən 30%-dən istifadə edə bilər və 70% yer altında istifadəsiz qalır.

İran rəsmisi qeyd edib ki, Hörmüz boğazının bağlanması məsələsi masadadır. "Hörmüz boğazının bağlanıb-bağlanmaması ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurası qərar verə bilər", - o qeyd edib.

Onun sözlərinə görə, bu qərar ölkənin aidiyyəti qurumlarının səlahiyyətindədir:"Bununla əlaqədar əsas qərar İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilə bilər. Hörmüz boğazının bağlanması məsələsi masa üzərində olan məqamlardan biridir".

İrana hücumlar Azərbaycanla yükdaşımalara necə təsir edib? İran rəsmisi bu suala da aydınlıq gətirib.

“Hazırda İran və Azərbaycan arasında həm beynəlxalq, həm də iki ölkə arasında yükdaşıma davam etdirilməkdədir”-deyə Seyid Cəfər Ağayi Məryan mətbuat konfransında deyib.

O, qeyd edib ki, hazırda Astara sərhəd-keçid məntəqəsindən hər iki istiqamətdə gündəlik 300, Biləsuvar sərhəd keçid məntəqəsindən gündəlik 250 yük maşını keçməkdədir.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.

İradə SARIYEVA

Seçilən
3
baki-xeber.com

1Mənbələr