AZ

KTMT-yə görə Kreml-İrəvan dartışması yenidən qızışır...


Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Pankin Ermənistanı öz təhlükəsizlik imkanlarını, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində kollektiv formatda səmimi və realist şəkildə yenidən qiymətləndirməyə çağırıb.

Pankin bildirib ki, Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurması” və qərarların qəbulunda iştirak etməməsi fonunda ölkənin öz təhlükəsizliyini necə təmin edəcəyi sual altındadır: “Bütün tərəflər anlayır ki, Ermənistan artıq təşkilatın qərarlarında iştirak etmir. Amma bu ölkə KTMT-nin kollektiv mexanizmlərinə və öz təhlükəsizlik ehtiyaclarına obyektiv yanaşmalıdır”.

Pankin həmçinin bildirib ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsi 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacaq. Bu qərarın hansı formatda veriləcəyi isə hələlik bəlli deyil.

Xatırladaq ki, Ermənistan rəsmi olaraq KTMT-dən çıxmasa da, son illərdə təşkilatla əlaqələrini minimuma endirib: tədbirlərdə iştirakdan imtina edir, birgə təlimlərə qatılmır və maliyyə öhdəliklərini yerinə yetirmir. Moskvanın bu açıqlaması Ermənistanın Qərblə yaxınlaşmasına və KTMT-dən uzaqlaşmasına qarşı diplomatik xəbərdarlıq kimi qiymətləndirilir. İndi İrana qarşı savaş fonunda Rusiyadan Ermənistana ünvanlanan xəbərdarlıqların sayı artır. Bu xüsusda “armenianreport” poratlı yazır: “Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin KTMT məsələsində yenidən Ermənistanı xəbərdar edib. Bəs Moskva müttəfiqləri qarşısında öz öhdəliklərinə necə baxır? Bununla belə, sual ritorikdir. Rusiyalı diplomatın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında səsləndirdiyi sözlər, nə olursa olsun, cavabsız qala bilməz. O xatırladıb ki, Ermənistan KTMT-yə üzvlüyünü “dondurub” və üzvlük haqqı ödəmir, bunun üçün guya münasibətlərə yenidən baxıla bilər. Bununla belə, münasibətləri əks istiqamətdə - Ermənistanın bu hərbi alyansdan konkret olaraq nə aldığını və onun aparıcı iştirakçısı - Rusiya tərəfindən hansı öhdəliklərə kobud şəkildə məhəl qoymadığını ayıq şəkildə qiymətləndirməyə dəyər. Ermənistan KTMT-yə üzv olanda bunu gözəl şüarlar və ya bürokratik hesabatlar üçün etməyib. Qeyri-sabit və ya düşmən qonşuların əhatəsində olan kiçik bir ölkə öz təhlükəsizliyinə zəmanət axtarırdı. O, xüsusilə açıq-aşkar xarici təhlükə şəraitində kollektiv müdafiənin aydın və yaxşı əlaqələndirilmiş mexanizminə arxalanırdı. Bəs qarşılığında nə aldıq? Heç nə. KTMT-nin 44 günlük müharibəyə məhəl qoymadığı tamamilə aşkar və mübahisəsizdir. Bəli, müharibə başlayanda Ermənistan çox çətin vəziyyətdə qaldı. Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə iclası əvəzinə biz sərhədlərin “hüquqi incəlikləri”nə yalnız nəzakətli bəhanələr və istinadlar eşitdik.

Belə bir şəraitdə KTMT üzvlüyünün dondurulması və ödənişlərin dayandırılması Rusiya diplomatlarının bunu təqdim etməyə çalışdığı siyasi şantaj jesti deyil. Bu, müttəfiq tərəfindən aldanmaqdan yorulan dövlətin məntiqi, çoxdan vaxtı keçmiş addımıdır. Əgər Rusiya və ya KTMT-nin digər üzvləri özlərinə “rüsum ödəməsəniz, biz bunu həll edəcəyik” üslubunda şantaj etməyə icazə versələr, biz də buna cavab olaraq presedentlərə işarə etməliyik.​

Özbəkistan artıq KTMT-dən çıxıb və heç nə baş verməyib. Heç kim onu ​​ilhaq etmədi, heç kim təcrid etmədi. Üstəlik, Özbəkistan hazırda suveren siyasət yürüdür və Moskvada qəbul edilən qərarlardan asılı deyil. Bəlkə Ermənistanın imza atdıqları kağıza dəyməyən formal ittifaqlar olmadan real suverenlik yolunu seçmək vaxtıdır? Rusiya və KTMT sadə bir suala cavab verməlidir: nə üçün tarixinin ən çətin anlarında müttəfiqinə xəyanət etdilər? Niyə “qardaşlıq” və “kollektiv təhlükəsizlik” haqqında gözəl sözlər elementar siyasi hesablaşma və biganəliyi gizlədir? Bu gün Ermənistanda getdikcə daha çox insan başa düşür: bizim heç kimə heç bir borcumuz yoxdur, - əksinə, bizim öz xalqımız qarşısında böyük siyasi və mənəvi borcumuz var - təhlükəsizliyi öz səyimizlə, illüziyasız və saxta təminatsız təmin edək. Və Moskvada kiminsə üzvlük dondurulmasını bəyənmirsə - qoy ilk olaraq bu təşkilatın birlik olmaqdan çıxıb boş qabığa çevrilməsinin səbəbinə cavab versinlər”. Maraqlıdır ki, belə bir vaxtda Rusiya həm də Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir. Moskva ehtiyat edir ki, Ermənistanın avrointeqrasiyasının dərinləşməsi onun hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına gətirib çıxara bilər. Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bu xüsusda qeyd edib: “Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan da səmasını bağlayacaq? Əgər Avropa İttifaqına daxil olacaqsa, bəli. Çünki Brüsseldə sizdən tələb olunacaq ki, hava məkanını bağlayın və sizin də seçiminiz olmayacaq”. Overçuk İrəvanı avrointeqrasiyanın bütün incəliklərini daha dərindən tədqiq etməyə çağırıb. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinisə bundan əvvəl qeyd edib: “Ümid edirik ki, erməni müttəfiqlərimiz Qərbdəki rusofob qüvvələrin öz gözəl ölkələrindən regionda Rusiya ilə qarşıdurmada “ikinci cəbhə” açmaq üçün istifadə etməyə imkan verməyəcək, Avrasiya inteqrasiyasının dinamik inkişaf edən proseslərində onların iştirakını təhlükə altına atmayacaqlar”.

Ramil QULİYEV

Seçilən
2
baki-xeber.com

1Mənbələr