AZ

Dövlət üçün böyük gəlir mənbəyi olan kazinolar hansı ərazilərdə açılacaq?


Kamran Məmmədli: “Süni torpaq sahəsi” dedikdə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan torpaq sahəsi nəzərdə tutulur”

Müasir dövrdə ölkələrin davamlı iqtisadi inkişafı, həm də innovativ yanaşmalara əsaslanır. Son zamanlar Xəzər dənizində premium turizm infrastrukturunun formalaşdırılması üzrə nəzərdə tutulan hüquqi mexanizmlər ölkə iqtisadiyyatının gələcək trayektoriyasını müəyyən edən əsas istiqamətlərdən biri kimi qiymətləndirilir.

Xatırladaq ki, parlamentin ötən iclasında bir sıra qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Həmin sənədlərdən biri də "Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunlara dəyişiklikləri əhatə edir. Qeyd edilib ki, Xəzər dənizinin Azərbaycanın payına düşən hissəsində yaradılan süni torpaq sahələrində sahibkarlıq fəaliyyəti hüquqi əsaslarla tənzimlənməlidir. Bu məqsədlə qeyd olunan qanuna "Süni torpaq sahələrində sahibkarlıq fəaliyyəti" adlı yeni fəsil əlavə olunur.

Qeyd edək ki, süni torpaq sahəsi dedikdə, Xəzər dənizində Azərbaycanın suveren hüquqlara malik olduğu hissədə texniki müdaxilə yolu ilə yaradılan, hüquqi baxımdan ölkənin ərazisi sayılan torpaq sahələri nəzərdə tutulur.

Süni torpaq sahələri bu baxımdan tamamilə yeni imkanlar yaradır. Bu ərazilərdə beynəlxalq standartlara uyğun hotellər, restoranlar, əyləncə mərkəzləri və kazinoların fəaliyyətə başlaması xarici turistlərin ölkəyə axınını artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq turizm xəritəsindəki mövqeyini də möhkəmləndirə bilər. Kazinolar bu modeldə əlavə element kimi çıxış edir.

Hazırda Azərbaycanda iki ədəd süni torpaq örtüyü mövcuddur. Bunlardan biri "Khazar İsland", digəri isə "Sea Breeze" kompleksləridir. Məlumdur ki, “Khazar İsland" 2015-ci ildə fəalliyətini dayandırıb. Sözügedən layihənin əsas strukturlarının tikintisi 2011-ci ildə başladı, 2014-cü ilin avqustunda əsas çimərlik qurğuları açıldı, lakin 2015-ci ildən etibarən Azərbaycanda baş verən devalvasiya səbəbindən maliyyə problemləri yarandı.

Hazırda "Sea Breeze" kompleksi Azərbaycanda süni torpaq örtüyünə sahib olan yeganə layihədir.

“Yaradılacaq adalarda infrastruktur qurulandan sonra sahibkarların çoxu orda fəaliyyət göstərməyə can atacaq”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Xəzərdə süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün yeni imkanlar açacaq: “Bu adalar gələcəkdə həm daşınmaz əmlaka xarici investisiya qoyuluşuna, həm turizmin inkişafına müsbət təsir göstərəcək. Yaradılacaq adalarda infrastruktur qurulandan sonra sahibkarların çoxu orda fəaliyyət göstərməyə can atacaq.

Onu da deyim ki, süni adaların salınması kommersiya layihəsidir və orada istirahət üçün şərait yaradılır. Əsas məqsədi turizmdən qazanc əldə etməkdir. Bir çox ölkələrdə, xüsusən də Aralıq dənizi ölkələrində, eləcə də Qara dənizdə süni adalar var. Dubaydakı süni adalar çox məşhurdur. Amma tikinti zamanı nəzərə almaq lazımdır ki, bir çox dənizlərdə süni adalar olsa da, orada suyun səviyyəsi kəskin şəkildə dəyişmir. Xəzərdə, məlum olduğu kimi, səviyyə qalxır və enir. İndi ciddi azalma var, amma ola bilər ki, müəyyən müddətdən sonra yenidən qalxmağa başlasın. Bu məqam da diqqətdə saxlanılmalıdır".

Günel CƏLİLOVA

Seçilən
2
baki-xeber.com

1Mənbələr