AZ

İsrail də İran kimi nüvə tərksilahına məcbur edilə bilərmi - Medvedyevdən təklif...


Əli Orucov: “İsraili nüvədən imtinaya yalnız Birləşmiş Ştatlar məcbur edə bilər”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında İsrailin İrana hücumları ilə başlayan münaqişələrlə bağlı açıqlamalar verib.

Amerikalıların əksəriyyətinin Ukraynanın harada olduğunu bilmədiyini vurğulayan Medvedev yazır: "Başqalarının münaqişələrinə pul xərcləmək istəməyən ABŞ prezidenti Donald Trampın komandası hazırda çox gərgin vəziyyətdədir. Çünki burada vəziyyət fərqlidir, söhbət onların çox sevdiyi İsraildən gedir. İndi qoy ən çox sevdikləri ağıllı uşaqları ilə məşğul olsunlar. Yalnız bir açıq təhlükə var - Yaxın Şərq münaqişəsinin Trampın daim danışdığı qlobal münaqişəyə çevrilməsi".

ABŞ, İsrail və İranın dua etməsi gərəkdiyini deyən Medvedev, “Avropadan danışmıram, orada müqəddəs bir şey qalmayıb” deyib. Medvedev müharibəni dayandırmaq üçün hər iki tərəfə həyati əhəmiyyətli çağırış da edib. Medvedevə görə, İsrail də İranla birlikdə öz nüvə proqramından əl çəkməlidir.

Maraqlıdır, hər iki ölkənin öz nüvə proqramından əl çəkməsi nə qədər məqbul təklifdir?

“Moskva dünyada diqqətin İrana yönəlməsində və böhranın uzanmasında maraqlıdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən edən AMİP funksioneri Əli Orucovun fikrincə, nəzəri baxımdan bu, hardasa məqbul görünə bilər: “Yəni hər iki dövlət nüvə proqramından imtina etsin, nüvə silahına malik olmasınlar. Təbii, yaxşı olardı ki, dünyada nüvə silahları yayılmasın. Çünki bu, planetimiz üçün ciddi təhlükə deməkdir. Ancaq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin irəli sürdüyü təklifin praktiki baxımdan həyata keçməsi real deyil. Ona görə ki, İsrail rəsmən nüvə silahına malik olduğunu bəyan etmir. Halbuki, uzun illərdir İsrailin bir neçə nüvə bombasına malik olması barədə məlumatlar var. İsraili nüvədən imtinaya yalnız Birləşmiş Ştatlar məcbur edə bilər. Birləşmiş Ştatların da buna gedəcəyi real görünmür. Çünki yəhudi lobbisi müəyyən mənada ABŞ-ı idarə edir, bu ölkənin verdiyi qərarlara faktiki təsir göstərir. O baxımdan Vaşinqtonun buna gedəcəyi real deyil. İranın isə nüvə silahı əldə etməsi həm region ölkələri üçün, həm də dünya üçün təhlükəlidir. Bu ölkə avtoritar sistemə malikdir və qonşu ölkələrə öz idarəçilik sistemini ötürmək istəyir. Belə bir ölkənin əlində nüvə silahı olsa, bunun çox ciddi və mənfi nəticələri olacaq. Rusiya istəməz ki, nüvə silahları yayılsın. Ancaq Moskva dünyada diqqətin İrana yönəlməsində və böhranın uzanmasında maraqlıdır. Bu zaman Ukraynanın işğalı daha da genişlənə bilər. Ən başlıcası isə, neftin qiyməti artacaq ki, bu da enerji gəlirlərindən asılı olan və müharibə aparan Rusiya üçün böyük iqtisadi gəlir deməkdir. Əfsuslar olsun ki, İsrail-İran qarşıdurmasının davam etməsi Rusiyaya fayda verir”.

Vidadi ORDAHALLI

Seçilən
2
baki-xeber.com

1Mənbələr