Mehman İsmayılov: “ABŞ-ın bu müharibəyə qoşulması, İsraillə birləşib İrana ağır zərbələr vurması, əlbəttə ki, Rusiyanın əlini gücləndirir, bu, Rusiya-Ukrayna müharibəsini daha da qızışdıracaq”
Bir neçə gün əvvəl İsrailin İrana hücumu nəticəsində baş verən İsrail-İran müharibəsi hələ də davam edir və artıq ABŞ da müharibəyə qoşulub. ABŞ-ın İrana ağır zərbələr endirdiyi məlumdur və ABŞ - İran müharibəsi qızışır.
Orta Şərqdəki müharibə Ukrayna- Rusiya müharibəsinə necə təsir edəcək? Gözləntilər nədir?
“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə yeni nəfəs verəcək”
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hücum, endirdiyi ağır zərbələr Rusiyanın əl-qolunu açdı: “Birləşmiş Ştatların prezidenti hakimiyyətə gələrkən "mən sülh yaratmağa gəlmişəm, ABŞ yeni müharibələri başlatmayacaq, Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurma bizim müharibələr deyil" kimi bəyanatlar səsləndirdi. İrana iki həftə vaxt verən, sonra isə birdən-birə, qəflətən İrana ağır bombardmançı təyyarələrlə zərbələr vurmağa qərar verən Tramp Rusiyanın qarşısında duran bütün əngəlləri aradan qaldırmış oldu. Əvvəl də ABŞ prezidenti Rusiyaya isti münasibət göstərməklə, "Rusiya sülh istəyir" deməklə, Ukraynanı suçlamaqla, əlbəttə, Putin hakimiyyətinin əl-qolunu açıb.
Amma indi ABŞ-ın özünün heç bir əsas olmadan sadəcə Netanyahu hakimiyyətinin uydurma arqumentləri əsasında İrana endirdiyi zərbə, əlbəttə ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə yeni nəfəs verəcək. Bu artıq Kiyevə vurulan zərbələrdən açıq-aydın görünür”.
M.İsmayılovun sözlərinə görə, Rusiya artıq Ukraynaya qarşı başlatdığı təcavüzü sivil dünyanın qarşısında Birləşmiş Ştatların İrana vurduğu zərbələrin kontekstində, əlbəttə ki, arqumentləşdirməyə çalışır. “İndi Birləşmiş Ştatlar bu zərbəni enidirərkən Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü təcavüz səbəblərinə don geydirmiş oldu. Əlbəttə, Rusiya bu şiddəti qızışdıracaq, Ukraynaya qarşı başlatdığı müharibənin arealını genişləndirəcək, hücumlarını gücləndirəcək. Çünki Birləşmiş Ştatların sülhdən danışıb, onun kəşfiyyat orqanları İranın nüvə silahı əldə etməsinə dair heç bir əsas olmadığını bəyan edərkən ABŞ-ın bu müharibəyə qoşulması, İsraillə birləşib İrana ağır zərbələr vurması, əlbəttə ki, Rusiyanın əlini gücləndirir, bu, Rusiya-Ukrayna müharibəsini daha da qızışdıracaq. Rusiya artıq açıq şəkildə özünün indiyə qədər irəli sürdüyü arqumentlərin hamısının haqlı olduğunu isbat etməyə çalışacaq. Əlbəttə ki, Birləşmiş Ştatların atdığı yanlış tarixi bir addım idi. Bununla Netanyahunun arzuladığı müharibənin miqyasının, arealının genişləndirilməsi, əlavə ölkələrin bu müharibəyə qoşulması məsələsi, əlbəttə ki, reallaşır. Bir tərəfdən Putinin Avropa ölkəsinə qarşı başlatdığı təcavüz, digər tərəfdən İsrailin İrana qarşı başlatdığı təcavüz və buna Birləşmiş Ştatların qoşulması çox real şəkildə Rusiyanın mövqeyini gücləndirir, bu uydurulmuş arqumentlərinə arqumentlər qatır. Rusiya öz sərhədində Ukraynaya qarşı əməliyyatlar aparmaqla öz təhlükəsizliyini təmin edurmiş kimi görünür, haqlı çıxır. Əgər Birləşmiş Ştatlar okeanın o tayından gəlib İranın nüvə obyektlərini bombalayırsa, üstəlik də ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin rəhbərinin 23 martda məruzə etdiyi məsələlər ki, İran 2002-ci ildən bəri nüvə bombası əldə etmək üçün heç bir addım atmayıb, bu kəşfiyyat məlumatlarının nəzərə alınmaması və Trampın Milli Təhlükəsizlik Agentliyinin rəhbərinin məruzəsinə inanmaması göstərir ki, ABŞ İsrailin, Netanyahunun tələbi ilə bu müharibəyə qoşuldu. İran necə cavab verəcək? Çinin buna necə reaksiya verdiyini gördünüz, çox kəskin şəkildə reaksiya verdi. Şimali Koreyanın buna reaksiyası çox kəskin oldu. Belə olan tərzdə, əlbəttə ki, indi Rusiyanın qarşısında heç bir siyasi, strateji əngəl qalmayıb. Əgər Birləşmiş Ştatlar BMT nizamnaməsini bu cür tapdalayırsa niyə Rusiya tapdalamasın? Rusiya kimi aqressiv bir ölkə niyə bu şansdan istifadə etməsin? İstifadə edəcək, getdikcə müharibəni qızışdıracaq. Ukrayanaya daha ağır zərbələr vuracaq”-deyə M.İsmayılov qeyd etdi.
İradə SARIYEVA