AZ

"Gecəyarısı çəkic" - ABŞ-İran-İsrail üçbucağında müharibə sönmədi...


Xəbərdarlıqlara və hətta təhdidlərə baxmayaraq, prezident Donald Tramp İranı bombalamaq əmrini verdi. “Gecəyarısı çəkic” əməliyyatı Ağ Evdə Pentaqonun uğuru kimi qiymətləndirildi, lakin Vaşinqtonun İsrail-İran müharibəsinə birbaşa müdaxiləsinin bununla məhdudlaşacağına dair heç bir zəmanət verilmədi. Dünyada, o cümlədən ABŞ-ın özündə buan qarşı etirazlar var, lakin etirazların hər hansı bir anti-Amerika aksiyasına çevriləcəyinə inanmağa əsas yoxdur.

Düzdür, ABŞ-da Tramp impiçmentlə hədələnir: o, Konqresin sanksiyası olmadan hərəkət edib və üstəlik, müharibənin deyil, sülhün prezidenti olacağına dair seçki vədini pozub. İran, Çin, Rusiya Federasiyası üçün Ağ Evin siyasətində belə transformasiya yaxşı heç nə vəd etmir. Bu, Trampın Rusiya-Ukrayna istiqamətində sülhməramlı səylərinin də sonu ola bilər.ABŞ hərbi departamentinin ən çox tənqid edilən rəsmisi, Pentaqonun rəhbəri Pit Heqset “Gecəyarısı çəkic”in nəticələri barədə şəxsən məlumat verib. Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn ilə birgə mətbuat konfransında o, Amerikanın zərbəsinin heyrətləndirici uğurunu elan edib. Heqsetin sözlərinə görə, İranın nüvə proqramı məhv edilib. Bununla bağlı Fordo, Natanz və İsfahanda bütün mühüm obyektlər hücuma məruz qalıb. Donald Tramp deyir ki, ABŞ ordusu İranda üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana zərbələr endirib və missiyanı yerinə yetirən təyyarələr artıq ABŞ-aqayıdıb: “Əsas obyekt - Fordoya Bombalar buraxılıb. Təyyarələr geri qayıdıb”. O qeyd edib ki, ABŞ bombardmançıları Fordo, Natanz və İsfahanda nüvə obyektlərini vurmaqla İranın nüvə proqramını dağıtmağa çalışan İsraillə birgə hərəkət edib və bu, Tehranı danışıqlar masasına qaytarmaq alınmayandan sonra gerçəkləşdirilib: “Onlar illərlə bu dəhşətli dağıdıcı zavodları tikərkən hər kəs bu adları eşidib. Məqsədimiz İranın uranı zənginləşdirmə qabiliyyətini dağıtmaq, dünyanın bir saylı terror sponsoru dövlətinin yaratdığı nüvə təhdidini aradan qaldırmaqdır”. Tramp vurğulayıb ki, İran sülhə gəlməlidir: “Bunu etməsələr, gələcək hücumlar daha böyük və xeyli asan olacaq”. İranın dövlət televiziyası hücumların əhəmiyyətini azaldaraq bildirib ki, nüvə materialı zərbələrdən öncə üç obyektdən yığışdırılıb. BMT Təhlükəsizlik Şurasının keçmiş üzvü Brett Makqerk deyib ki, bunkerqıran bombadan istifadə hərb tarixində bir ilkdir. O, bu silahın Fordo kimi hədəf üçün hazırlandığını qeyd edib. ABŞ və İsrail rəsmilərinin daha öncə dediklərinə görə, Birləşmiş Ştatlar İranın yerin altında yerləşən nüvə obyektlərinə zərbə endirmək gücündə olan yeganə ölkədir.​“Vaşinqton Post” öz mənbələrinə istinadən yazır ki, Trampın ABŞ-ın Tehranın nüvə proqramı ətrafında yaranmış böhranı diplomatik yollarla həll etməyə çalışması üçün İrana maksimum iki həftə vaxt verməyə hazır olduğu barədə bəyanatları planlaşdırılan dezinformasiya kampaniyasının bir hissəsi idi. Bildirilib ki, ictimaiyyət Amerika liderinin sözlərini diplomatik səylər üçün fasilə kimi qəbul etsə də, əslində bu, İranın nüvə obyektlərinə zərbəyə hazırlığı ört-basdır etmək üçün nəzərdə tutulmuş diversion manevr idi. Eyni zamanda, Ağ Evdə və Pentaqonda yalnız bir neçə nəfər əməliyyatla bağlı real işdən xəbərdar idi və bir çox yüksək rütbəli əməkdaşlar zərbələrin rəsmi elanına qədər xəbərsiz qaldılar. Əməliyyat başlamazdan əvvəl Vaşinqton administrasiyasının rəhbəri həm İrana hücumun tərəfdarları, həm də bu ideyanın əleyhdarları ilə məsləhətləşib. Tramp “Truth Social” sosail şəbəkəsində artıq iranda rejim dəyişikliyindən də danışır: “Rejim dəyişikliyi' ifadəsini işlətmək siyasi baxımdan düzgün sayılmır, amma əgər indiki İran rejimi İranı yenidən güclü etməyə qadir deyilsə – niyə rejim dəyişikliyi olmasın?”.

ABŞ Hərbi Hava Qüvvələri yeraltı hədəfləri vurmaq üçün hazırlanmış 14 GBU-57 hava bombasından və dənizdə yerləşən 20 “Tomahawk” qanadlı raketindən istifadə etdiyini bildirib. Bütün bunlar “B-2 Spirit” gizli bombardmançı təyyarələrdən və sualtı qayıqdan buraxılıb. Pentaqon bəyan edib ki, iranlılar təyyarələri və raketləri ələ keçirə və hətta izləyə bilməyiblər. Pentaqon onu qeyd edib ki, İrana dəyən zərərin həcmi hələ də müəyyənləşdirilir. İrana zərbə endirmək əmrinin verildiyi anda həm Tramp, həm də prezidentə sadiq media Ağ Evin Vəziyyət Otağı adlanan yerdən kadrlar və videolar nümayiş etdirib. Məlum oldu ki, Heqset, dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Vens həmin vaxt orada olublar. Bu, nəzəri olaraq, İran məsələsində Ağ Ev komandasında ciddi çəkişmələrin olması barədə medianın xəbərlərini təkzib etmək üçün nəzərdə tutulub. Xüsusilə, Heqsetin İran mövzusundan praktiki olaraq uzaqlaşdırıldığı, Vensin ABŞ-ın Yaxın Şərqdə yeni müharibəyə müdaxiləsinə qarşı çıxdığı, Rubionun onunla qismən razılaşdığı iddia edilməsi fonunda diqqət çəkir. Lakin onlar hamısı Vəziyyət Otağında həmrəylik nümayiş etdiriblər. İran məsələsində Trampla fikir ayrılığı ictimailəşən yeganə məmur Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard olub. O, istəmədən İranın nüvə silahı yaratmaq astanasında olmadığını bildirib. Tramp buna çox əsəbi bir ifadə ilə cavab verib: “Onun fikri məni maraqlandırmır”. Qabbard dərhal vəziyyəti düzəltməyə çalışıb, jurnalistləri onun sözlərini kontekstdən çıxarmaqda ittiham edib. Ağ Ev administrasiyasındakı parçalanma hələ də fərziyyə mövzusu olsa da, onun Respublikaçılar Partiyasındakı fikir ayrılıqları göz qabağındadır. Konqresin bəzi üzvləri birbaşa İrana zərbələri pisləyib. Konqresmen Marcori Taylor-Qrin sosial mediada deyib: “Amerika böyüklüyün astanasında olanda hər dəfə xaricdə başqa bir müharibəyə giririk”. İrana qarşı Konqresin də razılığı olmadan həyata keçirilən zərbələr, təbii ki, Demokratlar tərəfindən də tənqid edilib. Ən sərt tənqidçi partiyanın sol qanadının görkəmli nümayəndəsi konqresmen Aleksandriya Okassio-Kortez idi. O, Trampın impiçmentini təklif edib. Prezidentin birinci dövrünün təcrübəsi göstərir ki, bu təklifi həyata keçirmək çox çətindir. İndi Trampın partiya üzvləri Konqresin hər iki palatasına nəzarət etdiyinə görə, Respublikaçıların sıralarında ciddi parçalanma olarsa, bu mümkündür. Amma bu haqda danışmaq hələ tezdir. NBC telekanalı bildirir ki, ABŞ administrasiyası Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin bombalanmasından sonra İranın cavab zərbəsi endirməsinə qarşı hazırlaşmağa başlayıb. Bildirilir ki, Tramp administrasiyası cavab tədbirlərinin ABŞ-nin yalnız xaricdəki obyektlərinə, yoxsa öz ərazilərinə də toxunacağını hələ bilmir. Ağ Ev İranın qarşıdakı iki gün ərzində cavab zərbəsi endirəcəyini gözləyir.

Tahir TAĞIYEV

Seçilən
2
baki-xeber.com

1Mənbələr