ABŞ prezidenti Donald Tramp Tehrandakı hökumətin devrilməsini alqışlaya biləcəyini bəyan edib. Tramp özünün “Truth social” platformasında bu xüsusda yazıb:
“Siyasi cəhətdən düzgün olmasa da, “rejim dəyişikliyi” ifadəsini işlətmək olar. Amma əgər hazırkı İran rejimi İranı yenidən böyük etməyi bacarmırsa, niyə rejim dəyişikliyi olmasın??? MIGA!!!” (MIGA - Make Iran Great Again)”. Trampın bu açıqlaması vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin İranın nüvə obyektlərinə endirilən ABŞ hava zərbələrinin məqsədinin mövcud islamçı teokratik hökumətin devrilməsi deyil, danışıqlar yolu ilə əldə olunacaq razılaşma olduğunu bildirməsindən bir neçə saat sonra verilib.
Mətbuat konfransında müdafiə naziri Heqset zərbələri yalnız İranın nüvə proqramını hədəf alan dəqiq əməliyyat adlandırıb və bunun nə İran qoşunlarına, nə də İran xalqına qarşı yönəlmədiyini vurğulayıb: “Bu missiya rejim oyunu ilə bağlı deyildi və olmayıb. Prezident Tramp sülh istəyir və İran da bu yolu seçməlidir. Burada mütləq danışıqlar yolu ilə əldə olunmuş bir razılaşma olmalıdır”. Vitse-prezident Vens isə NBC televiziya kanalına deyib: “Biz bu vəziyyəti daha da uzatmaq və ya böyütmək istəmirik. Biz onların nüvə proqramına son qoymaq istəyirik. Biz iranlılarla burada uzunmüddətli həll yolu barədə danışmaq istəyirik”. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini də icra edən dövlət katibi Marko Rubio da CBS telekanalına açıqlamasında Vaşinqtonun Tehranla danışıqlara açıq olduğunu deyib: “İran rejimi ayılmalı və deməlidir: “Yaxşı, əgər biz ölkəmizdə həqiqətən nüvə enerjisi istəyiriksə - bunu həyata keçirməyin bir yolu var”. Bu təklif hələ də qüvvədədir. Biz onlarla sabah danışmağa və bu istiqamətdə işləməyə hazırıq”. Lakin Trampın Respublikaçılar Partiyasının bəzi üzvləri, o cümlədən nüfuzlu Texas senatoru Ted Kruz əvvəllər İran hökumətinin devrilməsi çağırışları ediblər. ABŞ zərbələrindən əvvəl Kruz deyib: “Mən bu rejimi devirməyə təşviq edə biləcək şəkildə rejimə təzyiq göstərmək üçün maksimum təzyiq və iqtisadi sanksiyalardan istifadə etməyi müdafiə edirəm”. İran isə danışıqlara qayıtmaq üçün edilən bütün təcili çağırışlara soyuqqanlı yanaşıb, özünümüdafiə hüququnu vurğulayıb. Tehran ABŞ-nin hərəkətlərinin təhlükəli nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib və diplomatiyanın yalnız İranın cavabından sonra gələ biləcəyini bəyan edib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ilk zərbə günündə bəyan etmişdi ki, əsas məqsəd “İslam rejimindən gələn nüvə və raket təhdidinə” son qoymaqdır. Lakin bunun ardınca iranlılara “azadlığa nail olmaq üçün yolların təmizlənməsi” ilə bağlı mesaj verildi. Söhbət konkret olaraq İranda ruhani hakimiyyətə son qoymaqdan gedir. İsrail mediasının məlumatına görə, indi İsrailin hədəfləri arasında İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi də var. Artıq İsrailin müdafiə naziri İsrael Katz Əli Xamneyinin “ən ağır hərbi cinayətlərə” görə məsuliyyət daşıdığını və İranın Ali Rəhbərinin “yaşamağa haqqının olmadığını” vurğulayıb. Benyamin Netanyahunun da artıq eyni yanaşma sərgilədiyinə dair məlumatlar səslənir. Netanyahu bu fonda qeyd edir ki, İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, nəticəsi ola bilər: “Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır. İkincisi, Tehrandan ballistik raket təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda, İranda hökumətin qeyri-sabit olacağı da göz qabağındadır. Bu, məqsəd deyil, nəticə ola bilər”. Elə İranın özündə də hakimiyyət dəyişikliyi məsələsi aktuallaşıb. ABŞ-ın İranın nüvə obyektlərinə hücumları Tehranda ölkənin gələcəyi və ali rəhbər Əli Xamneyinin hakimiyyətdə qalıb-qalmaması ilə bağlı açıq müzakirələri daha da gücləndirib. “The Atlantic” yazır ki, ABŞ-ın müdaxiləsindən bir neçə gün əvvəl müzakirələrdə iştirak edən iki mənbə bildirib ki, bir qrup iranlı iş adamı, siyasi-hərbi və yüksək rütbəli din xadimləri İranı Xamneyisiz idarə etmək planı hazırlamağa başlayıblar: “Plan istər 86 yaşlı liderin ölümü, istərsə də vəzifəsindən kənarlaşdırılması ehtimalı ilə hazırlanır”. İran Konstitusiyasına görə, 88 din xadimindən ibarət olan Ekspertlər Şurası Əli Xamneyini vəzifədən kənarlaşdırmaq üçün səs verməlidir, amma indiki şəraitdə belə bir səsvermənin təşkili mümkün deyil. İran mənbələrinin dediklərinə görə, lider qeyri-rəsmi şəkildə də kənarlaşdırıla bilər, məsələn, ətrafı ona təzyiq edərək və ya hakimiyyəti müvəqqəti əvəzləyiciyə təhvil verməyə inandırılaraq. Nəşrin iddiasına görə, plan müəllifləri bir neçə yüksək vəzifəli məmurdan ibarət rəhbərlik komitəsinin liderləri hakimiyyəti ələ keçirmək və İsrailin hücumlarını dayandırmaq üçün ABŞ ilə razılaşma əldə etmək barədə anlaşıb. Təfərrüatlar arasında müzakirələrdə iştirak etməyən keçmiş prezident Həsən Ruhaninin rəhbərlik komitəsində əsas rola malik olması və bəzi müvafiq hərbi rəsmilərin böyük dövlətlərdən olan həmkarları ilə müntəzəm təmas qurması, İranın kursu və hakimiyyətin tərkibinin dəyişdirilməsi üçün dəstək axtarması kimi məsələlər də var. Danışıqlarda iştirak edən şəxslərdən biri “Atlantic”ə söyləyib: “Onlar avropalılarla İranın gələcəyi ilə bağlı danışırlar. Hamı bilir ki, Xamneyinin vaxtı bitib. Vəzifəsində qalsa belə, real gücü olmayacaq”. Bu arada İranın ali dini lideri sui-qəsd cəhdindən ehtiyat edərək, ölümü halında üç mümkün varis seçib. “The New York Times” mənbələrə istinadən yazır ki, namizədlərin adları açıqlanmasa da, onun əvvəllər əsas namizəd hesab edilən oğlu Müctəba siyahıda yoxdur. O, din xadimidir və İslam İnqilabı Keşikçiləri Korpusuna yaxındır. Xamneyi, həmçinin etibarlı köməkçilərinin öldürüləcəyi təqdirdə onların yerinə kimin keçəcəyini də müəyyən edib. Qəzetin yazdığına görə, 86 yaşlı Xamneyi bunkerdədir, elektron ünsiyyətdən yayınır və vasitəçilərlə komandanlığı ilə əlaqə saxlayır. Oxşar ehtiyat tədbirləri digər yüksək vəzifəli məmurlar və hərbi qulluqçular üçün də nəzərdə tutulub.
Samirə SƏFƏROVA