AZ

Zelenski “Rus əsgərinin çəkməsi” sözlərilə həm də Azərbaycana mesaj verdi...


İbrahim Rüstəmli: “Rusiyanın rəsmi və qeyri-rəsmi şəxsləri, siyasətçiləri, siyasi partiyaları tərəfindən Azərbaycana qarşı da təhdid dolu bəyanatlar səsləndirilib”

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, diplomatik korpusda və Ukraynanın bir sıra qurumlarında kadr dəyişiklikləri yaxın ay ərzində aparılacaq.

"Putin Ukrayna və rus əsgərlərinin ayaqları haqqında danışanda, o, həmçinin Belarus, Baltikyanı ölkələr, Moldova, Qafqaz, Qazaxıstan kimi ölkələr və rus qatillərinin gedə biləcəyi yer üzündəki bütün yerlər haqqında danışır. Putinin gücü rusların imkanlarının bitdiyi yerdə bitir", - deyə Zelenski açıqlamasında qeyd edib.

“Putin rus əsgərlərinin ayaqlarından danışanda Qafqazı da nəzərdə tutur” deyib Zelenski.

Zelenski bunu həm də Azərbaycana bir xəbərdarlıq mesajı kimi edir?

“...Əsas məqsədi Ukrayna müharibəsindən qalib çıxmaq və sonra öz sərhədlərindən daha geniş miqyasda hərəkət etməkdir”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, ola bilsin, Rusiya prezidenti V.Putun bunu birbaşa şəkildə Azərbaycanın və digər keçmiş Sovet respublikalarının diqqətinə çatdırmayıb: “Ancaq onun ətrafında qulbeçələri, onun sözlərini müxtəlif tribunalardan bütün ölkələrə, dünyaya çatdıran, daha sərt, daha kobud şəkildə çatdıran adamları var. Putinin yanındakılar dəfələrlə bu barədə mesajlar veriblər. Yəni bu yeni fikir deyil. Zelenski “rus əsgərlərinin ayaqları” deyəndə yeni bir fikrə imza atmayıb. Bilirsiz ki, Rusiyanın rəsmi və qeyri-rəsmi şəxsləri, siyasətçiləri, siyasi partiyaları tərəfindən Azərbaycana qarşı da təhdid dolu bəyanatlar səsləndirilib. Rusiya televizyalarında da tez-tez Azərbaycana qarşı təhdid dolu çıxışlar edilir. Mən istəmirəm bunu birbaşa Azərbaycanın üzərinə fokuslayım, amma Azərbaycana qarşı da kifayət qədər belə bəyanarlar verilib”.

İ.Rüstəmli qeyd etdi ki, Rusiya Ukrayna müharibəsindən danışarkən ABŞ dövlət rəhbərliyi səviyyəsində birbaşa, birmənalı şəkildə Avropa ölkələrinə bəyanatla çıxış edərək bildirir ki, bu, ABŞ-dan çox sizin müharibənizdir, burda ABŞ-dan çox sizin taleyiniz həll olunur, Rusiya əgər Ukrayna müharibəsində qələbə çalarsa, bu, hərbi eskalasiyanı genişləndirəcək və özünün supergüc olması şanslarını nəzərdən keçirəcək. “Dünənə kimi Rusiya və ABŞ iki super güc idi, artıq Rusiyanın bu obrazda çıxışı mümkün deyil. Rusiya Ukrayna müharibəsinə qatılmaqla çox böyük enerji, maliyyə resurslarını itirmiş bir ölkədir. İndiki vaxtda Rusiyanın imkanları xeyli məhdudlaşıb. Müharibə çox ağır kampaniyadır. Hemunqueyin fikrincə desək, müharibədə müharibədə iştirak etməyən dövlətlər qazanır. Yəni Rusiya əvvəlki, yəni Sovet dövründəki mövqeyini, gücünü bərpa etmək üçün bu gün əlindən gələni edir. Ona görə də Ukraynada prinsupial mövqe sərgiləyir. Baxmayaraq ki, praktik olaraq Rusiya bütün dünyaya qarşı döyüşür. Bu o demək deyil ki, Rusiya əvvəlki imkanlarını bərpa etmək gücündədir. Yəni demək istəyirəm ki, Rüsiyanın münasibəti aydındır. Qafqazda onun çox sərt “əl işləri”, “izləri” var, biz Gürcüstanda, Azərbaycanda bunun hamısını görmüşük. Eyni zamanda Moldovaya, Baltikyanı ölkələrə qarşı münsibətləri yaxşı məlumdur. Əlbəttə, Rusiyanın əsas məqsədi Ukrayna müharibəsindən qalib çıxmaq və sonra öz sərhədlərindən daha geniş miqyasda hərəkət etməkdir. Yəni müharibənin ekskalasiyası davam edəcək. Əgər Rusiya bu şansa sahib olarsa, elə birinci fürsətdən istifadə edib bu addımları atacaq”.

İ.Rüstəmli qeyd etdi ki, yeni geosiyasi reallıqlar yaranıb, yeni münaqişə ocaqları mövcuddur, İsrail-Fələstin, İsrail-İran müharibələri gedir. O vurğuladı ki, əslində kölgə dövlətlər var, bu sadəcə İran və İsrail müharibəsi deyil, onun arxasında ABŞ kimi böyük dövlət dayanır, ssenarilər də məhz o böyük dövlətlərdə yazılır. “Yəni demək istəyirəm ki, dünyadakı nüfuzunu qorumaq üçün ABŞ kimi supergücün də öz ssenarisi var. Artıq kifayət qədər mövqeyini, gücünü itirmiş Rusiyanın da öz ssenariləri var. Hamısı öz ssenarisini reallaşdırmağa çalışır və təbiidir ki, bu ssenarilər reallaşdırılanda ən böyük təzyiq azsaylı xalqların, daha zəif imkanlara sahib dövlətlərin üzərinə düşəcək”.

İ.Rüstəmli əlavə etdi ki, Rusiya təmsilçiləri, mediası, siyasətçiləri ən kəskin formada bunu dilə gətirir: “Bu baxımdan, Zelenski düz deyir. Rusiyanın çox geniş planları, ssenariləri var. O ssenariləri reallaşdırmaq üçün o, Ukrayna müharibəsindən qalib kimi çıxdığı gündən fəaliyyətə başlayacaq, öz hərəkətinin miqyasını genişləndirəcək”.

İradə SARIYEVA

Seçilən
9
baki-xeber.com

1Mənbələr