AZ

Azərbaycanda sosial və infrastruktur layihələrə əlavə böyük maliyyə mənbəyi tapıldı...


Kazino biznesi Azərbaycan iqtisadiyyatına milyardlarla dollar qazandıra bilər

Azərbaycan iqtisadiyyatı seqmentlər üzrə işlənməmiş iqtisadiyyat sayılır. Yəni bir çox sahələr var ki, onlar bu və ya digər səbəbdən mövcud deyil, yaxud da inkişaf etməyib, rudiment xarakteri daşıyır.

Bu isə milli iqtisadiyyatın özünu ifadə və manevr imkanlarını daraldır, ümumidaxili məhsulun (ÜDM) artım tempinə töhfələri və büdcə gəlirlərini azaldır. İqtisadiyyatın işlənməmiş sahələrinə əngəllərin aradan qaldırması isə əks-təsirə malikdir. Yəni ÜDM-in artımına, iş yerlərinin çoxalmasına, büdcə gəlirlərinin yüksəlməsinə və s. parametrlərə öz müsbət təsirlərini göstərir.

Azərbaycan iqtisadiyyatının belə işləməyən sahələrindən biri də kazino biznesidir. Əslində bu seqmentin işləməsinə qanun mane olur. Yəni kazino biznesi ilə məşğul olmaq Azərbaycanda qanunla qadağandır. İqtisadiyyatın bu sahəsinin inkişafına qanundan başqa heç nə əngəl törətmir. Bu isə Azərbaycan iqtisadiyyatının milyardlarla itkisinə səbəb olur.

İqtisadiyyatın müxtəlif seqmentlərinin inkişafı baxımından turizmin sürətli inkişafı üçün əsas şərtlərdən olan kazino biznesi xüsusi rola malikdir.

Dünyanın məşhur turizm şəhərlərinin gəlirlərinə nəzər saldıqda görürük ki, bu gəlirlər sırasında kazino sənayesində daxilomaların xüsusi çəkisi kifayət qədər böyükdür. Məsələn, Monakonun Monte-Karlo şəhərinin gəlirlərinin 90%-i kazino, mərc və digər bu tip oyunlardan daxil olan vergilər hesabına formalaşır.

Kazinolar şəhəri sayılan Makao əvvəlcə dəniz adalarının seyrək məskunlaşmış kolleksiyası idi. Lakin müasir dövrdə o, XX əsrin sonlarından etibarən böyük kurort şəhəri və məşhur kazino məkanına çevrildiyi üçün tez-tez "Şərqin Las-Veqası" adlandırılır. Onun kazino sənayesi Las-Veqasdan yeddi dəfə böyükdür. Bu şəhər dünyada adambaşına düşən ÜDM-ə görə ən yüksək göstəricilərindən birinə malikdir. Şəhərin ümumi ərazisinin üçdə ikisi süni yaradılan - dənizdən çıxarılan torpaqlarda tikilir. Makaoda yalnız kazinolar və xidmət sahələri fəaliyyət göstərir.

Las-Veqas Amerika Birləşmiş Ştatlarının Nevada ştatında yerləşir və dünyanın kazino və əyləncə paytaxtı hesab olunur. Şəhərdə qumar biznesinin inkişaf etməsinin ən önəmli amili Las-Veqasın daxil olduğu Nevada ştatına digər ştatlara nisbətən xüsusi hüququn verilməsidir.

2023-cü ildə dünyanin kazino biznesinin həcmi 540 milyard dollar, ötən il isə 580 milyard dollar təşkil edib. Bu rəqəmin 2028-ci ildə 745 milyard dollara çatacağı gözlənilir.

Artıq nəinki Qərbdə və Amerikada, hətta postsovet məkanında da kazino biznesi ciddi gəlir gətirməyə başlayıb.

Məsələn, qonşu Gürcüstanda bu biznes sahəsinin həcmi 2022-ci ilə 16,45 milyard avrodan 17,82 milyard avroya, ötən il isə 28 milyard dollara qədər artıb. Sonuncu rəqəm təxminən Azərbaycan dövlət büdcəsinin gəlirlərinə bərabərdir. Ötən il Gürcüstanda kazino sektorunda 20 min işçi çalışıb.

2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazino və mərc oyunları biznesindən 245 milyon dollar vergi daxil olub.

2023-cü ildə Rusiyada kazino biznesindən gəlirlər 2.1 milyard avro olub.

Bütün bunlar onu göstərir ki, kazino biznesini qadağan etməklə Azərbaycan iqtisadiyyatı hər il milyardlarla dollar vəsait, on minlərlə iş yeri itirir.

Turist kimi Azərbaycanı seçən Avropa vətəndaşlarının böyük əksəriyyəti ölkədə kazino biznesinin qadağan edilməsi səbəbindən turist səfərini Cənubi Qafqazın digər ölkələrinə - Ermənistan və ya Gürcüstana dəyişir.

Bununla yanaşı, ölkə daxilində də kazino və digər əyləncə oyunlarına tələbətı olan vətəndaşlarımız var. Əhalinin həmin seqmenti öz kazino və əyləncə tələbatını ödəmək üçün ya ölkə xaricinə üz tutur, ya da bu tip qeyri-leqal təşkil edilmiş oyunlara qatılmaqla öz tələbatını ödəyir. Hər iki halda Azərbaycan cəmiyyəti, iqtisadiyyat və dövlət büdcəsi itirir. Kazino və digər əyləncə oyunlarının ölkədə leqallaşdırılması həm Azərbaycana turist axınını gücləndirər, həm on minlərlə yeni iş yerləri açılar, həm də dövlət büdcəsinə bu sektordan kifayət qədər daxilolmalar cəlb edilə bilər.

Ona görə də hesab edirik ki, Azərbaycanda kazino biznesinin leqallaşdırılması ölkəmizə hərtərəfli qazandıra bilər.

Dəniz NƏSİRLİ

Seçilən
13
baki-xeber.com

1Mənbələr