Finss.az - Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxışı zamanı rəqəmsal transformasiya, fintexlərin inkişafı, açıq bankçılıq və sektorun son göstəriciləri ilə bağlı ətraflı məlumat verib.
Rəqəmsal transformasiya davam edir
Zakir Nuriyev qeyd edib ki, maliyyə ekosistemi sürətlə rəqəmsallaşma mərhələsinə qədəm qoyur və bu sahədə əsas çağırışlar innovativ yanaşmalarla qarşılanmalıdır. Onun sözlərinə görə, açıq bankçılıq texnologiyalarına əsaslanan mərkəzləşdirilmiş platformanın yaradılması istiqamətində Mərkəzi Bank və ABA birgə səylər göstərir.
“Elektron pul və ödəniş təşkilatlarının fəaliyyəti beynəlxalq standartlara uyğun təşkil edilir. Artıq ölkədə 19 elektron pul, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatoru fəaliyyət göstərir”, – deyə Nuriyev bildirib.
Maliyyə inklüzivliyi və nağdsızlaşma prosesi
Forumda qeyd olunub ki, 2025-ci ilin ilk 4 ayında ölkədaxili nağdsız ödənişlərin ümumi əməliyyatlar içindəki payı 67,1% təşkil edib. Ölkədaxili elektron ticarət dövriyyəsi isə illik müqayisədə 1.4 dəfə artıb.
Bank sektoru üzrə əsas göstəricilər
Zakir Nuriyev 2025-ci ilin aprel ayı üzrə sektorun makroiqtisadi göstəricilərini də açıqlayıb:
Bank aktivləri – 54.6 milyard manat (illik artım: 10.9%)
Kredit portfeli – 28.1 milyard manat (illik artım: 14%)
Bunun 15 milyard manatı real sektorun payına düşür (ümumi portfelin 53%-i)
Biznes kreditlərinin artımı – 11%
Dollarlaşma səviyyəsi – 15.2% (illik azalma: 3.5 faiz bəndi)
Vaxtı keçmiş kreditlərin payı – 1.7%
Depozitlər – 36.7 milyard manat (illik artım: 3.9%)
Fiziki şəxslərin əmanətləri – 14.5 milyard manat (illik artım: 10.1%)
Müddətli əmanətlər – 9.1 milyard manat (illik artım: 23.2%)
Yeni müddətli əmanətçilərin artımı – 11 337 nəfər (+7.5%)
Bankların mənfəəti – 339.8 milyon manat
Faiz gəliri – 1.5 milyard manat
Kart infrastrukturunda irəliləyişlər
Ölkədə bank kartlarının sayı 20.7 milyon ədədə çatıb – bu da 17% illik artım deməkdir. Kartların 81%-i təmassız ödənişləri dəstəkləyir, POS-terminallarda isə əməliyyatların 95%-dən çoxu təmassız üsulla aparılır. Nağdsız kart əməliyyatlarının həcmi 30 milyard manat təşkil edib – bu da 33.8% artım deməkdir.
Fırıldaqçılığa qarşı koordinasiya və kibertəhlükəsizlik tədbirləri
Maliyyə təhlükəsizliyi məsələlərinə toxunan ABA prezidenti bildirib ki, artan nağdsızlaşma fonunda kibertəhlükəsizlik və fırıldaqçılıqla mübarizə xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən tətbiq edilən yeni informasiya təhlükəsizliyi tələbləri çərçivəsində sektorun qorunması təmin edilir.
“Maliyyə sektorunda fırıldaqçılıq risklərinə qarşı effektiv koordinasiya üçün Mərkəzi Bank, fintexlər və dövlət qurumları arasında platformalar yaradılıb,” – deyə Zakir Nuriyev əlavə edib.
Yeni təşəbbüslər: İnnnovasiya mərkəzi, açıq maliyyə və rəqəmsal bankçılıq qanunu
Zakir Nuriyev gələcəkdə həyata keçirilməsi vacib olan dörd əsas istiqaməti vurğulayıb:
İnnovasiya mərkəzinin yaradılması – sandbox rejimində test imkanları olan labaratoriya.
Rəqəmsal bankçılıq qanununun qəbul edilməsi – tam rəqəmsal bankların fəaliyyətinə hüquqi baza.
Açıq maliyyə yanaşmasının genişləndirilməsi – banklar və fintexlər arasında dərin inteqrasiya.
Dövlət məlumatlarına çıxış – kommersiya bankları və dövlət qurumları arasında məlumat mübadiləsi üçün çərçivə hazırlanır.
Maarifləndirmə təşəbbüsləri
ABA tərəfindən Visa və Bank of Baku ilə birlikdə məktəbli uşaqlar üçün rəqəmsal təhlükəsizlik mövzusunda yeni vəsait hazırlanır. Nuriyev qeyd edib ki, ictimaiyyətin bütün təbəqələrinin bu sahədə maarifləndirilməsi sektoral təhlükəsizliyin əsas sütunlarından biridir.
Sinerji və güclü tərəfdaşlıq
Nuriyev çıxışının sonunda bildirib ki, “inovasiya ruhu, gücləndirilmiş təhlükəsizlik çərçivəsi və inklüziv əməkdaşlıq” Azərbaycan maliyyə sistemini qlobal rəqabətdə ön sıralara daşıyacaq.
“Gələcək – əməkdaşlıqda, açıq dialoqda və dayanıqlı innovasiyalardadır”, – deyə ABA prezidenti fikrini yekunlaşdırıb.
Fuad Mədətov
Finss.az