AZ

Naxçıvan teatrının zərrin tacı

Zəroş Həmzəyeva – 100

Baharın güllü-çiçəkli günlərindən birində, qədim Naxçıvan diyarında, indiki Babək rayonunun Nehrəm kəndində bu dünyaya bir qızcığaz göz açdı. Atası – dövrün sayılıb-seçilən ziyalılarından olan Mirzə Bağır Əliyev və anası – o dövrdə barmaqla sayılan yerli savadlı qadınlardan biri kimi tanınan Əfşan xanım körpənin gələcək gözəlliyini hiss edib qızlarının adını Zərrintac qoydular. Sonradan isə onu əzizləyib “Zəroş” deyə çağırdıqlarından hamı onu bu adla tanıdı.

Ailəsinin Naxçıvan şəhərinə köçməsilə əlaqədar orta təhsilini burada davam etdirən Zəroşda yavaş-yavaş teatra qarşı bir maraq oyanır. Buna səbəb məktəbə gedib-gələrkən yolu üstündə rastlaşdığı müxtəlif adlı, rəngarəng afişalar, 1941-ci ildə isə rəfiqələri ilə birlikdə Naxçıvan Dövlət Dram Teatrında C.Cabbarlının “Oqtay Eloğlu” tamaşasına baxması olur. 

O zaman Naxçıvan Şəhər Pionerlər Evində tar dərnəyinin üzvü olan Zəroş bir gün eşidir ki, Gəncədən Naxçıvan Teatrına gələn rejissor və aktyor İbrahim Həmzəyev burada yeni bir dərnək – dram dərnəyi yaradıb. Həmin dərnəyə dəyişilmək arzusunu atasına bildirəndə o, qəti etiraz edir. Artıq formal olaraq tar dərnəyinə gələn Zəroş, fürsət tapan kimi keçib dram dərnəyinin məşğələlərində iştirak edir. Qızının bu hərəkətindən xəbər tutan Mirzə Bağır onun teatr sənətinə olan böyük sevgisi və qızğın marağı qarşısında sanki əriyir və etirazını geri götürür.

İbrahim Həmzəyevlə dram dərnəyindən başlanan bu tanışlıq sonra Zəroş Əliyevanın Həmzəyeva olması ilə nəticələnir. Zəroş xanım Naxçıvan Dövlət Dram Teatrında işə qəbul olunur. Bir neçə ay sözsüz, kütləvi səhnələrdə iştirak edir. Teatrda ilk sözlü rolu isə N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasındakı Yetər olur. Beləcə, Yetər obrazı ilə səhnədəki sözsüz çıxışlarına “yetər” deyir. Bundan sonra bir-birinin ardınca Məryəm (S.Vurğun “Fərhad və Şirin”). Afaq (M.Hüseyn”Nizami”), Pəri (Ə.Haqverdiyev “Pəri cadu”), Məhəbbət (M.İbrahimov “Məhəbbət”) kimi rolların öhdəsindən müvəffəqiyyətlə gələn aktrisa C.Cabbarlının 1943-cü ildə hazırlanan “Aydın” tamaşasında məharətlə ifa etdiyi Gültəkin ilə sənətində ilk böyük uğurunu qazanır.

Məhz bundan sonra istedadlı bir aktrisa kimi məşhurlaşan Zəroş Həmzəyeva C.Cabbarlının pyesləri əsasında hazırlanan bütün tamaşaların yeni quruluşlarında əsas qəhrəmanları məharətlə ifa etdi. Sitarə, Sara, Sona, Sevil, Solmaz, Almaz, Yaqut, Firəngiz obrazları sənətkarın təkmilləşməsində mühüm rol oynadı. Gözəl diksiya, aydın tələffüz, məftunedici səslə bərabər, məlahətli avaza da malik olan aktrisa 1940–50-ci illərdə teatrda tamaşaya qoyulan məşhur milli opera, operetta və musiqili komediyalarımızda özünün xanəndəlik qabiliyyətini də böyük ustalıqla təqdim edirdi. Onun ifasında dahi Üzeyir bəyin qəhrəmanları – Leyli, Əsli, Gülçöhrə, Gülnaz, Minnət... tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanmışdır.

1948-ci ildə bağlanmaq təhlükəsilə üzləşən Füzuli Dövlət Dram Teatrını “xilas etmək” üçün bacarıqlı təşkilatçı-rəhbərə, nüfuzlu və istedadlı rejissora, tamaşaçını cəlb edə biləcək baş rol ifaçılarına ehtiyac var idi. Respublika Mədəniyyət Nazirliyi bu vacib, məsuliyyətli və təxirəsalınmaz işin öhdəsindən gələ biləcək cütlük kimi Həmzəyevlərin üzərində dayanır. Naxçıvan Dövlət Dram Teatrının direktoru və baş rejissoru, həmçinin aparıcı aktyoru, Əməkdar artist Mir İbrahim Həmzəyev xanımı, Naxçıvan MSSR əməkdar artisti Zəroş Həmzəyeva ilə birlikdə oraya göndərilir. 

Naxçıvanda əsas tamaşaların əksəriyyətində baş rolların dublyorsuz ifaçıları olduqlarından, Həmzəyevlər həftədə-on gündən bir Naxçıvana qayıdıb bir neçə gün tamaşalarda çıxış edərək, gecə qatarı ilə yenidən Füzuliyə yola düşürdülər. 

1950-ci ildən onlar doğma Naxçıvan teatrında oturaq fəaliyyətlərini bərpa edirlər. Sənətsevərlər Həmzəyevlərin çıxış etdikləri tamaşalara daha çox gəlir və xüsusi rəğbət bəsləyirdilər. Onların ifasında Nəbi – Həcər, Vaqif – Xuraman, Fərhad – Şirin, Nizami – Afaq, Aydın –
Gültəkin, Yaşar – Yaqut, Elxan – Solmaz, Şeyx Sənan –
Xumar, Otello – Dezdemona, Don Sanço – Esterelya, Tərlan – Sevinc, Qayacan – İsmət duetləri cəlbedici təsirə malik olub, böyük maraq doğuraraq sürəkli alqışlanırdı.

Maraqlıdır ki, Zəroş Həmzəyeva “Vaqif” dramındakı Xuraman obrazını nə az-nə çox, düz 7 Vaqiflə ifa edib: İbrahim Həmzəyev, İsa Musayev, Ələsgər Ələkbərov, İsmayıl Dağıstanlı, Kazım Ziya, Həsənağa Salayev və Füzuli teatrından Mürşüd Haşımlı ilə tərəfdaş olub.

Zəroş Həmzəyevanın yaradıcılıq bioqrafiyasını bəzəyən daha bir obrazı isə Məhsətidir. Adından göründüyü kimi, Məhsəti Gəncəvinin həyatından bəhs edən bu mənzum dramın müəllifi Kəmalə Ağayevadır. Naxçıvan Dövlət Musiqili Dram Teatrının yeni binasında pərdələrin ilk açılışı da 1964-cü il oktyabrın 24-də məhz “Məhsəti” tamaşasının premyerası ilə olub. Çoxsaylı tamaşaçıların istəkləri nəzərə alınaraq, “Məhsəti”nin 5 gün ard-arda oynanılıb. Bu böyük uğurun əldə olunmasında quruluşçu rejissor B.Qələndərlinin, quruluşçu rəssam M.Qasımovun, bəstəkar M.Ələkbərovun, xüsusən də Məhsətinin – Zəroş Həmzəyevanın danılmaz xidmətləri olub.

1965-ci ili iyun ayının 14-dən 21-dək “Bakıda Naxçıvan MSSR mədəniyyət həftəsi” keçirildi. Naxçıvan Teatrı üç tamaşa ilə – “Odlu diyar” (H.Razi), “Sahil əməliyyatı” (C.Əmirov, İ.Həmzəyev) və “Məhsəti” ilə muxtar respublika incəsənətini təmsil edirdi. Azərbaycan SSR əməkdar artisti Zəroş Həmzəyeva hər üç tamaşada baş və əsas rollarda iştirak edirdi. 

Zəroş Həmzəyevanın ustalıqla canlandırdığı obrazlar qalereyasında təkcə klassik və müasir milli dramaturgiyamızın parlaq obrazlarını deyil, eyni zamanda, dünya, Qərbi Avropa, rus və sovet dramaturqlarının da qəhrəmanlarına rast gəlinir. Onun böyük şövqlə ifa etdiyi Dezdemona (V.Şekspir “Otello”), Esterelya (Lope de Veqa “Sevilya ulduzu”), Kruçinina (A.Ostrovski “Günahsız müqəssirlər”), Aqafya (N.Qoqol “Evlənmə”), Cessi (K.Simonov “Rus məsələsi”), Serafima (S.Mixalkov “Xərçənglər”), Zina (V.Şkvarkin “Özgə uşağı”), Nənə (N.Dumbadze “Mən, nənəm, İliko və İllarion”), Fərxundə (N.Hikmət “Bayramın birinci günü”) bu gün də həmin obrazların canlı ifasını görmüş yaşlı və orta nəsil tamaşaçılarının yaddaşında yaşamaqdadır.

1970-ci ildə Naxçıvan Teatrı məşhur İtaliya dramaturqu Karlo Qoldoninin “Mehmanxana sahibəsi” əsərində artıq Zəraoş xanım oğlu ilə oynayıb. Tamaşada bir-birini dəlicəsinə sevən sahibə Mirandalena və onun xidmətçisi Fabrisio rollarını ana-oğula – xalq artisti (1967) Zəroş Həmzəyeva və gənc aktyor Nizami Həmzəyev (sonralar respublikanın əməkdar incəsənət xadimi) məharətlə ifa edirlər. 

Daim yaradıcılıq axtarışlarında olan Zəroş Həmzəyeva təkcə lirik, romantik, dramatik və faciəvi rolların mahir ustası deyil, həmçinin komik obrazların da öhdəsindən bacarıqla gələn bir səhnə ustası idi. 

O, kinoya da çəkilib. “Azərbaycanfilm” Kinostudiyasının 1986-cl ildə istehsal etdiyi “Yay günlərinin xəzan yarpaqları” adlı filmdə xalçaçı Səməngül rolunu ustalıqla oynayıb. Televiziyada isə onun haqqında “Ömrün zirvəsi”, “Nehrəmli qız” adlı sənədli filmlər ərsəyə gətirilib. 

Zəroş xanım Həmzəyevanın 75 illik yubileyi münasibətilə ulu öndər Heydər Əliyev 2000-ci ildə sənətkara təbrik məktubu göndərib. Müqtədir sənətkar, Xalq artisti, “Şöhrət” ordenli (2000), Prezident təqaüdçüsü (2000) Zəroş Həmzəyeva 2004-cü il iyul ayının 7-də, Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Bakıdakı mənzilinin binasına xatirə lövhəsi vurulub, Naxçıvan şəhərində adına küçə var. 

Ələkbər QASIMOV,
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, dosent, Teatr Xadimləri İtiifaqının üzvü

 

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr