AZ

Filip Ozobiç “Neftçi”yə lazım olmadı - Rəsmi

2025/2026-cı illər üçün yeni heyət formalaşdırmağa çalışan “Neftçi” klubu hücumameyilli yarımmüdafiəçisi Filip Ozobiç ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçinin başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub təcrübəli futbolçuya xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Filip Ozobiç daha öncə Azərbaycanda “Qəbələ” və “Qarabağ” klublarının da formasını geyinib. O, “Slaven Belupo”, “Spartak” (Moskva) və “Hayduk”un da uğurları üçün çalışıb.

Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış, hətta bu ölkənin əsas millisində də 2 oyun keçirmiş Ozobiç 2021-ci ilin sentyabrından etibarən Azərbaycan yığmasında çıxış etməyə başlayıb. Hazırda 34 yaşı olan Filip vaxtilə milli komandamızın heyətində 15 oyun keçirib, 1 qola imza atıb.

“Neftçi” bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov və Dembo Darbo ilə də yollarını ayırmışdı. Gedənlərin əvəzində paytaxt klubu Sessi D’Almeydanı transfer edib.

Seçilən
20
arena.az

1Mənbələr