AZ

Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?

Azərbaycan mədəniyyətində son illərdə ardıcıl şəkildə müşahidə olunan narazılıqlar və sistemsizlik artıq ciddi ictimai narahatlığa çevrilib.

Xatırladaq ki, sabiq Mədəniyyət naziri Anar Kərimovun fəaliyyəti dövründə bu sahədəki narazılıqlar pik həddə çatmışdı. Aparılan yoxlamalar, mediada tirajlanan faktlar və ictimai reaksiyalar fonunda onun vəzifədən uzaqlaşdırılması cəmiyyətin gözləri qarşısında baş verdi. Lakin daha sonra Anar Kərimovun məsuliyyətdən yayınaraq başqa vəzifəyə təyinat alması bir çox suallar doğurdu və cəzasızlıq hissini daha da gücləndirdi.

Ardınca Adil Kərimlinin Mədəniyyət naziri təyin olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da, sonradan həyata keçirdiyi islahatlar, aradan qaldırılan nöqsanlar və bəzi rəhbərlərin vəzifədən uzaqlaşdırılması onun fəaliyyətinə müəyyən ümidlər formalaşdırdı.

Lakin bu ümidlər bu gün yenidən sınaq qarşısındadır.

Dövlət teatrında dava, rayonlarda "kağız" mədəniyyəti

Son zamanlar Akademik Milli Dram Teatrında ardıcıl baş verən davalar, rayon mədəniyyət evlərində və kitabxanalarda “adı var, özü yox” olan işçilərin mövcudluğu, illərlə bağlı qapı arxasında “kağız üzərində fəaliyyət göstərən” müəssisələr və şəxsi ambisiyalarını vəzifəyə daşıyan mədəniyyət işçiləri sahədəki xaosun dərinliyini göstərir.

"DoğruXeber.az" dəfələrlə bu hallara diqqət çəkib. Misal üçün, İmişli rayon Mədəniyyət Evində adı işdə, özü bazarda olan, maaşını isə iddialara görə regional idarənin rəhbərliyi ilə bölüşdürən şəxslərin varlığı barədə məlumat vermişdik. Həmçinin, İmişli Rəsm Qalereyasının illərlə fəaliyyət göstərmədiyi, lakin rəsmi olaraq bir neçə işçisinin olduğu və həmin şəxslərin maaşlarının kimlər tərəfindən alındığı bəlli olmadığı barədə faktları ictimaiyyətlə bölüşmüşdük. Bu faktlardan sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdirinin işdən çıxarılması Adil Kərimlinin şəffaflıq yolunda atdığı addımlardan biri kimi dəyərləndirilsə də, bəs digər qanunsuzluqlar necə? Onlar aradan qaldırılıbmı? – sualı hələ də cavabsızdır.

Şəki hadisəsi: Hamilə qadın işdən çıxarıldı – intriqa, yoxsa qanun pozuntusu?

Məsələ bununla bitmir. Təxminən iki həftə əvvəl Şəki şəhər sakini, keçmiş mədəniyyət işçisi Günel Vahabova “DoğruXeber.az” redaksiyasına müraciət edərək və daha sonra “Kanal14”ün canlı yayımında bu sahədəki özbaşınalıqlarla bağlı faktları ictimaiyyətlə bölüşmüşdü.

O, şəxsi intriqa zəminində, Şəki şəhər Mərkəzi Kitabxanasının direktor əvəzi Kəmalə adlı şəxs tərəfindən işdən uzaqlaşdırıldığını və həmin şəxsin müxtəlif qanun pozuntularına yol verdiyini bildirmişdi. Müraciət əsasında Mədəniyyət Nazirliyinə rəsmi sorğu göndərildi. Qısa müddətdə verilən reaksiya təqdirəlayiqdir: əldə etdiyimiz məlumata görə, Kəmalə xanım artıq vəzifəsindən azad edilib.

Lakin burada başqa bir ziddiyyət ortaya çıxır: iki azyaşlı övladı olan və üçüncü uşağına hamilə olan Günel Vahabova əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə – işə uyğun gəlməmə əsasına görə – işdən çıxarılıb. Onun vəziyyəti isə hələ də açıq qalır. Hüquqi və humanist aspektdən yanaşdıqda, bu qərar yenidən nəzərdən keçirilməli, xanımın işə bərpası təmin olunmalıdır.

Qeyd: Günel Vahabovanın məsələsi ilə bağlı qarşıdakı günlərdə daha ətraflı məlumatları dərc edəcəyik.

"DoğruXeber.az" bildirir ki, mədəniyyət sahəsində şəffaflıq və ədalət təmin olunmadıqca bu sahədəki islahatlar, atılan addımlar davamlı olmayacaq. Nazirlik sadəcə idarəçiləri dəyişməklə deyil, bütün struktur boyunca ciddi monitorinqlər aparmalı, ictimai nəzarəti dəstəkləməli və konkret nəticələrə yönəlməlidir.

"DoğruXeber.az"


Seçilən
7
azia.az

1Mənbələr