"Yuventus"un keçmiş futbolçusu Pol Poqba dopinq qalmaqalından sonra klubun onu dəstəksiz qoymasından şikayətlənib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" 32 yaşlı fransalı yarımmüdafiəçinin dediklərini belə təqdim edib:
"Həmin vaxt klubdan dəstək istədim: fərdi məşq, masaj etmək üçün. Axı mən hələ də komandanın bir hissəsi idim. Bunu etmək hüququm var idi. Amma klub cavab vermədi. Mən "Yuventus"la yox, antidopinq sistemi ilə mübarizə apardığımdan əmin idim. Məlum oldu ki, hər ikisi ilə mübarizə aparıram.
Uşaqlarımla hər gün stadionun və məşq meydançasının yanından keçmək mənim üçün çətin idi. Oğullarım məni yenidən meydanda nə vaxt görəcəklərini soruşurdular. Turini tərk etmək qərarına gəlməyimin səbəblərindən biri də bu idi".
Xatırladaq ki, 2024-cü ilin fevralında qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 illik diskvalifikasiyaya məruz qalan Poqbanın cəzası sonradan 18 aya endirilib. Həmin ilin noyabrında “Yuventus” və Poqba qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Pol Poqba "Yuventus"un heyətində iki dönəmdə çıxış edib: 2012-2016 və 2022-2024-cü illər aralığı. Ümumilikdə o, Turin klubunda 190 oyun keçirib, 34 qol vurub və 32 məhsuldar ötürmə edib. O, İtaliya klubundan başqa iki dəfə “Mançester Yunayted”də də çıxış edib.
Mirağa