AZ

Azərbaycan ordusu regionda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış edir -ANALİZ

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü ölkəmizdə hər il qeyd olunan mühüm dövlət bayramlarından biridir. Bu gün Azərbaycan Ordusunun yaranmasının rəsmi ildönümüdür və ölkənin hərbi qüdrətinin simvoludur.
26 iyun 1918-ci il tarixində, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə müstəqil ordu yaradılıb. Bu qərarla birlikdə ilk hərbi hissələr – milli ordu hissələri təşkil olunmağa başlayıb.
Sovet dövründə bu tarix qeyd olunmasa da, müstəqillikdən sonra, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi elan edildi və dövlət bayramı kimi qeyd olunmağa başlandı.
Bu gün Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna, onun güclənməsinə və ölkənin müdafiə qabiliyyətinin artırılmasına həsr olunur.
 Hər il bu tarixdə orduda keçirilən tədbirlər, paradlar, medalların təqdim olunması və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində olur.
Vətən müharibəsində qazandığımız zəfərdən sonra bu gün daha böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Hərbi ekspert Ramil Məmmədli "Sherg.az"-a bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonrakı dövr Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələnin başlanğıcı oldu:

"Bu dövr təkcə zəfərlə yekunlaşan hərbi əməliyyatlarla deyil, həm də ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatlarla yadda qaldı. Xüsusilə 2021-ci ilin əvvəlindən etibarən Azərbaycanın hərbi potensialının artırılması istiqamətində sistemli və planlı tədbirlər görülməyə başlandı. Bu tədbirlər bir tərəfdən ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, digər tərəfdən isə regionda sülh və sabitliyin qorunmasına yönəlmişdi.
Müharibədən sonra Azərbaycan öz arsenalındakı hərbi texnologiyaların çeşidini və keyfiyyətini əhəmiyyətli dərəcədə artırdı. Müasir texnologiyaların tətbiqi, pilotsuz uçuş aparatları (PUA), raket sistemləri, yüksək dəqiqlikli zərbə vasitələri və digər müasir silah sistemlərinin alınması və ya istehsalı ordunun imkanlarını genişləndirdi. Xüsusilə Türkiyə və İsrail kimi hərbi-texniki sahədə inkişaf etmiş ölkələrlə əməkdaşlıq Azərbaycan ordusunun modernləşməsində mühüm rol oynadı. Həmçinin Azərbaycan Quru Qoşunlarının gücləndirilməsi xüsusi diqqət mərkəzində oldu. Quru Qoşunlarının döyüş qabiliyyəti artırıldı, yeni hərbi hissələr yaradıldı, kadr hazırlığı və peşəkar heyətin təlimi gücləndirildi. Eyni zamanda, Vətən Müharibəsində əldə olunan təcrübə nəzərə alınaraq, ordu strukturunda müəyyən dəyişikliklər edildi və çevik, müasir döyüş tələblərinə cavab verən sistem quruldu. 2021-ci ildən sonra keçirilən lokal və antiterror əməliyyatlarında bu dəyişikliklərin və güclənmiş ordunun təsiri açıq şəkildə hiss olundu".

Ekspert əlavə edib ki, Azərbaycan Ordusu silahlı texnikalarını da əhəmiyyətli dərəcədə genişləndirib:
"Zirehli texnikalar, artilleriya qurğuları, mühəndis-istehkam vasitələri, logistik təminat sistemləri kimi sahələrdə mühüm irəliləyişlər əldə olundu. Yeni silah və texnikanın ordunun arsenallarına daxil edilməsi, döyüş hazırlığının artırılması ilə yanaşı, hərbi təlimlərin sayının və miqyasının genişləndirilməsi də bu prosesə töhfə verdi.
Azərbaycanın müdafiə sənayesi də bu dövrdə öz inkişafını sürətləndirdi. Yerli istehsal imkanlarının genişləndirilməsi, müxtəlif silah-sursat, texniki avadanlıq və döyüş vasitələrinin yerli zavodlarda hazırlanması orduya texniki cəhətdən dəstək verdi. Bu da müstəqil hərbi-sənaye kompleksinin formalaşması baxımından önəmli addım sayılır.
Nəticə etibarilə, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri daha da gücləndi, çevik və yüksək texnologiyalı orduya çevrildi. Bu gün Azərbaycan ordusu regionda ən güclü ordulardan biri kimi tanınır və ölkənin suverenliyinin, ərazi bütövlüyünün, həmçinin regionda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış edir".

Fidan Fərhad
Seçilən
26
sherg.az

1Mənbələr