İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasın gündəliyinə əsasən 2025-ci ilin yanvar-may ayları ərzində YAP Gənclər Birliyinin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, 2025-ci ilin ilk beş ayında Birliyin fəaliyyəti partiyanın Mərkəzi Aparatının müəyyən etdiyi prioritetlərə uyğun təşkil olunub. O, gənclərin ictimai-siyasi fəallığının artırılması, intellektual və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə müxtəlif layihələrin reallaşdırıldığını bildirib.
İclas zamanı 2025-ci ilin ikinci yarısında həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planı ətrafında müzakirələr aparılıb. Ali təhsil müəssisələrində fəaliyyət göstərən “YENİ Klub”ların əhatə dairəsinin genişləndirilməsi, gənclərin liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafı, eləcə də rəqəmsal və sosial mövzulara dair maarifləndirici layihələrin təşkili ilə bağlı təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib.