Politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında qeyd edib ki, İstanbul Bəyannaməsi Ermənistanın monoetnik dövlət prinsipini poza bilər:
" Ermənistanın İƏT-in İstanbul Bəyannaməsinə qarşı mövqeyi gözlənilən idi. Çünki Ermənistan dövləti hələ yaranmış olduğu 1918-ci ildən etibarən azərbaycanlılara qarşı həm soyqırım siyasətləri həyata keçirib, həm də onları öz doğma yurd-yuvalarından qovmaqla, xalqımızı, soydaşlarımızı didərgin salmaqla etnik təmizləmə siyasəti aparıb. Nəticədə isə bu gün Ermənistanda monoetnik bir dövlətin formalaşdığı reallığı ilə üz-üzə qalmışıq. İndi Ermənistan tərəfi çox gözəl anlayır ki, İstanbul Bəyannaməsi məhz Ermənistanın bir əsrdən artıq müddətdə həyata keçirdiyi qeyri-adekvat addımların sona çatması ilə nəticələnə bilər. Yəni, monoetnik dövlət prinsipi pozula bilər.
Azərbaycan türklərinin və digər Azərbaycan vətəndaşlarının tarixi yurdlarına qayıtması nə ilə nəticələnəcək? Bu, Ermənistan ərazisində yalnız ermənilərin yox, digər millətlərin də yaşadığı, tarixdə olduğu kimi, monoetnik yox, çoxmillətli bir struktura çevrilməsi ilə nəticələnəcək. Bu isə ermənilər üçün risk kimi görünür. Çünki bu dövlət şovinist mövqedən çıxış edən və yalnız erməniliyi əsas tutan, digər haqları tanımayan, onları ötələyən, məhv etməyə yönəlmiş siyasət yeridən bir dövlətdir. Ermənistan bu gün yalnız ermənilərdən ibarət olan bir dövlət strukturunu qoruyub saxlamağa çalışır. Ona görə də bu bəyannaməni istəmirlər, ona qarşı çıxırlar və onun beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmamasını istəyirlər.
Hazırda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınan azərbaycanlıların geri qayıtmaq hüququnun həm Qərbdə, həm də Şərqin digər mərkəzlərində populyarlaşmaması, yayılmaması üçün əllərindən gələni edirlər. Düşünürəm ki, artıq bunun üçün çox gecdir. Çünki ermənilər dövləti qurduqları ilk gündən səhv ediblər. Əslində, bizim onlara etdiyimiz güzəşt nəticəsində İrəvan paytaxt olmaqla formalaşdırdıqları dövlət onların siyasi müqəddəratı üçün çox müstəsna bir fürsət idi. Əgər yalnız o sərhədlərlə kifayətlənib Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan ilə və ümumiyyətlə, bütün qonşu və qonşu olmayan dövlətlərlə qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmağa çalışsaydılar, daha yaxşı olardı. Amma ermənilər bunu etmədilər, şovinist mövqeyə keçdilər və terrorla qurduqları dövləti terror dövlətinə çevirdilər. Bu gün də onun acı nəticələrini yaşayırlar. Təbii ki, bu, sülh prosesinə də müəyyən mənada zərbə vuracaq. Çünki Azərbaycan tərəfi sülh danışıqlarına başladığı ilk gündən etibarən təkcə Qarabağ məsələsində yox, azərbaycanlıların tarixən tapdanmış bütün hüquqlarının ermənilər tərəfindən bərpa olunmasını istəyirdi. Bu isə həm beynəlxalq hüquq baxımından, həm xalqların öz müqəddəratını təyin etmə hüququ baxımından, ümumilikdə, bütün hüquq normalarına və tarix-ədalət prinsipinə əsasən kifayət qədər normal və labüd bir istək idi.
İndi ermənilər bu istəyə qarşı çıxmaqla danışıqlar prosesini yenidən pozmağa çalışırlar və yenə də özlərinin o şovinist, monoetnik Ermənistan, "Böyük Ermənistan" xülyalarına qayıtmış olurlar. Beləliklə, azərbaycanlıların hüquqlarının onlar üçün heç bir əhəmiyyət daşımadığını açıq şəkildə göstərmiş olurlar".
Politoloqun fikrincə , İƏT nəzdində qəbul olunan qərarlar dünya gündəminə keçəcək, həm Şərq, həm də Qərb mərkəzlərində ciddi şəkildə müzakirə olunacaq:
"O ki qaldı, İƏT tərəfindən qəbul edilən bu qətnamədə Xocalı məsələsinə toxunulması, azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı sənədlərin nə qədər effektiv olduğuna dair bir göstəricidir. İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq bir qurumdur. Onun tərkibində dünyanın ən önəmli ölkələri, xüsusilə Yaxın Şərqin aparıcı dövlətləri, regional güclər və enerji, siyasət, hərbi baxımdan mühüm ölkələr təmsil olunurlar. Onların qərarları həm Şərqdə, həm Qərbdə izlənilir, ciddi qəbul edilir və müzakirəyə açıq olur.
Bu baxımdan düşünürəm ki, artıq İƏT nəzdində qəbul olunan qərarlar dünya gündəminə keçəcək, müzakirə olunacaq və həm Şərq, həm də Qərb mərkəzlərində ciddi şəkildə danışılacaq. Bütün dövlətlər, cəmiyyətlər anlayacaqlar ki, 100 il, 200 il əvvəl Cənubi Qafqazda nə baş verib, bu regionun əsl sahibləri kimlərdir, kimlər soyqırımı törədib, kimlər təcavüzə məruz qalıb, tarixi həqiqətlər nədir, azərbaycanlılar niyə və hansı şəraitdə öz evlərindən didərgin düşüb. Zaman keçdikcə dünya ictimaiyyəti bu həqiqətləri eşitdikcə, oxuduqca, gördükcə, anladıqca, biz də öz reallıqlarımızı dünyaya çatdırmaq baxımından üstünlük qazanacağıq. Zamanla bu reallıqlar barışılmış həqiqətlər kimi hər kəsin beynində, hər bir dövlətin qərarlarında, beynəlxalq təşkilatların müzakirələrində və qətnamələrində öz yerini tapacaq. Biz isə sona qədər bu istiqamətdə əzmkar şəkildə fəaliyyətimizi davam etdirməliyik - dövlət, institutlar, fərdlər, ekspertlər, siyasətçilər olaraq bu işi yorulmadan və dayanmadan davam etdirməliyik".
Zeynəb Mustafazadə