AZ

Burada da güllələyirlərmi gecə itləri? Hikmət Orhunun yeni şeirləri

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kulis.az Hikmət Orhunun yeni şeirlərini təqdim edir.

Dofamin

beş yaşımın astanasında

yaşıdlarımdan gec də olsa,

yeriməyi öyrənəndə

sevindim əvvəlcə...

nə işimə yarayacağını

bilməsəm də...

atalarının rusiyadan gətirdiyi

oyuncağı qısqanan qonşu uşaqları

üçtəkərli velosipedimə

paxıllıq edəndə bildim

tarixin təkərrürdən ibarət olduğunu...

məktəbin ilk günündə

müəllim oxuduğum

hansısa “bezdarnı” şeirin qarşılığında

sağ əlimin üstünə

“beş” yazanda

başa düşdüm tərif üçün

“sino“ getdiyimi...

ilk sevdiyim qıza

söz atan oğlanı

məktəbin

arxa məhəlləsində əzişdirəndə

gəlmişdi — rahatlıq hissi...

…qara saçlarına yazdığım

ilk şeirimi

çəkdiyim ilk siqaretin külünə

yandıranda

elan etmişdim azadlığımı...

on üç,

ya on dörd yaşımda

divana sürtünüb həzz alanda

ürək döyüntülərimin artdığını

anlamaq...

elə də çətin olmadı

anlamaq

dünyaya gəlişimin məqsədini...

dünyanın ən gözəl qızı ilə

sevgili olub

“axır ki…” deyə

sadə bir-iki kimyəvi formulanı

iliklərinə qədər

yaşamaq üçünmüş hər şey…

Tbilisi

Coşqun Cəfərə…

siz ey, tbilisinin küçə itləri,

burada da güllələyirlərmi gecə itləri...

bakıda sandıq itlərini saxlayır

zadəgan xanımları...

gəzdirir tbilisi gözəlləri

necə itləri?

siz ey, tbilisinin küçə işıqları,

burada da söndürürlərmi gecə işıqları...

bakıda dəniz fanarına aydınlanır

şəhərin dörd tərəfi...

bəs tbilisini aydınladır

necə işıqları?

siz ey, tbilisinin küçə süpürgəçiləri,

burada da işlədirlərmi gecə süpürgəçiləri...

bakıda küləklərin sovurub gətirdiyi

tozdan göz açmaq olmur...

bəs tbilisinin küləkləri incidir

necə süpürgəçiləri?

siz ey, tbilisinin küçə restoranları,

burada da bağlayırlarmı gecə restoranları...

bakıda az qala maşın yoluna daşır

yemək qab-qacaqları...

bəs tbilisidə ram edirlər

necə restoranları?

Pıçıltı

pıçıldamaq istəyir...

gözəl şeylər pıçıldamaq

istəyir adam hərdən...

telefonu götürüb

ən sevdiyi adamı yığır birdən:

“bu gün həyətimizdə

yuva qurdu qaranquş.

bala verdi çəpərdə

qaratoyuq.

anamın saxladığı

qara toyuq

yenidən

qanadlarını açdı balalarına.

anam “fürsət bu fürsət” deyib

beş-altı

inkubator cüsəsi də qatdı aralarına…”

pıçıldamaq istəyir...

gözəl şeylər pıçıldamaq

istəyir hərdən adam...

qələm-dəftər götürüb

ən sevdiyi adamı salır yada:

“arada

bir kəndə gəl,

biz tərəfdə ara vermir yağışlar,

şimşək çaxır gecələr...

burda yağışdan sonra

dizə verir yoncalar,

lalələr qurşağa çıxır.

göbələk torpağı dəlir,

göydə göyqurşağı çıxır.

seyrinə

kiminin özü gəlir,

kiminin uşağı çıxır…”

pıçıldamaq istəyir...

gözəl şeylər pıçıldamaq

istəyir adam hərdən…

Rekultivasiya

1.

yeni şeir oxuyandan

bir ay sonraya qədər heç nə

yaza bilmirəm.

nədəndir bilmirəm —

şeirlərim

bir az nazım hikməti,

bir az orhan velini,

bir az cemal süreyanı,

bir az can yüceli-zadı xatırladır

əks təqdirdə...

paylaşmağa əlim gəlmir

sosial şəbəkələrdə,

oxumağa utanıram

beş-altı şair-şüəranın

toplaşdığı tədbirdə...

qəzet-zad da yoxdur

çap etdirib

aldadım

bir-iki sifarişli tənqidçini:

ki, yazsın interpretasiya…

ruhum deqradasiya...

rekultivasiya

lazımdır beynimin dərinliklərində,

ruhumun ənginliklərində...

2.

...səni görəndən

bir ay sonraya qədər

başqa şey düşünmürəm...

üşənmirəm;

sağa çevrilib düşünürəm,

sola çevrilib düşünürəm:

“nazım hikmet olsa,

“səni sevirəm” demək yerinə

türmədəki sənsizliyini misralarına

büküb göndərərdi məktub əvəzi…”

3.

...səni görəndən

bir ay sonraya qədər

başqa şey düşünmürəm...

üşənmirəm;

sağa çevrilib düşünürəm,

sola çevrilib düşünürəm:

“orhan veli olsa,

üzüntüsünü “bedava” yaşardı

siqaret çəkmədən,

şərab içmədən...

siqaret tüstüsündə,

şərab sərxoşluğunda

səhifələrlə məktub yazmadan…”

4.

...səni görəndən

bir ay sonraya qədər

başqa şey düşünmürəm...

üşənmirəm;

sağa çevrilib düşünürəm,

sola çevrilib düşünürəm:

“cemal süreya olsa,

darıxanda rəsmini çəkib göndərərdi —

görməyəli ağlında nə qalıb deyə:

durakta yalnız duruşunu,

durakta birlikte duruşunuzu,

durakta cocuğunla gözlediyini,

özlediyini felan işte…”

5.

...səni görəndən

bir ay sonraya qədər

başqa şey düşünmürəm...

üşənmirəm;

sağa çevrilib düşünürəm,

sola çevrilib düşünürəm:

“can yücel olsa,

hər səni xatırladıqca darıxardı,

sabaha qədər rakı içər,

günəş doğunca qanuna qarşı çıxardı…”

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlandı

Yetim böyüyən, dostlarını qapıdan qovan Əməkdar artist kimdir?

"VİA Qra" fəaliyyətini dayandırdı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
kulis.az

2Mənbələr