Yeni bir araşdırmaya görə, tez-tez qorxulu yuxular (kabuslar) görən insanlarda vaxtından əvvəl ölüm riski üç dəfə artır.
Ölkə.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri Avropa Nevrologiya Akademiyasının (EAN) illik toplantısında təqdim olunub.
Alimlərin sözlərinə görə, belə insanlarda bioloji yaşlanmanın əlamətləri də müşahidə olunub – onların bədənləri doğum tarixindən daha tez "köhnəlir", yəni bioloji yaşları təqvim yaşlarını qabaqlayır.
Bu halın yuxuda yaşanan qorxulu epizodların orqanizmə göstərdiyi streslə əlaqəli olduğu ehtimal olunur.
Araşdırma üçün alimlər ABŞ-də aparılan bir neçə səhiyyə tədqiqatının məlumatlarını birləşdiriblər. Bu məlumatlara 8-10 yaş arası 2400-dən çox uşaq və 26-86 yaş arasında olan 183 000 yetkin şəxs daxil olub.
Tədqiqat zamanı iştirakçıların bioloji yaşlanma səviyyəsi xromosomların uc hissələrində yerləşən telomerlərin uzunluğu ilə ölçülüb. Telomerlər – ayaqqabı bağlarının ucundakı plastik hissə kimi xromosomların dağılmasının qarşısını alır. Telomerlərin uzunluğunun ölçülməsi hüceyrələrin faktiki yaşa nisbətən daha sürətli qocalıb-qocalmadığını müəyyən etmək üçün istifadə olunub.
Nəticələrə görə, həftəlik qorxulu yuxulardan şikayət edən yetkin şəxslərin 19 illik müşahidə dövründə 70 yaşa çatmadan ölmə ehtimalı üç dəfədən çox artıb.
Alimlərin bildirdiyinə görə, bu qorxulu yuxular siqaret çəkmə, piylənmə, düzgün qidalanmama və az fiziki aktivlik kimi digər risk faktorlarından daha güclü vaxtından əvvəl ölüm proqnozlaşdırıcısı olub.
Bundan əlavə, həm uşaqlarda, həm də böyüklərdə tez-tez qorxulu yuxuların sürətli bioloji qocalma ilə əlaqəsi aşkar edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu sürətlənmiş qocalma iştirakçıların təxminən 40%-də ölüm riskini artırıb.
Araşdırma həmçinin göstərib ki, qorxulu yuxuların təsiri yaşdan, cinsiyyətdən, etnik mənsubiyyətdən və psixi sağlamlıq vəziyyətindən asılı olmayaraq hamıya eyni şəkildə təsir edir.
Hətta ayda bir dəfə qorxulu yuxu görmək belə nadir və ya heç olmayanlarla müqayisədə daha sürətli yaşlanma və ölüm riski ilə əlaqələndirilib.
Həmidə İbrahimova