Kosmosa ilk dəfə foton əsaslı kvant kompüteri buraxılıb – bu hadisə kvant texnologiyalarının inkişafında mühüm mərhələ sayılır. Qurğu Yer səthindən təxminən 550 kilometr yüksəklikdə fəaliyyət göstərəcək.
Valyuta.az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
Buraxılış “SpaceX” şirkətinin “Transporter-14” missiyası çərçivəsində həyata keçirilib. Missiya ümumilikdə 70 faydalı yük – mikropeyklər, kubsatlar və Yerə qayıdan kapsulları daşıyıb. Lakin məhz bu mini-kompüter elmi ictimaiyyətin əsas diqqətini cəlb edib, çünki onun kosmosda məlumatların emalı və Yerə nəzarət sahəsində inqilabi dəyişikliklərə səbəb olacağı gözlənilir.
Gözlənilir ki, peyk orbitə yerləşdirildikdən təxminən bir həftə sonra nəticələri göndərməyə başlayacaq. Layihənin rəhbəri, Vyana Universitetindən Filip Valter bildirib: “İndi bizdə kosmosda əlavə eksperimentlər – istər fundamental kvant fizikasında, istərsə də praktik tətbiqlərdə – aparmaq üçün bilik və imkanlar var”.
Kvant kompüterin əsas üstünlüyü onun “kənar hesablama” imkanlarına malik olmasıdır. Bu, o deməkdir ki, məsələn, meşə yanğınlarının aşkarlanmasına dair toplanmış məlumatlar birbaşa peyk üzərində emal edilə bilər və bu da məlumatların Yerə göndərilməsinə ehtiyacı aradan qaldırır. Bu proses həm enerji sərfiyyatını azaldır, həm də reaksiya müddətini sürətləndirir.
Kvant kompüterlər klassik sistemlər üçün çətin olan tapşırıqların öhdəsindən daha uğurla gəlirlər. Optik – yəni işığa əsaslanan – sistemlərdən istifadə edən bu prosessor interferensiya və difraksiya kimi fiziki prinsiplərlə hesablamalar aparır. Bu, onun, məsələn, Furye çevrilməsi və ya konvolyusiya kimi mürəkkəb əməliyyatları daha səmərəli yerinə yetirməsinə imkan verir.
“Bizim nəticələrimiz kvant texnologiyalarının Yer müşahidəsi, iqlim araşdırmaları və rabitə kimi kommersiya və elmi sahələrdə daha da inkişafına töhfə verə bilər”, deyə Filip Valter əlavə edib.
Qeyd edək ki, daha əvvəl Çin də orbitdə süni intellektlə idarə olunan kvant superkompüterin hazırlanmasına başladığını açıqlayıb. Bu peyklər toplanan məlumatları dərhal emal edəcək və bununla da həm vaxt itkisini, həm də enerji sərfini və karbon izini azaldacaq.
Digər tərəfdən, "Microsoft" şirkəti də yaxın günlərdə gələcəyin texnologiyalarını dəyişəcək kvant çipi təqdim edib. Bu texnologiya, ən güclü superkompüterlərin belə yerinə yetirə bilmədiyi hesablamaları həyata keçirə bilən tam funksional kvant kompüterlərin yaradılmasına yol açır.
Paşa Məmmədli