Avtomobilin mühərriki bir çox vacib qovşaq və sistemin birləşməsi ilə formalaşır.
Avtosfer.az xəbər verir ki, bu sistemlər arasında mühərrikin asqısı xüsusi əhəmiyyət kəsb edir. Sürücülərin çoxu bu detalın nə qədər önəmli olduğunu yalnız problem yaradıqda anlayır. Halbuki bu komponentin nasazlığı həm avtomobilin texniki göstəricilərinə, həm də yol hərəkəti təhlükəsizliyinə ciddi təsir göstərə bilər.
Mühərrik asqısının əsas funksiyası mühərriki avtomobilin gövdəsinə sabit şəkildə bərkitmək və işləmə zamanı yaranan vibrasiyanı azaltmaqdır. Əgər bu hissə zədələnibsə və ya sıradan çıxıbsa, mühərrik normal haldan daha çox silkələnir. Bu zaman sürücü həm maşının işində diskomfort hiss edir, həm də fərqli səslər və zərbələr müşahidə olunur.
Ən çox rast gəlinən əlamətlərdən biri avtomobil hərəkətdə olarkən, xüsusilə sürət artarkən və ya mühərrik söndürüldükdən sonra qeyri-adi titrəmələrin yaranmasıdır. Həmçinin qaz pedalını buraxarkən mühərrikin sanki tullanırmış kimi reaksiya verməsi də mühərrik asqısının funksional olmadığını göstərə bilər.
Eltac Zülfüqaroğlu