AZ

Rusiya Paşinyanı almaz qaçaqmalçılığına görə sıxmağa başladı - mühüm pul kanalını kəsdi...


Moskvada “Alrosa” şirkətindən almaz oğurlamaqda şübhəli bilinən cinayətkar qrupun üzvləri saxlanılıb. Onların arasında baş nazir Nikol Paşinyanın əsas sponsoru olan erməni deputat Xaçatur Sukiasyana məxsus “Daimonde” MMC şirkətini xammalla təchiz edən iki Ermənistan vətəndaşı da var.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi “Alrosa” şirkətinin əməkdaşı Valentina Matyuşchenkova və onun oğlu Alekseyi kobud almazları sistematik şəkildə oğurladıqlarına və Ermənistana qaçaqmalçılıq yolu ilə daşıdıqlarına görə saxlayıblar. Onlar dəyəri 1,7 milyon rubldan çox olan başqa bir partiyanı ixrac etməyə çalışdıqları zaman ələ keçiblər. Oğurluqların 2024-cü ilin sentyabrından həyata keçirildiyi iddia edilir.

Onlarla yanaşı qaçaqmalçılıq kanalları təşkil edən Ermənistan vətəndaşları Armen Petrosyan və Arman Saakyan da saxlanılıb. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, təhlükəsizlik qüvvələri Ermənistana qaçaqmalçılıq yolu ilə “Alrosa” şirkətindən almaz oğurlayan oğru dəstəsini saxlayıblar: “Saxlanılanlar arasında şirkətin əməkdaşı da olub. Reyd zamanı təxminən 200 min karat kobud brilyant, pul və zinət əşyaları ələ keçirilib”. Qiymətli metalların qanunsuz dövriyyəsi və xüsusilə külli miqdarda oğurluq maddələri ilə iş açılıb. ABŞ və Aİ-nin Rusiya almazlarına qarşı sanksiyaları səbəbindən Aİİ üzvü olan Ermənistan qiymətli metalların əhəmiyyətli bir hissəsi BƏƏ-yə gedən təkrar ixrac üçün tranzit məntəqəsi kimi istifadə edilib. Bu, Ermənistan üçün mühüm ixrac məhsuludur: 2022-ci ildə almaz ixracı təxminən 800 milyon dollar və xarici ticarətin təxminən 5,7%-ni təşkil edib. Lakin 2024-cü ildə Rusiya Federasiyası qiymətli metalların birbaşa tədarükünü kəsib. Bunda Ermənistanın Avropaya inteqrasiya kursu mühüm rol oynayıb. Məsələ dərhal Ermənistanın ticarət dövriyyəsinə təsir edib. İlin əvvəlindən Ermənistanın Avropa ilə xarici ticarətinin həcmi 52% azalıb. Bu azalmanın səbəbi məhz Rusiya Federasiyasından qiymətli metalların təkrar ixracı ilə bağlı problemlər olub. Göründüyü kimi, Ermənistan tərəfində qaçaqmalçılığın təşkili məhz Rusiya ilə əməkdaşlığın azaldılması xərcləri ilə bağlıdır. Rus mediası yazır ki, Paşinyanın komandasının üzvləri Rusiya Federasiyası ilə ciddi şəkildə bizneslə bağlıdırlar və məlum olur ki, bu, Ermənistan elitasının ciblərini “Avropa dəyərləri”nə can atmaqdan qat-qat səmərəli şəkildə doldurur. Rusiya almazları isə qanunsuz olaraq Ermənistana, birbaşa deputat-oliqarx Xaçatur Sukiasyan üçün daşınıb. Qara keçmişə malik olan bu deputat Ermənistanın baş naziri Nikol Paşinyanın köhnə dostu və onun “pul kisəsi” hesab olunur. “News.ru” portalı məsələ ilə bağlı yazır ki, “Alrosa”dan oğurlanan qiymətli daşlar Ermənistana aparılıb və orada himayədarı, biznesmen və Milli Assambleyanın deputatı Xaçatur Sukiasyan olan “Daimonde” MMC şirkətinin müəssisələrində emal edilib. Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko bildirib ki, cinayətkarlar üçün almaz ticarəti yüksək gəlirli sahədir: “Qeyri-qanuni kanallarla brilyantların oğurlanması və ya ucuz qiymətə alınması olduqca sərfəlidir. Ermənistanda təbii almazları emal edib üçüncü ölkələrə təkrar ixrac etmək və ya zərgərlik məmulatı kimi satmaq mümkündür. Daha sonra həmin məhsullar Avropa və ya ABŞ bazarında yenidən satışa çıxarıla bilər”.

“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan qeyd edib ki, Sukiasyanın adamlarının Rusiyada saxlanılması onun qeyri-qanuni biznes fəaliyyəti ilə əlaqəsi olduğuna işarə edir: “Ancaq maraqlıdır ki, bu fakt yalnız indi üzə çıxıb. Halbuki, bu məsələyə dair şübhələr daha əvvəl də səsləndirilmişdi”. Materialda vurğulanır ki, Paşinyana yaxın bir şəxsin cinayət əlaqələrinin ifşası əslində Moskvanın Ermənistan hakimiyyətinə verdiyi cavabdır. Belə ki, yaxın günlərdə rusiyalı biznesmen Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunaraq iki aylıq həbs edilib. Ona qarşı cinayət işi açılıb. Bu hadisə Karapetyanın Erməni Apostol Kilsəsinə dəstəyini ifadə etməsindən sonra baş verib. Eyni zamanda, baş nazir Paşinyan Karapetyana məxsus olan “Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi planlarını açıqlayıb. Bütün bu proseslər Kremlin narazılığına səbəb olub. Bu fonad Paşinyanın adamı ilə bağlı məsələ artıq Ermənistan baş nazirinə xəbərdarlıq hesab olunur. Düzdür, Ermənistan parlamentinin mətbuat katibi Anna Mkrtçyan Rusiya mətbuatının “Alrosa” şirkətindən almazların oğurlanması və deputatla əlaqəli şirkətə çatdırılması ilə bağlı yayılan məlumatları təkzib edib: “Rusiya mətbuatı “Alrosa”dan brilyant oğurlayan və guya onları Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyanın şirkətinə təhvil verən qrupun Rusiyada həbs edildiyi barədə dezinformasiya yayıb. Nəzərinizə çatdırım ki, bu, növbəti saxta xəbərdir, bunun reallıqla heç bir əlaqəsi yoxdur və bu, Xaçatur Sukiasyanbarəsində tamamilə uydurulmuş məlumatdır. Hətta iddialar səslənir ki, Sukiasyan “Ermənistanın Elektrik Şəbəkələri” QSC-ni sonradan türklərə satmaq niyyətindədir və məncə, belə xəbərlər daha çox olacaq, bir daha təkrar edirəm, bu xəbər dezinformasiyadır”.

Tahir TAĞIYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr