AZ

SENSASİYA: Alimlər bir qadında yeni qan qrupu aşkarladılar

Fransız həkimləri Yer üzündə ən nadir qan qrupunu aşkarladıqlarını elan ediblər. Yeni tapılmış bu qan qrupu hələlik yalnız bir insanda müəyyən edilib. 

Bizim.Media xəbər verir ki,  bu barədə informasiyanı Agence France-Presse (AFP) Fransa Qan Xidmətinə istinadən yayıb.

Məlumata görə, Parisdə yaşayan, ancaq Qvadelupa adasından olan bir qadının üzərində 2011-ci ildə keçirilən planlı tibbi yoxlama zamanı, mövcud qan qruplarına uyğun gəlməyən qeyri-adi bir antitel aşkar edilib.

Lakin bu qan qrupunun müstəqil genetik mutasiya nəticəsində yarandığı yalnız on ildən sonra, yüksək dəqiqlikli DNK analizlərinin inkişafı ilə sübuta yetirilib. Aşkarlanma prosesi uzun illər davam edib və nəticə olaraq 2025-ci ilin iyununda Milanda keçirilən Beynəlxalq Qan Transfuziyası Cəmiyyətinin (ISBT) konfransında rəsmi şəkildə tanınıb.

Yeni qan qrupu “Gwada mənfi” (yəni Gwada negative) adlandırılıb və bu, 48-ci rəsmi qan qrupu sistemi kimi təsdiq edilib. “Gwada” — xəstənin vətəni olan Qvadelupaya istinaddır və adın beynəlxalq səslənmədə rahatlığı üçün seçilib.

Fransız bioloqu Tyerri Peyraard bildirir ki, “O, hazırda yalnız özü ilə uyğun gələn tək insandır.” Yəni ona qan köçürülməsi yalnız öz qanı ilə mümkündür.

Bu qadın nadir qan qrupunu valideynlərindən miras alıb. Onların hər ikisində eyni genetik mutasiyanın bir nüsxəsi olub və bu mutasiyalar birləşərək qadında tam şəkildə özünü göstərib. Əgər yalnız bir nüsxə olsaydı, bu nadir xüsusiyyət ortaya çıxmazdı.

Qan qrupu insan eritrositlərinin (qırmızı qan hüceyrələrinin) səthində yerləşən xüsusi antigenlərlə müəyyən olunur. Bu antigenlər qan köçürülməsi zamanı uyğunluğa ciddi təsir edir. Ən məşhur sistemlərdən biri ABO sistemi olsa da, son illər genetik tədqiqatlar nəticəsində daha mürəkkəb və nadir qan qrupları üzə çıxarılır.

Yeni qan qrupunun aşkarlanması yalnız nəzəri deyil, həm də praktiki əhəmiyyət daşıyır. Bu, nadir qan qruplarına malik xəstələr üçün diaqnostika və müalicəni daha təhlükəsiz və effektiv etməyə imkan verir.

Fransa Qan Xidməti qeyd edir: “Yeni qan qruplarının aşkarlanması bizə nadir tipə malik pasiyentlərə daha keyfiyyətli və təhlükəsiz tibbi xidmət göstərməyə imkan yaradır.”

Hazırda alimlərin qarşısında duran əsas məqsəd bu qan qrupuna malik başqa insanları tapmaqdır, lakin hələlik “Gwada mənfi” qrupuna malik yeganə şəxs həmin qadındır.


Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr