AZ

Rusiyaya məxsus "Boykiy" adlı korvet saxta identifikasiya siqnalı ötürərək, Rusiya "kölgə donanması"na daxil olan iki neft tankerinə müşayiətçilik edib. Analitiklər bu addımı Moskva tərəfindən çox qeyri-adi hesab edirlər...

Poliqon xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşrinin məlumatına görə, idarəolunan raketlərlə və pulemyotlarla silahlanmış "Boykiy" korveti La-Manş boğazından keçərkən saxta identifikasiya siqnalı göndərib.

Bu, cari ildə Rusiyaya məxsus hərbi gəminin Böyük Britaniya sularına daxil olduğu ilk hal deyil. Mart ayında da bu gəminin La-Manş və Şimal dənizi boyunca hərəkəti izlənmişdi.

Bu dəfə korvet "Sierra" və "Naxos" adlı iki neft tankeri ilə birlikdə hərəkət edib. Hər iki tanker Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"na daxildir.

Nəşr qeyd edir ki, hərbi gəmidən bu məqsədlə istifadə olunması Moskvanın Böyük Britaniya və digər NATO ölkələrinə siqnal ötürmək və "kölgə donanması"na məxsus gəmilərin ələ keçirilməsinin qarşısını almaq cəhdi kimi dəyərləndirilə bilər. Qeyd olunur ki, Londonun Ukraynaya hərbi müdaxilədən sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan bəri La-Manş boğazından keçən rus tankerlərinin sayı təxminən ikiqat artıb.

"The Telegraph" "BBC Verify"ə istinadla bildirir ki, "Boykiy" korveti bu ayın əvvəlində Qvineyanın paytaxtı Konakrini tərk edərkən izləmə sistemlərini aktiv etməyib.

Gəmi dənizdə təhlükəsiz keçidi təmin etmək üçün digər dənizçilərə və sahil mühafizəsinə mövqeyini və marşrutunu bildirməyə xidmət edən avtomatik identifikasiya sistemi (AIS) vasitəsilə siqnal ötürməyib.

Əvəzində korvet ümumi 400000000 identifikasiya nömrəsi ilə hərəkət edib və nəticədə izləmə saytlarında səhvən başqa gəmilər kimi göstərilib.

"BBC Verify" peyk görüntüləri, izləmə məlumatları və videolardan istifadə edərək gəminin kimliyini təsdiqləyib və onun 20 iyun tarixində La-Manş boğazının girişində iki "kölgə" tankerilə birləşməzdən əvvəl Kanar adaları yaxınlığından keçdiyini müəyyənləşdirib.

Belçika donanmasının keçmiş zabiti və analitik Frederik Van Lokeren bildirib ki, rus hərbi gəmisinin maskalanması nadir haldır:

"Əgər ruslar görünməmək istəyirlərsə, adətən AIS siqnallarını sadəcə söndürürlər. Ona görə də bu cür gizlənmək üsulu – yəni başqa gəmi kimi davranmaq – çox, çox qeyri-adi haldır".

Rusiyanın "kölgə donanması" nədir?

"Kölgə donanması" anlayışı, Rusiya tərəfindən neft, neft məhsulları və maye təbii qazın Qərb sanksiyalarını dolanaraq daşınmasında istifadə edilən gəmilərə aid edilir.

Analitiklərin fikrincə, Rusiyanın bu məqsədlə istifadə etdiyi kölgə donanmasının tərkibində 600-dən 1000-ə qədər gəmi ola bilər.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr