AZ

Ermənistan narahatdır

Qərbi azərbaycanlıların hüquqlarının bərpasına beynəlxalq müstəvidə dəstək...

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması onların fundamental hüququdur. Bu məsələ dövlətimiz tərəfindən müxtəlif beynəlxalq platformalarda daim  gündəmə gətirilir. İyunun 22-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul olunması da bu baxımdan böyük uğurdur. Belə ki, İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır.

Qeyd edilən qətnamə ilə yanaşı, “İstanbul Bəyannaməsi”ndə də Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanır, Ermənistan tərəfinə sülh müqaviləsinin imzalanmasının qarşısında duran siyasi və hüquqi çağırışların aradan qaldırılması ilə bağlı çağırış edilir. Sənəddə, o cümlədən indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Ermənistan XİN-in absurd bəyanatı...

İƏT-in qəbul etdiyi bu sənədlər Ermənistanda təşvişə səbəb olub. Bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan aydın görünür ki, tarixi həqiqətlərin təşviqi, o cümlədən Qərbi azərbaycanlıların hüquqlarının bərpasına  beynəlxalq müstəvidə daha güclü dəstək verilməsi rəsmi İrəvanı ciddi narahat edir. Belə ki, Ermənistan XİN İƏT tərəfindən belə bir qətnamənin qəbul olunmasından “dərin məyusluq hissi keçirdiyini” bildirib. Ermənistan XİN-in bəyanatında Xocalı soyqırımı, mədəni dəyərlər haqqında faktlar da təhrif olunur. Rəsmi İrəvan nə qədər absurd olsa da, hətta qətnamələrə qoşulmuş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətləri “Ermənistanın ərazi bütövlüyü və suverenliyini hədəfləyən, Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinə xələl gətirən qərəzli təşəbbüslərə yenidən baxmağa və qətiyyətlə imtina etməyə” çağırıb.

Rəsmi Bakı: Bu, Qərbi azərbaycanlıların hüquqlarının bərpasına çağırışdır...

Azərbaycanın Xarici İşlər Nazirliyi isə erməni tərəfinin iyunun 23-də verdiyi əsassız bəyanatı qətiyyətlə rədd edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistanın bu sənədlərin məzmununu təhrif etmək və tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha bir nümunəsidir. Onun sözlərinə görə, İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən “indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquqa, ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi “ərazi iddiası” deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.

A.Hacızadə qeyd edib ki, təxminən 30 il ərzində Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlayan və 700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salan Ermənistanın Azərbaycanın 2023-cü ildə ərazi suverenliyinin bərpası istiqamətində həyata keçirdiyi antiterror tədbirlərinə dair irəli sürdüyü iddialar da eyni dərəcədə əsassızdır. İƏT-in Xocalı soyqırımı ilə bağlı Ermənistanın “təhrif olunmuş şərh” kimi rədd etdiyi qətnaməsi 1992-ci ilin fevralında Xocalıda qadın və uşaqlar daxil olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi qəddarlıq barədə danılmaz həqiqəti bir daha təsdiq edir. İnsanlıq əleyhinə bu cinayət beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib və bir çox ölkələr tərəfindən tanınıb. Ermənistanın bu və digər hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır.

“Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir. Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub. İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür. Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq”, - deyə XİN rəsmisi vurğulayıb.

İcma: “Kompensasiya” ilə bağlı Ermənistan heç bir sübut ortaya qoymayıb

Qərbi Azərbaycan İcması da Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını sərt şəkildə qınayıb. Məsələ ilə bağlı İcmadan verilən məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi sözügedən bəyanatında Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edir: “Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir. Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Sonuncu deportasiya dalğasında azərbaycanlıların əksər hissəsinin - 300 minə yaxın insanın 1988-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəlində cəmi bir həftə ərzində öz evlərini tərk edib Azərbaycana qaçmağa məcbur qalmaları, bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi bu köçün zorakı deportasiya olmasını sübut edir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir. Qayıdış hüququndan imtina müqabilində “kompensasiya” ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortaya qoymayıb”.

Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı İcma bəyan edib ki, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i, 700-ə yaxın məzarlıq isə yer üzündən silinib. Qeyd olunub ki, Ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıq niyyətində olmadığını göstərir. Ermənistanın hazırkı hökuməti Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlki hökumətlərin siyasətlərini davam etdirir.

Qərbi Azərbaycan İcması bir daha bəyan edib ki, haqq-ədalətin öz yerini tutması, öz ata-baba yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlıların öz evlərinə qayıtması, dağıdılmış mədəni irsin bərpası və insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcək. İcma beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinə destruktiv siyasətindən əl çəkməsi üçün təzyiq göstərməyə, bütün dövlətləri, beynəlxalq təşkilatları Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 23-də verdiyi sözügedən bəyanatını bu dövlətin irqi ayrı-seçkilik siyasətini sübut edən dəlil kimi pisləməyə çağırıb.

Nardar BAYRAMLI

Seçilən
10
49
yeniazerbaycan.com

10Mənbələr