AZ

Dollar gücünü itirir: Yerinə gələn sistemlər...

VTB Bankının prezidenti Andrey Kostin Rusiyanın sanksiyalara artıq alışdığını bildirərək, mövcud maliyyə sisteminin əvəzinə yeni modellərin hazırlanmasının vacibliyini vurğulayıb. O, rəqəmsal valyutalar və yerli valyutalarla ödəniş sistemlərinə diqqət çəkərək Türkiyə ilə ticarətdə yaşanan ödəniş problemlərinə də toxunub.

News24.az bildirir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Kostin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların hüquqi əsasdan məhrum olduğunu bildirib.

O, Donald Tramp dövründə sanksiya siyasətində müəyyən bir fasilə yaşandığını, lakin uzunmüddətli perspektivdə sanksiyaların davam edəcəyini gözlədiklərini vurğulayıb.

Kostin VTB Bankının 2024-cü ildə təxminən 500 milyard rubl qazanc əldə etdiyini qeyd edib. Amma inflyasiya və yüksək faiz dərəcələrinin iqtisadiyyata mənfi təsir göstərdiyini də əlavə edib.

Kostin bildirib ki, Avropa sanksiyaları davam etsə də, ABŞ-ın siyasətində ola biləcək dəyişikliklər, Türkiyə ilə münasibətləri təsirləndirə bilər. Rus banklarına tətbiq olunan sanksiyalar fonunda BRICS ölkələri ilə birgə alternativ maliyyə sistemlərinin qurulması müzakirə olunur. Kostin bu sahədə hələ konkret irəliləyişlərin əldə olunmadığını bildirib.

O vurğulayıb ki, Qərbin maliyyə sistemləri silah kimi istifadə olunur və rəqəmsal texnologiyalar vasitəsilə bu müdaxilələrə qarşı daha dayanıqlı sistemlər qurmaq mümkündür.

Kostin bildirib ki, ABŞ-ın siyasəti dollara zərər verir, Çin isə artıq ABŞ istiqrazlarından çıxmağa başlayıb.

“Dolların bir neçə il ərzində ciddi güc itirəcəyini gözləyirik. Ona görə də milli valyutalarla ödəniş sistemlərinə keçməliyik.”

O, rəqəmsal valyutaların və blokçeyn texnologiyalarının gələcək maliyyə infrastrukturunu formalaşdıracağını bildirib. Rəqəmsal rubl da gündəmdədir.

Kostin vurğulayıb ki, qızıla qlobal maraq artır, çünki dollar siyasi təzyiq alətinə çevrilib.

“Alternativ sistemlərə keçid artıq seçim deyil, zərurətdir. Dolların yeganə hegemon olduğu dövr sona yaxınlaşır.”

Aqil


Seçilən
3
1
news24.az

2Mənbələr